PDF Oxu

Müxalifət

  • 1 793

Sarkisyanın fəlakətli konstitutsiya dəyişiklikləri

image

Yaranmış vəziyyət ölkədə hakimiyyət dəyişikliyini aktuallaşdırır

Bəşər tarixi və siyasətin yaşanmış hadisələri göstərir ki, haqqını tələb edib hüquqlarını qorumağı bacaran toplunu - insanları uzun müddət kölə vəziyyətində saxlamaq olmur. Fəqət, köləliyə könüllü can atan insanları idarə etmək asandır. Yetər ki, onlara çörək və əyləncə verəsən. Hətta kölələr çörək qıtlığında da yaşayırlar. Amma dekabrın 6-da Ermənistanda ölkənin idarəetmə quruluşunu dəyişmək üçün keçirilən referendumdan sonra ölkədə vəziyyət daha kəskin hal alıb.

Sarkisyanın ikibaşlı oyunu: həm hakimiyyətdə ömrünü uzatmaq, həm də varidatını qorumaq!

Sarkisyan rejimi konstitusiyada dəyişiklik etmək bəhanəsi ilə ölkənin bütün güc strukturlarına öz adamlarını gətirməklə öz hakimiyyətini qoruyub saxlamaq, parlamentdə də saxta seçkilər vasitəsilə hakimiyyəti əldə saxlamaq niyyəti güdür. Məhz ölkədə mövcud olan bütün bu problemlərə laqeyd yanaşaraq, özünün şəxsi maliyyə imkanlarının artırılmasına xüsusi diqqət yetirir. Erməni saytı "168.am" internet saytının keçirdiyi sorğusuna əsasən, Ermənistanın keçmiş və hazırkı prezidentləri Robert Koçaryan və Serj Sarkisyan ölkənin ən zəngin adamlarıdır. Sorğuya əsasən, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın varidatı 10 milyarddan çox ABŞ dolları təşkil edir ki, bu da ölkənin dövlət büdcəsindən 3,2 dəfə çoxdur. Şübhə yoxdur ki, bu varidat hazırda aclıq və yoxsulluqdan əziyyət çəkən erməni xalqından oğurlanmış pullar hesabına əldə edilib.

Ermənistan hakimiyyətinin daxili siyasəti ölkədə ictimai fikrə təsir göstərə bilən yalan siyasi vədlər üzərində qurulub. Bu cür vədlər verməklə hakimiyyət Ermənistanın siyasi, iqtisadi, sosial, hərbi, təhsil, demoqrafik və digər sahələrində mövcud olan problemlərdən insanların diqqətini yayındırmaq və iqtidara qarşı mümkün etiraz aksiyalarının qarşısını almaq istəyir.

Bu gedişlə Ermənistanı hansı aqibət gözləyir?

Ermənistanda yaranmış gərginliyin iqtisadi aspektlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, ölkədə istehlak və ərzaq məhsullarının qiymətlərinin artması ilə yanaşı, erməni dramının dollara nisbətdə dəyərinin aşağı düşməsi Ermənistan iqtisadiyyatında inflyasiyanın artmasına gətirib çıxaracaq. Bu isə, öz növbəsində ölkədə mövcud olan siyasi böhranın sosial partlayışla müşayiət olunacağını istisna etmir.

Beləliklə, Ermənistanda yaranmış vəziyyət ölkədə hakimiyyət dəyişikliyini aktual edir və vəziyyətdən çıxış yolu hazırkı hakimiyyətə qarşı sonadək mübarizənin aparılması ola bilər. Yalnız bundan sonra ölkə siyasətində kardinal dəyişikliklər etmək, qonşu dövlətlərə qarşı iddialı və işğalçılıq siyasətinə son qoymaqla Ermənistanın gələcəyi haqqında düşünmək olar. Əks təqdirdə Ermənistanın dövlət kimi məhv olması prosesi sürətlənəcək.

Bir sözlə, Ermənistanda son 5-6 ayda baş verən mitinqlər, etirazlar bir daha göstərdi ki, əhali ilə iqtidar arasında yaranan uçurum dərinləşməkdədir. Əhalidə hakimiyyətə qarşı yaranan narazılığın günü-gündən artması isə Sarkisyan rejiminin daha da azğınlaşmasına yol açıb. Hətta bu qədər dözülməz iqtisadi durumun hökm sürdüyü zamanda əhaliyə satılan təbii qazın qiymətlərinin artırılması, enerji daşıyıcılarının qiymətlərini fantastik həddə çatdırması Sarkisyan hakimiyyətinin öz xalqına qarşı yürütdüyü siyasətin əsl mahiyyətini açır.

Ermənistandakı referendumun pərdəarxası məqamları

Erməni siyasətçisi Naira Ayrumyan "Lragir.am" saytında Ermənistanda baş verən son hadisələrlə bağlı bildirir ki, reallıqda Ermənistan 1988-ci ildən zorakılığın əsas məkanına çevrilib: "Zaman-zaman bu, kütləvi qırğınlarla nəticələnib. O sırada 1999-cu il oktyabrın 27-də erməni parlamentindəki terror xüsusi yer tutur. Bundan başqa, 2008-ci ilin fevral ayında keçirilən prezident seçkisindən sonra baş verən kütləvi iğtişaşları, 2012-ci il və 2014-cü illərdəki mitinqləri vurğulamaq olar. Erməni polisi bir neçə dəfə seçkilərdən sonra küçələrdə nümayişçiləri gülləbaran edib. Qonşu dövlətlərə münasibətdə isə Ermənistan terrorçu dövlət kimi davranıb. Təkcə Xocalını yada salmaq kifayətdir. Bu səbəbdən, erməni ekspertlərin zorakılıqla bağlı söylədikləri birtərəfli olsa da, bəzi maraqlı məqamları özündə əks etdirir. Aydındfr ki, Sarkisyan hakimiyyəti və cəmiyyəti demokratiyadan tam uzaqdır. Konstitusiyanın dəyişməsi ilə bağlı yaranmış vəziyyət bunu bir daha əyani sübut edir. Rəsmi yerevan ölkəni parlament idarəetmə üsuluna keçirməyi nəzərdə tutub. İlk baxışdan bu, normal prosesdir. Lakin Ermənistanın siyasi qüvvələri bir-birlərini yaxşı tanıyır, hansı xislətin sahibi olduqlarını bilirlər. Belə ki, müxalifət əmindir ki, konstitusiyadakı dəyişiklikdən Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası öz məqsədləri üçün istifadə edəcək".

Göründüyü kimi, rəsmi Yerevanın odla oynaması, təbii ki, ilk növbədə özü üçün təhlükəlidir. Gec-tez məlum olacaq ki, erməni xalqının əsl düşməni elə Ermənistan iqtidarıdır. Bu hakimiyyət cəmiyyətin rifahı üçün çalışmırsa və özünü qorumaq üçün risklərə gedirsə, bundan əziyyət çəkən sadə insanlar olur. Ermənistan cəmiyyəti xilas yolunu özü tapmalıdır.

A.SƏMƏDOVA

Digər xəbərlər