Pənah Hüseyn və Mirmahmud Mirəlioğlu arasında gizli anlaşma
Hələ 2013-cü ilin prezident seçkilərindən əvvəl özlərini ölkənin aparıcı müxalifət partiyaları hesab edən iki ənənəvi düşərgə siyasi təşkilatları – AXCP və Müsavat arasında sonradan ömrü çox qısa olacaq "anlaşma" olmuşdu. Həmin vaxt müxalifətin "superpartiyasını" yaratmaqdan ötrü hər iki tərəfin "liderləri" təşkilatlarını birləşdirmək qərarına gəlmişdilər. Müsavat partiyasının o zamankı başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimlinin sözügedən istiqamətdə bir-birlərinə güzəşt edəcəkləri əvvəl günlərdən şübhə yaratsa da, partiya funksionerlərinin iddiaları ictimai rəyin bir qisminin onlara inanması ilə nəticələnmişdi. Hətta yaranacaq "suerpartiyanın" loqosu belə işlənib hazırlanmışdı. Lakin gözlənildiyi kimi, bu, baş verməməklə yanaşı, sonrakı proseslər çərçivəsində mehriban düşmənlər bir-birlərinə daha kəskin qənim kəsildilər. "İctimai Palata", "Milli Şura" kontekstində yaşanan çoxsaylı qarşıdurmaları xatırlasaq, nəyin-necə olduğunu çox asanlıqla anlamaq mümkündür. Beləliklə, "suprepartiya" iddiası müxalifətin gündəmini AXCP-Müsavat qarşıdurması ilə əvəzlədi ki, hazırkı məqamda da eyni proses gah sönük, gah vulqar halda sərgilənir.
Həmin posta Pənah Hüseynin oturacağı vurğulanır
Bu günlərdə ənənəvi müxalifət düşərgəsində növbəti belə bir mövzu ortaya atılıb. Bəri başdan deyək ki, hələlik "superpartiya" məsələsi ortada görünməsə də, bu ətrafda iki müxalif düşərgə təşkilatının bir araya gəlməsi haqqında söz-söhbətlər yaranıb. Söhbət isə Pənah Hüseynin sədri olduğu AXP ilə Mirmahmud Mirəlioğlunun sədri olduğu KXCP-dən gedir. Daha dəqiq desək, sözdə bu partiyaların birləşməsi barədə iki sədrin razılıq əldə etdiyi qeyd olunur. Hətta birləşəcək partiyaların həmsədrlik deyil, bir sədr postundan ibarət olacağı, həmin posta isə Pənah Hüseynin oturacağı vurğulanır. Artıq sosial şəbəkədə müxalifət tərəfdarlarının fəal olduqları qruplarda bununla bağlı "niyə də olmasın" prizmasından yanaşanlar da öz rəylərini bildirirlər. Bu zaman belə bir sual yaranır: bu, mümkündürmü? Çünki mətbuatda da belə bir informasiya yer alır ki, əgər AXP və KXCP bir dam altında birləşərsə, həmin siyasi təşkilata məhz Pənah Hüseyn sədrlik edəcək.
AXP sədrini yalnız KXCP sədri müdafiə etmişdi
Yeri gəlmişkən, bir müddət öncə AXP sədrinin özünü müxalifətin vahid lideri kimi təqdim etməsi, yəni bu işin öhdəsindən gələ biləcəyini iddia kimi ortaya atması da bu məsələnin bəlkə də real olduğunu düşündürür. Çünki həmin vaxt Pənah Hüseyn demək olar ki, bütün müxalifət partiyaları tərəfindən istehzalı münasibətlərə məruz qalmışdı, bircə KXCP sədri Mirmahmud Mirəlioğludan başqa. KXCP sədri demişdi ki, əgər Pənah Hüseyn bu işin öhdəsindən gələ bilərsə, onu müxalifətin lideri kimi qəbul etməyə hazırdır. Ona görə də AXP-KXCP birləşməsi ətrafında yaranmış söz-söhbətlər tam olmasa da, yarıciddi kimi qiymətləndirilə bilər.
Bu arada KXCP-də bununla bağlı hər hansı açıqlama verilməyib. Partiya funksionerləri də bu təklifdən məlumatsız olduqlarını demələri ilə yanaşı, bu kimi təşəbbüslərinin olmadığını da bildirirlər.
Səbəblərdən biri də KXCP-dəki narazı qrupların zərərsizləşdirilməsidir
Xatırlatmaq yerinə düşərdi ki, KXCP daxilində narazı qrup – Demokratik Birlik Fraksiyası fəaliyyət göstərir. Belə ki, həmin fraksiya uzun illər KXCP rəhbərliyindəki ali postlarda təmsil olunmuş, hazırda isə oradan uzaqlaşdırılmış adamlardan ibarətdir. Məsələn, Fikrət Cəfərov, Fikrət Yusifov, İsmayıl Yusifov, Ədalət Yusifov və başqaları uzun illər KXCP-də söz sahibləri olublar. İndi həmin qrup əsas hədəf kimi Mirmahmud Mirəlioğlunun sədrlikdən getməsini, növbədənkənar qurultayın keçirilməsini istəyirlər. Halbuki KXCP sədri növbəti qurultayda sədr olmayacağını bəyan edib. Ancaq o, sədrlikdən getsə belə, yerini narazı qrupa təhvil vermək fikrində olmadığı üçün, ola bilsin ki, köhnə dostu Pənah Hüseynlə plan cızıb və birləşmə məsələsini ortaya atıb. Ancaq həmin plan ifşa olunub və indi hər iki partiyanın sədrləri bununla bağlı heç bir danışıq aparmadıqlarını deyirlər.
Mirmahmud Mirəlioğlu bununla bağlı danışmağı müavinlərinə yasaqlayıb
AXCP sədri məlum iddialara münasibət bildirərkən, qeyd edib ki, həqiqətən də, ona bu məzmunda sual verilib. Lakin o, həmin informasiyanı cəfəngiyyat adlandırıb. Həmçinin, əlavə edib ki, belə bir məsələ müzakirəyə çıxarılsa, sədr vəzifəsində Mirmahmud Mirəlioğlunu görür: "Bildirmişəm ki, inteqrasiya hədəfi indiki mərhələdə ilkin müzakirələrdə yalnız strateji hədəflərdən biri kimi - ideya kimi qeyd olunub. İndiki məqamda sədr və digər detallar, ümumiyyətlə gündəmə gətirilməyib. Heç müqavilə də imzalanmayıb. Əgər həqiqətən, hansısa mənbə bu barədə KİV-ə informasiya ötürübsə, bu, adıçəkilən iki partiya arasındakı əməkdaşlıq danışıqlarını pozmaq məqsədi daşıyır, təxribatdır".
KXCP sədri Mirmahmud Mirəlioğlu isə, ümumiyyətlə, bu ətrafda danışmayacağını bildirib, hətta öz müavinlərinə də bu barədə fikir bildirməyi yasaqlayıb. Demək, ortada müəyyən həqiqətlər olsa da, həmin həqiqətlərin reallaşmayacağını da söyləmək mümkündür. Necə deyərlər, zaman hər şeyi göstərəcək.
Rövşən RƏSULOV