"Sülh və Demokratiya İnstitu"nun rəhbəri Leyla Yunusun Apellyasiya Məhkəmənin qərarı ilə azadlığa buraxılması bir sıra xarici təşkilatlar tərəfindən Azərbaycan hökumətinin müsbət və humanizm addımı kimi qiymətləndirilməkdədir. Belə ki, "SDİ" rəhbərinin məlum cinayət əməllərinə baxmayaraq, onun səhhətində yaranmış problemləri ilə bağlı məhkəmənin qəbul etdiyi bu qərar bir daha təsdiq edir ki, ölkəmizin dövlət idarəçiliyində bəzilərinin iddia etdiyi kimi "repressiya", yaxud da "avtoritarizm" amilləri ümumiyyətlə mövcud deyil. O cümlədən, demokratiya meyarları ən üstün mövqe kimi qiymətləndirilməkdədir.
Məsələn, L.Yunusun azadlığa buraxılması ilə bağlı ABŞ-ın ATƏT-dəki nümayəndəsi Chris Smith bildirib ki, o, bu humanist addımı alqışlayır.
AŞPA və ATƏT DTİHB: "Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayırıq"
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Ann Brassör isə öz Twitter səhifəsində yazıb ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link də Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını alqışlayır. Bu barədə qurumun saytında da məlumat yerləşdirilib. Məlumatda vurğulanır: "Leyla Yunusun bu gün azadlığa buraxılması müsbət və çox humanist jestdir. DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır".
Üzərlərində kifayət qədər ciddi cinayət əməlləri olan şəxslər Azərbaycandan fərqli olaraq, Avropa ölkələrinin məhkəmələri tərəfindən belə asanlıqla azadlığa buraxılırlarmı?
Avropa Şurasının Baş katibi Thorbyorn Yaqland isə, öz növbəsində bildirib ki, Leyla Yunusun azadlığa buraxılması onu yüngülləşdirib. Belə ki, "SDİ" rəhbəri indi sağlamlığının bərpasına başlaya bilər və s.
Lakin bu arada onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan hökuməti ilə konstruktiv danışıqlar aparmaq istəklərində olduqlarını bildirən avropalı tərəflər hazırda Azərbaycanda həbsdə olan digər "hüquq müdafiəçi"lərinin də azadlığa buraxılmalarını tələb edirlər. Daha dəqiq desək, L.Yunusun məhz humanizm prinsipləri əsasında azadlığa buraxılmasından sui-istifadə halına yol vermək, cinayət əməllərinə görə həbs olunmuş digər şəxslərin də azadlığa buraxılmalarını tələb etmək özü-özülüyünə bir sıra suallar doğurur. Məsələn, maraqlıdır ki, Avropa təşkilatlarını təmsil edən həmin şəxslər öz dövlətləri tərəfindən bu cür humanist addımın atılmasını sonuncu dəfə nə zaman görüblər? Yaxud üzərlərində kifayət qədər ciddi cinayət əməlləri olan şəxslər Azərbaycandan fərqli olaraq, Avropa ölkələrinin məhkəmələri tərəfindən belə asanlıqla azadlığa buraxılırlarmı? Yəqin ki, onlar bir az da bu kimi suallar ətrafında düşünməlidirlər!
Xarici mətbuat da bu xəbərə kifayət qədər yer ayırıb
Qeyd edək ki, L.Yunusun azadlığa buraxılmasını əks etdirən informasiyalar xarici mətbuat səhifələrində də kifayət qədər yer alıb. Məsələn, "The New York Times", "Daily Mail", "Reuters", "The Washington Post", "Voice of America", "Yahoo News", "Press TV", "Sacred Heart Spectrum", "France 24", "UNDP", "International Busness Times", "Deutsche Welle", "Die Welt", "Armtoday", "Panorama.am", "Ulrike-Lunacek.eu", "Global Post", "Kavkazskiy Uzel", "RİA Novosti", "Radio Svoboda", "Rosbalt", "OCCRP", "Tiroler Tageszeitung", "Taz.de", "Radio Free Europe" kimi informasiya mənbələri də Azərbacan hökumətinin atdığı bu humanist addımı işıqlandırıblar.
Nəşrlər yazır ki, Yunuslar məhkəmədən çıxandan sonra ailə üzvlərinin məzarını ziyarət edib, daha sonra evlərinə gediblər. Hətta Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunacek "Leylanın azad edilməsi bu günü bayrama çevirib" - deyə qeyd edib. Əslində, Azərbaycanla bağlı qərəz standartlarından çıxış etməyə alışıq olan Lunacekin Leyla Yunusun azadlığa buraxılmasını bayram etməsi anlaşılandır. Çünki erməni lobbisinin maraqlarını ona verilən təlimatlar, sifarişlər əsasında həyata keçirən Lunacek bu istiqamətdə iş birliyində olduğu L.Yunusun azadlığa buraxılmasına, əlbəttə ki, sevinməyə bilməz...
"Amnesty İnternational", "Human Rights Watch", "Human Rights House" kimi təşkilatlar hətta bu addımdan sonra belə öz həyasızlıq amplualarında qalmaqda davam edirlər
Beynəlxalq QHT-lər və hüquq-müdafiə təşkilatlarının isə bu məsələyə yanaşmaları, əslində sübut edir ki, onlar üçün əsas məsələ heç də humanizm aktları deyil. Məsələn, "Amnesty İnternational"ın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Denis Krivoşeyev bildirsə də ki, "Bu, Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində mühüm ümid mesajı göndərəcək düzgün istiqamətdə olan bir addımdır." "Human Rights Watch" və "Human Rights House" kimi təşkilatlar bir az irəliyə gedərək, əslində həyasızlıq amplualarında qaldıqlarını etiraf ediblər. "Azərbaycanın Leyla Yunusu azaddır" kimi vasitəylə onu zorla azərbaycanlı etməyə çalışan bu qurumlar qeyd edilən həyasızlıqlarını bu cür ifadə ediblər. Məsələn, "Human Rights Watch"dan olan Rachel Denber həyasızcasına bəyan edib ki, L.Yunus cinayət əməllərinə görə həbs edilməməliydi və onun həbsi ədalətsiz olubmuş (?!-R.R.). Üstəlik, erməni lobbisi və xüsusi xidmət orqanları ilə iş birliyində olan, o cümlədən, dövlətin təhlükəsizliyinə qarşı çıxan digər şəxslərin - İntiqam Əliyevin, Rəsul Cəfərovun, İlqar Məmmədovun, Xədicə İsmayılovanın, Anar Məmmədlinin, Tofiq Yaqublunun və Rauf Mirqədirovun da azadlığa buraxılması lazımıymış (??!!-R.R.). Sən demə Denber onlar haqqında o qədər çox düşünür ki, gecələr belə gözlərinə yuxu getmir. Biz bunu onun "Onlar barəsində düşünməməyi bacara bilmərəm. Onlar azadlığa buraxılmalıdırlar" tipli ifadələrindən müəyyənləşdirmişik. Denber kimi "Human Rights House" Şəbəkəsinin Şərqi Avropa və Qafqaz regionu üzrə rəhbəri Ane Tusvik Bonde də onun kimi gecələr fikirdən yata bilmirmiş. Çünki o da Leyla Yunusun azadlığa buraxılmasını xoş qarşılamaqla yanaşı, digərlərin də azad edilməsinə çağırış edib. Görünür, bunlar elə sanırlar ki, sözügedən humanizm aktı Qərbin Azərbaycana qarşı göstərdiyi "təzyiqlərin" nəticəsidir. Ancaq yanılırlar ki, Azərbaycanın ölkə rəhbərliyi kifayət qədər dolğun və izahlı şəkildə dəfələrlə bəyan edib ki, müstəqil dövlətimizlə heç bir xarici dairə təzyiq, təhdid dili ilə danışa bilməz. L.Yunusun isə azadlığa buraxılması sırf humanistlik addımıdır!
Siyasilər nə deyir, yaxud Azərbaycan dövlətinin kənar "tövsiyə" və "məsləhətlərə" ehtiyacı yoxdur!
ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby bəyanatında Leyla Yunusun azadlığa buraxılmasını alqışlayıb və "biz Azərbaycan hökuməti və xalqı ilə təhlükəsizlik, enerji, demokratiya və insan hüquqları olmaqla, bütün sahələrdə əlaqələri inkişaf etdirməyə çalışacağıq" deyə bildirib.
Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier isə Azərbaycan hökumətinin bu qərarını "mühüm humanitar addım" kimi qiymətləndiriblər. Avropa Genişləndirmə və Qonşuluq Siyasəti Komissarının sözçüsü Maja Kocijancic "Avropa İttifaqı inanır ki, daha da çox addımlar atılacaq. Biz Azərbaycan ilə münasibətlərimizi genişləndirməyə hazırıq".
Beləlkilə, görünən budur ki, L.Yunusun azadlığa buraxılması istiqamətində Azərbaycan hökumətinin atdığı addımda ikili yanaşmalara yol verən bir sıra Avropa və Qərb qurumları bu dəfə də öz köhnə ənənələrinə sadiq qalaraq, ölkəmizə "tövsiyələr" oxumaqda davam ediblər. Lakin onlar anlamalıdırlar ki, bu addım Azərbaycan dövlətinin siyasi iradəsinə mənsub olan bir addımdır və heç bir kənar "tövsiyə", yaxud da "məsləhətlərə" ehtiyac duyulmur. O cümlədən, əgər hər hansı bir insan ölkəmizin qanunlarını pozan, cinayətkarlığa, dövlətə qarşı xəyanətə yol verərsə, qanun qarşısında cavab verməli olacaq. Yaxşı olardı ki, "tövsiyə" və "məsləhət" verən tərəflər bu faktoru da öz diqqətlərində saxlasınlar.
Rövşən NURƏDDİNOĞLU