PDF Oxu

Müxalifət

  • 1 628

AMİP-də sədrlik davasına start verildi?

image

Partiyadaxili vəziyyət isə heç də deyildiyi kimi stabil deyil

Ötən il Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin rəhbərlik etdiyi postundan xəbərdarlıqsız və ani istefasından sonra, təşkilat daxilindəki vəziyyət gərginləşməyə başladı. Uzun illər ölkədaxili siyasi proseslərə təsir etmək gücündə olmayan AMİP-in növbəti ağır vəziyyətə düşməsinə səbəb isə təşkilatın lideri Etibar Məmmədovun həmin təşkilata diqqət ayırmaması göstərilir. O cümlədən, məhz Etibar Məmmədovun təşəbbüsü ilə oraya sədr gətirilmiş Yusif Bağırzadənin də fəaliyyətsizliyi sözügedən vəziyyətin yaranmasına səbəb olub. Düzdür, o öz istefasından sonra bəyan etdi ki, sədrlikdən getməsinə səbəb sağlığı ilə əlaqəlidir, amma onun bu bəyanatı heç də ictimai rəydə inam hissi yaratmadı. Çünki bəlli idi ki, AMİP daxilindəki qruplar öz maraqlarını təmin etmək üçün müəyyən üstünlüklər əldə etməyə çalışırdılar. Məsələn, AMİP-in baş katibi postunu tutan Arzuxan Əlizadə öz ətrafına yığıdığı yaxınları ilə partiyadakı digər qruplara qarşı bu gün də sədd rolunu oynayır. Belə ki, digər qruplar aktiv müxalifətçilik tendensiyasından çıxış edib, ölkədaxili proseslərdə daha tez-tez görünmək arzusundadırlar. Ancaq Arzuxan Əlizadə bunun tərəfdarı deyil və passiv fəaliyyətə üstünlük verir.

Arzuxan Əlizadə, yoxsa Əli Orucov?

Digər tərəfdən, artıq boş qalmış sədrlik postu uğrunda mübadilələrə start verilib. Daha öncələr sədrliyə iddialı olmadıqlarını deyən şəxslər hazırda bu iddialarının tam əksinə istiqamətlənmiş prizmadan çıxış edirlər. Xatırladaq ki, Arzuxan Əlizadə sədrlikdə gözü olmadığını deməklə, AMİP-in qurultayını gözlədiklərini bildirmişdi. Eləcə də AMİP-in Mərkəzi Şurasının sədri Əli Orucov da sədr olmaq üçün yalnız qurultayın qərarının vacibliyi haqqında açıqlamalarla çıxış edirdi. Halbuki indiki məqamda qurultayı gözləmədən sədr seçilmək istəyənlər var və onlar bu yolda qarşıdurmalara gedə biləcəklərini də gizlətmirlər. Hətta hazırda AMİP-in növbəti sədrinin Əli Orucov olacağı da proqnozlaşdırılır.

Əli Orucova qarşı ən optimal rəqib isə məhz Arzuxan Əlizadədir. O, qeyd edib ki, AMİP-in qurultayının vaxtı mart ayının sonlarında bəlli olacaq. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin mövcud olduğunu, rayon təşkilatlarında qurultay öncəsi konfransların keçirildiyini və nümayəndələrin seçildiyini deyən Əlizadə deyib ki, qurultay günü ilə bağlı müzakirələr hələ də davam edir: "Çox güman ki, qərar mart ayında veriləcək. Namizəd irəli sürülməsi mərhələsi hələ başlanmayıb".

Son 12 ildə AMİP-də 3 sədr seçkisi olub

Göründüyü kimi, Yusif Bağırzadənin gedişindən uzun müddət keçməsinə baxmayaraq, istər qurultayın vaxtının müəyyənləşdirilməsi, istərsə də sədrliyə potensial namizədlərin irəli çəkilməsi üçün vaxt olduğu halda heç bir addım atılmayıb. Bu isə partiyadaxili narazılıqlardan əmələ gələn hal kimi qiymətləndirilə bilər. Daha dəqiq desək, ortaq məxrəcə gəlinməyib, ona görə də qurultayın keçirilməsi tarixi ilə bağlı veriləcək qərar imkan olduqca uzadılır.

Yeri gəlmişkən, xatırladaq ki, 2004-cü ildə Etibar Məmmədovun AMİP sədrliyindən istefa verməsindən sonra AMİP-də 3 dəfə sədr seçkisi olub. Etibar Məmmədovdan sonra hazırda Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) olan Əli Əliyev, ondan sonra sonra Ayaz Rüstəmov, sonda isə Yusif Bağırzadə AMİP-ə sədr seçilib. 2004-cü ildən ötən 12 il ərzində üç sədr seçkisinin baş tutması, artıq 4-cü sədrin seçiləcəyi amili də belə deməyə əsas yaradır ki, AMİP lideri Etibar Məmmədovdan sonra partiya qarşıdurmalar və ziddiyyətli iddialar məkanına çevrilib. AMİP-də fəaliyyət göstərən qruplar da istisna etmirlər ki, əgər Əli Orucov partiyaya sədr seçilərsə, təşkilat passiv fəaliyyətdən aktiv fəaliyyətə keçə bilər. Hələlik isə sədlrik uğrunda savaş start almaq üzrədir.

Rövşən RƏSULOV

Digər xəbərlər