SİYASİ RAKURS
Parlament seçkilərində təkbaşına iştirak edəcəyini müəyyənləşdirmiş Müsavat partiyasının rəhbərliyi, əslində seçkilərdə iştirak edərək, qələbə qazanacağına elə də ümid bəsləmir. Çünki partiyanın 11 ay öncə keçirilmiş qurultayından sonra təşkilatxadili qarşıdurmaların yaşanması, qruplaşmalara bölünmə, parçalanma və qopmalar da belə deməyə əsas verir ki, uzun müddət müsavatçılıq ideologiyası altında fəaliyyət göstərmiş tanınmış şəxslərin bir qurumu tərk etməsi artıq yuxarıda qeyd ediln iddianın boğazdan yuxarı deyildiyini təsdiq edir.Mətbuata müsahibə verən Müsavat partiyasının başqanı Arif Hacılının həmin müsahibəsində irəli sürdüyü fikirləri də belə deməyə əsas verir ki, əslində o, bir mövzuya gah bir, gah da digər formada fikirlər bildirməklə çətin vəziyyətdə qaldığını eturaf etmiş olur. Yəni o öz sözlərini elə öz sözləri ilə də "vurmaqla" məşğuldur.Sadə bir misal gətirək. Müsavat partiyasının payız seçkilərində təkbaşına iştirak etməsi ilə bağlı dediyi fikirlərində Arif Hacılı bir müddət öncə ona blok təklifləri gəldiyini bildirir. Daha dəqiq desək, müxaifətdə mövcud olan müxalifət partiyalarının ciddi olmadığını iddia edən Hacılı onlarla birgə eyni blokda təmsil olunmağın müvafiq olmadığını deyir: "Təəssüflə qeyd etmək istəyirəm ki, hazırda olan siyasi şəraitdə ciddi siyasi blokların yaranması ehtimalı azdır. Çox böyük ehtimalla Müsavat partiyası seçkilərdə təkbaşına iştirak edəcək."Lakin onun digər fikirndə isə özü tərəfindən bildirilir ki, blokda iştirakla bağlı hansısa bayram tədbiri zamanı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ona buna bənzər(?-R.R.) fikirlər deyib. Ancaq bunları danışıqlar, müzakirələr adlandırmaq düzgün olmaz: "Müxtəlif istiqamətlərdən müxtəlif təkliflər olub. Bu təklifləri müzakirə etmişik. Biz siyasi partiyaların seçkilərdə blok şəklində iştirakının tərəfdarıyıq. Lakin yalnız Müsavat partiyasının ümumi ideoloji siyasi xəttinə uyğun fəaliyyət göstərən, Müsavat partiyasının tarixi və bugünkü nüfuzuna xələl gətirməyəcək siyasi qüvvələrlə birliyimiz mümkündür. Təəssüflə qeyd etmək istəyirəm ki, hazırda olan siyasi şəraitdə ciddi siyasi blokların yaranması ehtimalı azdır. Çox böyük ehtimalla Müsavat partiyası seçkilərdə təkbaşına iştirak edəcək."Beləliklə, Arif Hacılıya sual etmək gərəkdir ki, əgər ADP, yaxud da "Ümid", eləcə də digər partiyaların öz kurslarının olduğunu bilirsinizsə, nəyə görə ortaya "müsavatçılıq ideologiyası" deyilən termini ortaya atırsınız? Axı yaxşı bilirsiniz ki, nə ADP, nə də ki, siyasi bloklarda iştirak təklifi edən başqa müxalifət partiyaları birdən-birə durub öz siyasi xətlərini dəyişməyəcək, müsavatçılıq ideologiyasını isə rədd edəcəklər. Demək, belə anlaşılır ki, Arif Hacılı bunu yaxı bildiyi halda, mövzudan ya yayınmağa çalışır, ya da daha öncə "bloklara qoşularaq seçkilərdə iştirak etmək istərdik" ifadələrini elə öz sözləriylə də "vurmuş" olur.Digər bir amilə diqqət yetirək. Arif Hacılı iddia edir ki, Müsavatın seçkilərə qatılacaq namizədləri müsavatçı olmayan namizədlərdən çox səs toplayacaq. Onda növbəti sual yaranır: Arif Hacılı hansı görücülük, falçılıq, ya da magiyaçılıq qabiliyyətinə malikdir ki, indi də "uzaqgörənlik" göstərərək, özündən 100 fazilik proqnoz verir? Bir də ki, bəlli olan daha bir məsələ uzun illər Müsavatda fəaliyyət göstərən sabiq müsavatçıların artıq müstəqil şəkildə seçkilərə qatılmaq iddialarıdır. Hacılı bununla bağlı deyib: "Tam əminəm ki, istənilən halda Müsavat partiyasının nümayəndələri Müsavatın nümayəndəsi olmayan-keçmiş müsavatçı olub-olmasından asılı olmayaraq-namizədlərdən daha çox səs alacaq. Siz bunun şahidi olacaqsınız…Hər kəs şahid olacaq ki, Müsavat partiyasının əksər namizədləri, digər namizədlərdən daha ciddi seçki kampaniyası aparacaq və daha çox səs toplayacaq."Daha bir faktor: Tutaq ki, keçmiş tanınmış müsavatçı, hazırda Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri olan Qubad İbadoğlu seçkilərdə məhz Arif Hacılı ilə rəqib oldu. Etiraf etməliyik ki, bu gün müxalifətdə Qubad İbadoğıunun çəkisi Arif Hacılıdan daha ağır gəlir. Bu baxımdan, İbadoğlunun Hacılıdan daha çox səs toplayacağını ehtimal etmək mümkündür. Biz bunu daha rahat misal ilə anladaq. Məsələn, təkcə Müsavatın qurultayı zamanı Qubad İbadoğlu səs çoxluğu ilə Arif Hacılını üstələmişdi. Sadəcə, sabiq başqan İsa Qəmbərin və Hacılı komandasının saxtakarlıqları sayəsində o, saxta başqan seçkilərinin qalibi ola bildi. Ancaq nəzərə alsaq ki, parlament seçkilərində Hacılının komandası Müsavatın qurultayında saxtakarlıq etmək imkanında olmayacaq, seçkilər isə hər zamankı kimi demokratik və şəffaf keçiriləcək, bu zaman Qubad İbadoğlunun Arif Hacılıdan daha artıq səs qazanacağını proqnozlaşdırmaq olar. Niyəsini də deyə bilərik. Çünki Qubad İbadoğlu məhz Müsavat sıralarında olarkən, Hacılıdan daha çox yüksək imic toplamağa nail olub. Ona görə də Müsavat başqanı "qeyri-müsavatçı" dediyi şəxslər arasında Qubad İbadoğlunun da ola biləcəyini bilməli və onun müsavatçı olmamasına rəğmən üstün olacağını etiraf etməlidir. Yəni Arif Hacılının yuxarıda qeyd edilmiş həmin ifadələrində də sözlər bir-birinin üstünə düşmür.Biz bu siyahıya Hüseyn Məliki, Səxavət Əlisoyu, həmçinin, hələ də Müsavat sıralarında qalmasına rəğmən, seçki bloku yaratmış Tural Abbaslını da əlavə edə bilə, sıralamanı daha da genişləndirə bilərik. Bütün bunlar isə Arif Hacılının seçkilərə inamla getməməsini açıq şəkildə sübuta yetirir. Belə olmasa idi, o öz sözləri ilə özü-özünü çətin vəziyyətə salmazdı.
Rövşən RƏSULOV