Fakt budur ki, Azərbaycanın ənənəvi müxalifəti illər boyu nəyə qadir olduğunu nümayiş etdirib və elə bu mənzərəyə, eyni zamanda, onların zaman-zaman yürütdüyü siyasətə əsaslanaraq, bundan sonra həmin qüvvələrin görə biləcəkləri işlərin də dairəsini təxmin etmək olar. Amma müxalifət liderlərinə qədər dərinə getsələr, bir o qədər özlərini batıracaqlar, necə ki, batıra-batıra, bata-bata getməkdə davam edirlər. Çünki onların xisləti, ambisiyası birlik anlayışının tam fövqündə durur. Bu insanlarda imtina və ümumi mənafedən çıxış etmə mədəniyyəti yoxdur. Mədəniyyəti olmayanların isə siyasətinin, ümumiyyətlə olmadığı dəfələrlə sübuta yetirilib.
Məhz belə olan vəziyyətdə müxalifət pərakəndəliyin aradan qaldırılması üçün kütləvi aksiyalar keçirməyi planlaşdırdığını deyir, amma bunların kütləvi olması üçün adam da yoxdur axı. Sual olunur, hansı kütlə və ya hansı kütləvilikdən söhbət gedir? Bir müddət öncə keçirmiş olduqları aksiyaların fiaskosunu, rəzalətini nə tez unutdular? Axı müxalifət qüvvələrinin bir tək təşkilatları deyil, həm də ideyaları, fikirləri, məramları da pərakəndədir. Yaxşı bəs bunu kim aradan qaldıracaq? Buyurub keçirsinlər aksiyalarını, ancaq bunu etməyə gücləri olmadığı halda gücü çənəyə verməyin də xeyri yoxdur hər halda.
Əslində, səs-küy vasitəsilə qabağa keçəcəyini düşünən müxalifətçilər nə qədər uzun yol qət etsələr, bir o qədər də öz ifşalarına yaxınlaşacaqlar. Müxalifət qüvvələrinə yaraşan da elə budur. Müxalifət öz abırına hakim olmasa da, Azərbaycan qanunları öz göstərişlərinə hakimdir və əsla hansısa siyasi qüvvə üçün xüsusi ayrıcalıqlar tətbiq etməyib. Hər bir siyasi qüvvənin mövcudluğuna da, fəaliyyətinə də bərabər təminatlar yaradıb. Bundan sonra da həmin rentabelliyi qoruyub saxlayacaq. Amma haqqında danışdığımız müxalifət seçkiqabağı hansı oyunları çıxardıb, həmin qanunlar üzərində hansı təhrifləri etməyə çalışacaq- bax, bu, artıq tam başqa bir söhbətin mövzusudur.
Daha bir məsələ isə "mənəm-mənəm" deyən müxalifətin arxasında hansısa xarici maraqlı qüvvələr və beynəlxalq təşkilatların dayanmasıdır.
Belə bir dəstəkçiyə nail olmaq cəhdi müxalif funksionerlər tərəfindən ola bilər. Bir vaxtlar mitinqlərdə narıncı köynəklər geyinilirdi, xarici dövlətlərin bayraqları dalğalandırılırdı, bir başqa ölkənin prezidentinin portreti qaldırılırdı. Və inanın, bu, elə-belə jestlər deyildi. Daha dəqiqi dünyaya və inqilab ixrac edənlərə mesaj idi ki, dediyiniz hər şeyi edərik, yetər ki, bizi dəstəkləyin. İndi də belə bir halla qarşılaşmayacağımıza kimsə zəmanət verə bilməz. Amma bir nüansa da toxunaq ki, beynəlxalq təşkilatlar qeyd olunan təşəbbüsdə bulunduqları zaman belə, bunu müxalifətə olan sevgilərindən və ya həmin müxalifətin dəstəkçisi olmaq arzularından irəli gəlmir. Onlar bu zavallıları alət kimi o yan -bu yana fırlayıb, danışdırıb, ortaya ataraq öz maraqlarını təmin etməyə çalışırlar. Vəssalam. Yoxsa kimin nəyinə lazımdır bu uğursuzlar? Hansı özünə hörmət edən təşkilat onların perspektivinə inanar? Bu baxımdan, xarici maraqlı qüvvələrin müxalifət liderləri ilə iş birliyi reallıqdan çox-çox uzaqdır.
Beləlkilə, müxalifətin, əslində müxalifət deyil, köhnə və paslı tənəkə olması göz önünə gəlir. Belə tənəkələri isə ən yaxşı halda zibilə atırlar. Görəsən bunların da tullantı vaxtları çoxmu uzaqdadır?
RƏFİQƏ