PDF Oxu

Müxalifət

  • 2 005

Köklü səbəblər Cəbhə-Müsavat üzərində dayanır

image

SİYASİ RAKURS

Və ya faktlar nə deyir

Ötən ilin parlament seçkilərindən sonra bir daha təsdiq olundu ki, ənənəvi müxalifət dairələri siyasi səbatsızlıq və savadsızlıq üzündən hər hansı bir uğura imza atmaq gücündə deyillər. Məhz bu səbəbdən, suçlarını gah cəmiyyətin, gah da bir-birlərinin üzərinə ataraq, sudan quru çıxmağa cəhd edən partiya rəhbərləri son anda barışmaz qarşıdurmalara gedirlər. Nəticədə isə, onların təşkilatları daxildən parçalanır, qurumların sıraları isə daralmağa başlayır.

Əsas mövzu yenidən gəlir çıxır cəbhəçilərlə müsavatçıların üzərinə

Bu kimi amilləri isə daha çox AXCP və Müsavat partiyaları arasında görmək mümkündür. Çünki düşərgədaxili "ana müxalifətçilik" ambisiyaları, inhisarçılıq meyilləri bu partiyaları heç vaxt istədikləri nöqtəyə yiyələnmələrinə imkan verməyib. Hətta daha öncələr yaradılmış "İctimai Palata", eyni zamanda onun prototipi qismində "fəaliyyət" göstərən "Milli Şura" belə, müxalifətin bir məqamda birləşməsinə şərait yarada bilmədi. O ki qala digər müxalifət partiyalarının birləşib-parçalandığı "Azadlıq-2015", "125"-lər və s. kimi "birlikləri"...

Bu da ki, bilavasitə AXCP və Müsavat partiyalarında olduğu kimi, başqa müxalifət partiyalarının da bir-birinə qarşı olan əzəli düşmənçiliklərindən doğan hal kimi anlaşılmaqdadır.

Lakin bütün mənalarda əsas mövzu yenidən gəlir çıxır cəbhəçilərlə müsavatçıların üzərinə. Həm AXCP, həm də Müsavat yalnız maraqları - qrant, xarici səfərlərdə Azərbaycana qarşı geninə-boluna çıxış etmək imkanı, erməni lobbisindən pul qoparmaq və s. hallar üst-üstə düşdüyü zaman qısamüddətli atəşkəs elan edirlər.

Diqqət yetirsək, görərik ki, zaman-zaman guya hakimiyyətə problem yaratdıqlarını hesab edən cəbhəçilər və müsavatçılar indi bu iddialarını da irəli sürə bilmirlər. Çünki onların öz aralarında yaşanan problemlər partiyalarının siyasi proseslərə müdaxilələrini kifayət qədər əngəlləməkdədir. Təbii ki, elektorat zəifliyini, sosial baza kasadlığını da buraya əlavə etsək, onda söhbətin nədən getdiyini daha dərindən anlamaq mümkün olar.

Hazırda Əli Kərimlinin diktəsi ilə nəşr edilən "Azadlıq" qəzeti Müsavata qarşı kampaniyanın növbəti traktovkasını cızmağa başlayıb

Ancaq bütün bu kimi uğursuzluqlara rəğmən, AXCP və Müsavat partiyaları hələ də savaş, qarşıdurma həddindədirlər və yaxın zamanlarda qarşıdurmaların yenidən qızışacağını proqnozlaşdırmaq mümkündür. Hələlik, buna hazırlıq gedir. Məsələn, hazırda Əli Kərimlinin diktəsi ilə nəşr edilən "Azadlıq" qəzeti Müsavata qarşı kampaniyanın növbəti traktovkasını cızmağa başlayıb.

Təbii ki, hər iki partiyanın bir yerdə olması cəmiyyətdə heç vaxt inandırıcı təsir bağışlamayıb. Belə ki, həm AXCP, həm də Müsavat yalnız maraqları üst-üstə düşdüyü zaman qısamüddətli atəşkəs elan ediblər. Hətta bir zamanlar partiyalar "superpartiya" olaraq birləşməyə də qərar vermişdilər. Amma sonradan onların bu oyunları da alınmadı. Çünki bu, mümkünsüzdür.

Siyavuş Novruzov: " Əgər bunlar özlərinin dediyi kimi, guya ümumxalq maraqları uğrunda mübarizə aparmalı olsaydılar, onda gərək bir yerdə olaydılar"

Bu arada Müsavat partiyasının "Milli Şura"dan çıxmasını, ondan sonra cərəyan edən prosesləri də xatırlamaq olar. Məhz bu olaydan sonra ən kəskin ifadələr, təhqirlər mətbuatda səsləndirilməyə başladı. Məhz bu amil bir daha təsdiq etdi ki, partiyalararası nifaqın tarixi 20 ildən artıq müddətdir ki, mövcuddur.

Məsələn, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bununla bağlı bildirib ki, Müsavatla AXCP arasında münasibətlər hələ 1992-ci ildən gərgin olub. O, qeyd edib ki, həmin dövrdə Müsavat yaranan kimi AXC-ni parçaladı və onun şinelindən çıxaraq özünə təşkilat yaratdı: "Burada əsas iddia Xalq Cəbhəsində toplaşan "Yurd" və digər qrupları Elçibəy başda olmaqla, hakimiyyətdən uzaqlaşdırmaq və Müsavat partiyasının özünün hakimiyyətə gəlməsindən ibarət idi. Hətta həmin dövrdə İsa Qəmbər bir ay müddətinə prezident səlahiyyətlərini həyata keçirdi və faktiki olaraq öz tərəfdarlarını həm rayon icra hakimiyyətlərinin başçısı, həm də ayrı-ayrı vəzifələrə təyin etməklə məşğul oldu".

YAP rəsmisi Əbülfəz Elçibəy prezident seçilən kimi İsa Qəmbərin təyin etdiyi adamların çoxunu işdən azad etdiyini də xatırladıb: "O dövrdən bunlar arasında belə gərgin münasibətlər var idi və mərhələ-mərhələ pik həddə çatdı". Millət vəkilinin bildirdiyinə görə, nə 1998-ci il prezident seçkilərində Müsavat partiyası Əbülfəz Elçibəyi vahid namizəd kimi qəbul etdi, nə də 2000-ci ilin parlament seçkilərinə bunlar vahid siyahı ilə gedə bildilər: "Yəni bunlar arasında heç vaxt münasibət olmayıb, ancaq didişmə olub. Bu da onu göstərir ki, bunların hər birinin şəxsi marağı var. Əgər bunlar özlərinin dediyi kimi, guya ümumxalq maraqları uğrunda mübarizə aparmalı olsaydılar, onda gərək bir yerdə olaydılar. Lakin mətbuatdan da görünür ki, bir-birilərinin əleyhinə kifayət qədər həm kompromat səsləndirir, həm də mübarizə aparırlar".

Müxalifətyönlü politoloqlar hansı proqnozlarında yanılıblar?

Görünən isə budur ki, artıq necə deyərlər, iş-işdən keçib. Daha AXCP və Müsavat heç vaxt bir yerdə olmayacaq. Halbuki son parçalanmadan sonra müxalifətyönlü politoloqlar iddia edirdilər ki, bu müvəqqəti ayrılıqdır, sonrakı proeselərdə, xüsusilə parlament seçkiləri ərəfəsində cəbhəçilərlə müsavatçılar bir yerdə müxalifətçilik edəcəklər. Ancaq parlament seçkiləri də başa çatdı və biz bunun şahidi olmadıq. Əksinə, qarşıda qarşıdurmalar daha da şiddətlənəcək. Budəfəki qarşıdurmaların isə daha genişmiqyaslı və ağır nəticələr verəcəyini indidən ehtimal etmək mümkündür.

Rövşən RƏSULOV

Digər xəbərlər