Torpaqlarımızın bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin adını daşıyan küçələr, prospektlər, məktəblər, daha nələr var... Biz bu küçədən keçəndə daha məsuliyyətli olmalıyıq, deyilmi? Biz bu küçədə daha vətənpərvər olmağa borcluyuq, deyilmi? Təəssüf, bacarmırıq bunu... Şəhid Daşqın Səfərovun adını daşıyan küçədə burnuma dəyən Dubay ətirlərinin, başgicəlləndirici şampunların qoxusu gözümü kəlləmdən ayıran yarıçılpaqların var-gəl etmələri insanda yaşamağa həvəsmi qoyur? Buna görəmi öldü Daşqın Səfərov? Mən sentimental adam deyiləm, amma şəhidlərimizin öz dilləri ilə desək, torpaqlarımız uğrunda ölmədilərmi? Qızına telefon işlətməyi qadağan edənlərə "qeyrətli kişidir" deyirik, amma bu adam başqasının arvadına-qızına sataşanda, ona qeyrətsiz deyə bilmirik.
Bu bədbəxt kişilər, həqiqətən elə düşünürlər ki, 50 manatla hər gün əlli kişi görmüş qadından dərin məhəbbət, sevgi görəcək və nəhayət, onun rəğbətini qazanacaq. Bəzi "kişi"lərin massaj salonlarında şər, üfunət, böhtan qoxuyan qadınlardan "ümid" ummalarının, sevgi dilənməsinin şahidi olmuşam. Massaj salonlarındakı "qadın"ların namusunu çəkənləri də görürük. 50 manatını kassaya ödəyir. Qadını seçib otağa keçən, "kişi" ilk olaraq ondan bu "yola" necə düşməsini soruşur. Onun bədnam nağıllarına qulaq asdıqca "kişi"nin guya halı dəyişir, bikefləşir, bir siqaret yandırır. Ən yaxşı halda "ərim narkoman idi", ən pis halda "doğma atam zorlayıb məni" kəlməsini eşidən "kişi"yə bu da dərs olmur. Tez yerindən qalxır, bir siqaret də yandırır, bir əli cibində, o biri əli göydə, ayaqlarını da aralayıb "əşi, belə şey olar, ata öz qızını? Ümumiyyətlə, kiminsə namusuna sataşmaq düz deyil" deyə əsəbləşir. Və nəhayət, "qadın"ın "kədərli" həyat hekayətindən mütəəssir olan "kişi" "gəl səni saxlayım" təklifini də edir... Daha sonra olan olur... Amma massaj salonundakı "qadın" belə bu qədər alçalan "kişi"yə getməz. Bir adam bir saatda bu qədər günah edərmi? Bütün bu biabırçılıqlar ona görə baş vermir ki, sadəcə, qadın bu "yolu" seçir. Heç olmasa, gecə yatanda gözünüzü tavana zilləyib fikirləşin, həqiqəti deyin. Onlara bu "yolu" göstərən biz deyilikmi? Onlar bu "yolu" seçsələr belə, sonda bu qadınları bu "yolun yolçusu" edən də bizik. Aparaq analarımızı yiyəsizlər evinə tullayaq və gözləyək ki, Qarabağ qayıdacaq! Bankdan kreditlə pul götürüb çarəsizlikdən yolunu "massaj salon"larına salan qadınlara xərcləyək və inanaq ki, Qarabağ qayıdacaq! Mütləq qayıdacaq!
Samir
P.S. "Bəxt üzüyü" filmindən: "İtirə-itirə gəlirik, son günümüzdü ölüm. Bu qədər çirkaba dözmək olmur axı... Tanrıverdi dayı, sən bizim uğrumuzda ayaqlarını itirmisən? İtirmisən ki, mən rahat şəraitdə vurum özümçün? Rasim arxayın alverini eləsin? Moşu da gic-gic şeirlər yazsın...?"