Zaman-zaman müxalifətdaxili qarşıdurmaların və intriqaların aradan qaldırılması üçün müxtəlif partiyaların təmsilçiləri tərəfindən ideyalar irəli sürülüb, təkliflər səsləndirilib. Amma nə yazıqlar olsun o müxalifətə ki, bu təkliflərə müsbət yanaşma nümayiş etdirməyib. Səbəb də qızışan başlarda normal düşüncənin olmamasıdır. Yəni kifayət qədər iddialı olan partiya sədrləri yuxarıdan aşağı baxdıqları partiya yetkililəri ilə masa arxasında əyləşib, normal müzakirələr aparmaq istəmirlər. Məhz buna görə də, müxalifət partiyaları arasında biri-birini qəbul etməmək və biri-birinə düşmən gözündə baxmaq ənənəsi davam etməkdədir. Baxmayaraq ki, bəzi müxalif partiya funksionerləri hələ də müxalifətdaxili intriqaların aradan qaldırılmasında ümidli görünürlər. Misal kimi, Müsavat başqanının müavini Osman Kazımovun, AXP sədri Pənah Hüseynin, ADP sədri Sərdar Cəlaloğlunun və KAXCP sədri Mirmahmud Mirəlioğlunun müxalifətin ümumi toplantısının keçirilərək, vahid mərkəzin yaradılması ideyası ilə çıxış etmələrini göstərmək olar. Xüsusilə də, AXP sədri Pənah Hüseyn müxalifətin bir araya gəlməsi üçün daha "fədakar" və həvəskar olduğunu göstərməyə çalışır.
Müxalifətin texnoloqu yeni ideyalarla gündəmə gəlməyə çalışır
Məlum faktdır ki, AXP sədri Pənah Hüseyn müxalifətin əsas texnoloqlarından sayılır. Düşərgənin bu günə qədər mövcud olmuş və sonradan tarixin arxivinə atılmış bütün blok və qurumlarının əsas yaradıcılarından biri də P.Hüseyn olub. Amma yaranan blokların dağılmasının başlışa günahkarı da elə AXP sədrinin özü olub. Çünki P.Hüseyn müstəqil düşünmək və qərarlar vermək imkanına malik olmadığından, özündən asılı olmayan səbəblərdən maraqlı şəxslərin qurduğu planların icraçısına çevrilib. Yəni Müsavatın keçmiş başqanı İsa Qəmbərin göstəriş və tapşırıqlarını yerinə yetirən P.Hüseyn bununla da mövcud olan bloklar daxilində qarşıdurmaların yaranması üçün vasitəçiyə çevrilib. Bununla da, mövcud konfliktlər blokların dağılmasına gətirib çıxarıb. Məhz buna görə də, keçmiş müdafiə naziri Rəhim Qazıyev P.Hüseyni tənqid edərək "nə zaman müxalifət birləşməyə can atıbsa, o zaman P.Hüseyn peyda olaraq bu birliyi pozub" deyə söyləyib. Bir qədər əvvəl ADP sədri Sərdar Cəlaloğlu da P.Hüseyni müxalifətin inteqrasiyasına mane olan əsas kötək adlandırmışdır. S.Cəlaloğlu bildirmişdir ki, ən azı mətbuatın diqqətini özünə cəlb etmək və müəyyən qrupların maraqlarını yerinə yetirmək üçün P.Hüseyn müxalifətin birliyinə zərbələr vurub.
Bir sözlə, P.Hüseynə nəinki cəmiyyətdə, eləcə də, təmsil olunduğu müxalifət düşərgəsində də münasibət mənfidir. Buna baxmayaraq P.Hüseynin "Müxalifətin Xalq Hərəkatı"nın yaradılması ideyası ilə çıxış etməsi təəccüb doğurmaqla yanaşı, gülüş yaratmaya bilməz. Hər kəsdə yenə də bir fikir qərarlaşır: P.Hüseyn yenə də kimlərinsə tapşırığını yerinə yetirir. Təbbi ki, "həmin kimlərsə" ya Arif Hacılı, ya da İsa Qəmbər ola bilər. Amma görünən odur ki, kimin sifariş verməsindən asılı olmayaraq, P.Hüseynin irəli sürdüyü ideyanın reallaşması inandırıcı görünmür. Çünki hazırkı məqamda müxalifət daxilində kəskin intriqalar və qarşıdurmalar mövcuddur. Yenə də, səngərlər qazılıb və müxtəlif qütblərdə müxaliflər bir-birinə tənqid və təhqir dolu atəşlər yağdırırlar. Bu halda nəinki blok yaratmaq, hətta massa arxasına hansısa məsələni müzakirə etmək belə müxaliflər üçün qeyri-mümkün görünür.
İ.ƏLİYEV