Erməni xalqı parlament idarəetməsinə qarşıdır
Dekabrın 6-da Ermənistanda keçirilən referendumdan sonra ölkədə vəziyyət daha kəskin hal alıb. Belə ki, əhali konstitusiya dəyişikliklərinə qarşı çıxaraq, oturaq aksiyaları davam etdirməyə başlayıblar.
Ermənistanının etirazçı təşkilatları "Öldü var, döndü yox!" şüarı ilə geri çəkilməyəcəklərini bildirirlər
"SƏS" qəzetinin erməni mətbuatına istinadən aldığı məlumata görə, Yerevanda oturaq aksiyalar keçirən 20-dən çox etirazçı təşkilatlar "Talana yox!", "Ayağa qalx, Ermənistan" yeni yaranan "Sənə inanmırıq, Serj!", "Sarkisyan Ermənistanı cəhənnəmə döndərib" kimi şüarlarla aksiyalar keçirirlər. Konstitusiya islahatlarına qarşı çıxan "Müəssisələr parlamenti"nin üzvü Varujan Avetisyan yeni konstitusiya referendumunun ölkədə vəziyyətin daha ağır olmasına imkan yaradacağını bildirib: "Artıq bu gündən ölkədə vəziyyətin necə olacağının izah etməyə ehtiyac yoxdur. Onsuz da ağır durumda olan erməni xalqının səbir kasası dolub. Aksiya iştirakçıları ölümlərini gözlərinin qarşısına alıblar: "ölüm-olum" dilemması qarşısında qalan insanlar bu dəfə hər çətinliyə dözəcəklər. Sarkisyan bu hadisələrin məsuliyyətini təkbaşına daşıya biləcəkmi?"
Etiraz aksiyasında "İrs" partiyasının nümayəndəsi Raffi Ovannisyan, Zarui Postancyan, habelə "Erməni Milli Konqresi"ndən (EMK) Levon Zurabyan və Aram Manukyan, Ermənistan Xalq Partiyası və "Təsis parlamenti"nin tərəfdarları iştirak ediblər. "Azadlıq" meydanında keçirilən mitinqin üzvlərindən biri "İrs" partiyasının lideri Raffi Ovannisyan keçirilən referendumu dövlətə xəyanət adlandıraraq vurğulayıb ki, prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyan baş verənlərdən sonra istefaya getməli və minlərlə ermənini bu cinayətin iştirakçısına çevirən digər vəzifəli şəxslərlə birlikdə məsuliyyətə cəlb olunmalıdırlar. O, hüquq-mühafizə orqanlarına müraciət edərək referendumun nəticələrini saxtalaşdıran vəzifəli şəxslərin siyahısını istəyib.
Ermənistanda keçirilən referendumun nəticələrini şərh edən politoloq Natiq Mirinin sözlərinə görə, Sarkisyanın niyyəti heç də Ermənistanda demokratiya qurmaq deyil: "Bunun arxasında konkret başqa siyasi niyyətlər də ola bilər. Bilirsiniz ki, artıq Sarkisyanın ikinci dönəm prezidentlik müddəti başa çatır. Ola bilsin ki, Sarkisyan parlamentli respublika yolu ilə hakimiyyətdə qalma müddətini artırmaq istəyir. Çünki bundan sonra artıq parlamentdə ən çox səs alan siyasi qüvvə hökumət yaradacaq. Hökumət formalaşarsa, Sarkisyanın baş nazir olma ehtimalı böyükdür. Görünür, siyasi hakimiyyət ömrünü uzatmaq məqsədilə belə addım atır".
Ekspertin sözlərinə görə, bu məsələdə Sarkisyan bir neçə siyasi faktorları da nəzərə alıb: "2014-cü ildə Avropa İttifaqı ilə Assosiativ saziş imzalamaq ərəfəsində Rusiyanın çox ciddi sosial-iqtisadi və hərbi təzyiqləri nəticəsində Yerevan son anda bu müqaviləni imzalamaqdan vaz keçdi. Daha doğrusu, Ermənistanı buna vadar etdilər. Sarkisyan məsuliyyəti öz üzərinə götürərək Ermənistanın "Avrasiya" İqtisadi Birliyinə qatılmasına dair sənədə imza atdı. Bundan başqa, artıq Dağlıq Qarabağ problemi ilə bağlı status-kvo da dəyişməlidir. Bütün dünya gücləri də bunu etiraf edir və bu yöndə Ermənistana təzyiqlər də mövcuddur. Gələcəkdə Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun boşaldılması məsələsi də aktuladır və real görünür. Sarkisyan bu hadisələrin məsuliyyətini təkbaşına daşımaq istəmir. Bu məsuliyyətdən qaçmaq üçün özünə siyasi imkanlar yaradır".
"Sarkisyan müstəqil ölkənin prezidenti olmadığı kimi, müstəqil siyasət də yürütmək bacarığında deyil"
Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq Əlaqələr Komissiyasının katibi, millət vəkili, politoloq Elman Nəsirli bildirib ki, Ermənistanda konstitusiya islahatının mahiyyəti, əslində Sarkisyan rejimini qoruyub saxlamasına hesablanıb: "Sarkisyan rejimi konstitusiyada dəyişiklik etmək bəhanəsi ilə ölkənin bütün güc strukturlarına öz adamlarını gətirmək niyyətindədir. Çünki Sarkisyan müstəqil ölkənin prezidenti olmadığı kimi, müstəqil siyasət də yürütmək bacarığında deyil. Məlum olduğu kimi, Ermənistan siyasi sistem baxımından prezidentli respublikadır və Ermənistan prezidenti Sarkisyan öz hakimiyyətini qoruyub-saxlamaq üçün dekabrın 6-da referendum keçirməklə ölkəni konstitusiya islahatı vasitəsilə parlamentli respublikaya çevirmək istəyir. Bildiyyiniz kimi, Sarkisyan bəyan edirdi ki, parlamentli respublikada nə prezident, nə də baş nazir olmaq fikri yoxdur. Amma erməni siyasətçiləri qeyd edirlər ki, Sarkisyan spiker olub-olmayacağı haqqında heç nə demir. Parlamentli respublikada spikerin çox geniş səlahiyyətlərinin olması haqqında artıq müəyyən fikirlər səsləndirilir, yəni konstitusiya layihəsində məsələ belə qoyulub. Sarkisyan azad və müstəqil bir dövlətin prezidenti deyil ki, sərbəst qərar qəbul etsin. Ona görə də, onun sözünə inanmaq olmaz, bu erməni müxalifətinin də mövqeyidir. Məhz bu baxımdan etirazçıların yeni yaratdığı təşkilat "Sənə inanmırıq, Serj!" adlanır. Referendum keçirilsə də, xalq və erməni müxalifəti bunu çox gözəl dərk etdiyindən, Ermənistanda etiraz dalğasının artıq getdikcə yeni mərhələsi formalaşmaqdadır. Bu mərhələni gücləndirən amillər sırasında Ermənistanda iqtisadi durumun daha da pisləşməsi və xüsusilə dramın kəskin şəkildə ucuzlaşması əsas təsir edən amillər sırasındadır".
Beləliklə, göründyü kimi, artıq Ermənistan hökuməti siyasi böhranın bir addımlığındadır.
A.SƏMƏDOVA