Bugünkü müxalifət gündəmdə qalmaq, ən azı mətbuatın diqqətini özünə cəlb etmək üçün müxtəlif vasitə və üsullardan istifadə edir. Bəzən elə olur ki, xaricdəki himayədarlarının böyük dəstəyi ilə gündəmdə qalmağın texnologiyasını işləyib hazırlayırlar. Amma reallıq ondan ibarətdir ki, müxalifət cəmiyyət tərəfindən qəbul edilmədiyindən, texnologiyanın həyata keçirilməsində ciddi problemlər yaranır. Bunu müxalifətin ideoloqlarından hesab olunan Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərləri başa düşsələr də, özlərini bilməzliyə vururlar. Yəni özlərini lal və kar kimi göstərməyə çalışırlar.
"Əhrar", yoxsa "Milli Şura"?
Diqqətçəkən məqamlardan biri də odur ki, müxalifət cəmiyyətə keçmişi qoruyub-saxlayıb inkişaf etdirən məxluqlardan olduqlarını göstərməyə cəhdlər göstərirlər. Bunun üçün XX əsrin əvvəllərindən mövcud olmuş siyasi təşkilatları bu gün mənimsəməklə siyasi uğur əldə etməyə ümid bəsləyirlər. Deyək ki, Vaqif Hacıbəyli adlı birisi "Əhrar" partiyasını, İsa Qəmbər Müsavat partiyasını, onlardan bir qədər əvvəl isə Rauf Arifoğlu "Şimali Demokratik" partiyalarını, 2013-cü il prezident seçkiləri ərəfəsi isə Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə "Milli Şura" adlı qurum yaratdıqlarını bəyan etmişdilər. Amma reallıq ondan ibarətdir ki, V.Hacıbəylinin "Əhrar" və R.Arifoğlunun "Şimali Demokratik" partiyaları özlərini doğrulda bilmədiklərindən gündəmə çıxarılmadan tarixin arxivinə qovuşmalı oldular. Hazırkı mərhələdə formal da olsa, fəaliyyət göstərdiyi iddia edilən "Milli Şura" və Müsavat partiyası yalnız maddi maraqları təmin etmək üçün hələ də buraxılmayıb. Amma proseslərin inkişafı onu deməyə əsas verir ki, Arif Hacılının başqan seçilməsindən sonra Müsavatın parçalanması fonunda "Milli Şura"nın da dağılacağı şübhəsizdir. Ən azı ona görə ki, bu qurumlara inam daxildə belə mövcud deyil.
Rəsul Quliyev: "Milli Şura"nın dağılmasının səbəbi lazımsız məsələlərin səhərdən-axşama qədər müzakirə edilməsi olub"
"Milli Şura"nın fəaliyyətini tənqid edənlərin sayı kifayət qədər çox olub. Demək olar ki, bu tənqidlərin hər birinin ciddi əsasları olub desək, səhv etmərik. "ACP"-nin keçmiş sədri Rəsul Quliyevin "Milli Şura" ilə bağlı söylədikləri daha real olduğunu demək olar. Bu, heç də o demək deyil ki, R.Quliyev ağıllı və ya uzaqgörəndir. Sadəcə, hər kəsin bildiyini bu məxluq da açıq şəkildə ifadə edib. Nə isə, R.Quliyevin dediyinə görə, "Milli Şura"nın dağılmasının başlıca səbəbi bu qurumda daha çox boşboğaz və iddialı şəxslərin təmsil olunması olub: "Rüstəm İbrahimbəyov düz-əməlli kino çəkə bilmədiyi halda, "Milli Şura" sədrliyinə gətirilməsi Azərbaycan müxalifətinin ən kobud səhvlərindən idi. "Milli Şura"nın dağılmasının səbəbi lazımsız məsələlərin səhərdən-axşama qədər müzakirə edilməsi olub".
R.Quliyev onu da bildirib ki, "Milli Şura"nın uğur qazana bilməyəcəyini o, əvvəlcədən proqnozlaşdırmışdı. Belə bir qurumun, xüsusilə Azərbaycanda işləyən qurum ola bilməyəcəyini gərək hər bir şəxs anlayardı. 10-15 nəfərdən ibarət idarə heyəti və ya buna bənzər orqanın yaradılması təşəbbüsü taran edirdi, şəxsi və qrup maraqları üstünlük təşkil etdiyi "Milli Şura"dan seçki ilə əlaqədar heç bir ciddi müzakirə aparılmadı, ancaq iyunun axırında, nəhayət ABŞ konqresmenlərinin xahişi ilə vahid namizəd seçildi.
İ.ƏLİYEV