İştirak edənlər tədbirə qatılmayanları ittiham etdi
Məlum olduğu kimi, yanvarın 24-də bir neçə müxalifət partiyası toplantı keçirib. Toplantıya qatılmayan bir çox partiyalar, o cümlədən Müsavat partiyası tədbirdə iştirak etməkdən imtina edərək bildirib ki, boş və səviyyəsiz toplantının nəticəsi də mənasızdır.
Gülağa Aslanlı: "Müsavat partiyası qabaqcadan məqsədi bilinməyən, proqramı, istəyi məlum olmayan tədbirlərdə iştirak etməyi məqbul saymır"
Müsavatın icra aparatının rəhbəri Gülağa Aslanlı isə qeyd edib ki, partiya bu cür görüşlərdə iştirak etməyi məqbul hesab etmir: "Müsavat partiyası qabaqcadan məqsədi bilinməyən, proqramı, istəyi məlum olmayan tədbirlərdə iştirak etməyi məqbul saymır. Bu, birincisi... İkincisi də, Müsavat partiyasına həmin görüşdə rəsmi dəvət haqqında təklif olduğu barədə məlumatım yoxdur. Telefonla zəng olunaraq dəvət təklifi haqda da bilgisizəm".
Tədbirdə iştirak edən partiyaların təmsilçiləri isə partiyalara kim tərəfindən dəvət göndərildiyini dəqiqləşdirə bilməyiblər. "Ümid" partiyasının sədri İqbal Ağazadə bildirib ki, o, heç kimi toplantıya dəvət etməyib. KXCP sədrinin müavini Xəzər Teyyublu da qeyd edib ki, toplantıda partiya sədrlərinin kim tərəfindən dəvət edilməsindən xəbərsizdir.
Sərdar Cəlaloğlu: "AXCP və Müsavat partiyası hakimiyyəti suçlamaq üçün nə kimi iyrənc oyunlara desən gedərlər"
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə Müsavat və AXCP-nin həmişə çirkin oyunlar oynadığını deyib: "Çünki AXCP və Müsavat partiyası artıq çoxdan nüfuzunu itirib və bütün məsuliyyəti hakimiyyətin üzərinə atır. Hətta bəzi qüvvələr deyir ki, iqtisadi böhran nəticəsində qoy lap vətəndaş müharibəsi olsun, qırğın olsun, təki bu hakimiyyət cəzalansın. Bu, doğru yanaşma deyil".
Zahid Oruc: "Hakimiyyətə müxalifətin verdiyi təkliflər lazım deyil"
Deputat Zahid Oruc isə bildirib ki, hakimiyyətə müxalifətin verdiyi təkliflər lazım deyil: "Əlbəttə ki, normal siyasi həyatda hər bir partiyanın, təşkilatın ölkədəki proseslərə dair mövqeyi formalaşır. Çox önəmli olanları müxtəlif vasitələrlə ictimailəşdirirlər. Onlar gələcəkdə hər hansı dövləti fəaliyyətdə nəzərə alınır. İstər Avropa ölkələrində, yaxud qardaş Türkiyədə belədir. Ancaq Azərbaycanın daxili həyatında son on illər ərzində müxalifətin fəaliyyəti üçün bir xarakterik xüsusiyyət olub. Bu da devalvasiya oldu-olmadı, o partiyaların, hərəkatların arasındakı ziddiyyətlər o qədər böyük olub ki, Azərbaycanın sadə insanı öz taleyini bu təşkilatlarla bağlamaq istəməyib. Məsələn, düşünəndə ki, Azərbaycanda bir Xalq Cəbhəsi adına iki partiya iddia edir, istənilən adamın sual verməyə haqqı var ki, bu təşkilatın təmsilçiləri gəlib ölkəni böhrandan necə çıxaracaqlar?
Ü.ƏSGƏROV