PDF Oxu

Müxalifət

  • 3 456

AXC-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi

image

Prezident İlham Əliyev: "Əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər"

Bu il artıq Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü qeyd olunacaq. Ötən müddət ərzində ölkəmizin bütün sahələri transformasiya prosesini yaşayıb. Bu dövr ərzində yoxsulluq və işsizlik 5 faizə düşüb, bir milyondan çox yeni iş yeri açılıb, xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edib, ölkəmiz rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 38-ci yerdədir. Bununla yanaşı, bütün dünya Azərbaycanı BMT TŞ üzvü kimi tanımağa fürsət tapdı.

Təbii ki, bu sırada milli-siyasi məkanda qərar tutmuş siyasi qüvvələr də müəyyən dəyişikliklərə uğrayıblar. Lakin demokratik cəmiyyətlərin ayrılmaz atributu sayılan müxalifətçilik institutu inkişaf proseslərindən kənarda qalmaqla parçalanıb, daha da radikallaşıb, siyasi mübarizədə ardıcıl məğlubiyyətlərə uğrayaraq, sivil siyasi mübarizə dəyərlərindən uzaq düşüb. Həmçinin, müxalifət düşərgəsində yer almış qüvvələrin birlik modellərinin həyata vəsiqə ala bilməməsi, yalnış siyasi taktika və strategiya əsasında fəaliyyətin qurulması, müxalifətçilik institutunun radikal kəsiminin müasir çağırışlarla ayaqlaşa bilməməsi onların sosial potensialını hər gün sürətlə itirməsinə səbəb olub. Bəs görəsən, müxalifətçilik institutunun zəifliyinin səbəbləri nədir?

Bu problemlə bağlı Azərbaycanın milli mətbuatında araşdırmalar yox səviyyəsində olsa da, elmi səviyyədə müəyyən tədqiqatlar aparılıb. Həmin tədqiqatların ümumi qənaəti isə onunla bağlıdır ki, Azərbaycanda müxalifətçilik institutunun zəifliyi, ilk növbədə, onun intellekt və kreativlik problemilə əlaqəlidir. Çünki müxalifət düşərgəsinin daşıyıcılarının siyasi təfəkkürünün kifayət qədər ciddi problem olması onların dəyişməsinə və milli-siyasi məkanda uğurlar əldə etməsinə mane olub. Yəni müxalifət hakimiyyətə gəlmək üçün düşünülmüş strateji və taktiki fəaliyyət nəticəsində sosiuma təqdim etmək üçün daha effektli dövlət modelini işləməyi bacarmadığından cəmiyyətin dəstəyini və etimadını da qazana bilməyib.

Azərbaycan müxalifətinin uğur qazanmamasının səbəbləri kimi, həmçinin, onun xalqın etimadına və dəstəyinə deyil, birbaşa olaraq, xarici siyasi-maddi köməkliyə arxalanmasını da göstərmək olar. Radikal müxalifət hər dəfə seçki proseslərindən məğlub ayrılmasının və xalq tərəfindən dəstəklənməməsinin, həmçinin, xarici qüvvələrin "xeyir-duasının" olmasına baxmayaraq, uğur qazana bilməməsinin səbəblərini elmi-siyasi təhlil etmədiyindən, eləcə də, mənəvi-intellektual resursları hər gün tükəndiyindən milli-siyasi məkanın autsayderinə çevrilir. Bununla yanaşı, radikal müxalifətin siyasi mədəniyyət kasadlığı yaşaması onun ictimai qınaq obyektinə çevrilməsini də əsaslandırır. Bütün sadalanan faktlar bir daha təsdiqləyir ki, Azərbaycanın inkişaf tarixinin 25 illiyi dönəmində təkcə dəyişməyən ünsür kimi radikal müxalifət qalıb. Əlbəttə ki, quyuya su tökməklə dolmadığı kimi, radikal müxalifət də intellekt və kreativlik baxımından elə hakimiyyətdə olduğu vaxtlardan kasad olub və ötən müddət ərzində də durduğu yerdə sayıb. Elə radikal müxalifətin hansı səviyyədə olmasını Prezident İlham Əliyev də gənclərlə görüşü zamanı ictimiyyətin diqqətinə çatdırıb.

Dövlətimizin başçısı müstəqilliyimizin ilk illərindəki vəziyyətə toxunaraq bildirib ki, o vaxt problemlərimizdən biri də hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti olmuşdur: "Çünki siz gənclər təbii ki, o illəri xatırlamırsınız. Əlbəttə ki, bizim nəsil - o illəri yaşamış insanlar kimi biz o dövrü yaxşı xatırlayırıq. Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi. Birincisi, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi, nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaqdır. O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir. Hakimiyyəti zəbt edəndən sonra onlar Azərbaycanı, faktiki olaraq uçurum kənarına qoymuşdular. Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər. Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdir. Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır. Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları və yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. Müdafiə nazirinin Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdür. Görün, hüquq-mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə nə isə onun xoşuna gəlməyib, gedib studiyaya onu xalq qarşısında döymüşdür və buna görə heç bir məsuliyyət daşımamışdır. Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz-əməlli danışa bilməyən, yəni yumşaq desək, statusuna adekvat olmayan bir adam idi.

Yəni budur, Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin öndə gedənləri. Bu adamlar ölkəni necə idarə edə bilərdilər?! Hakimiyyətə gələndən sonra dərhal onlar bir-biri ilə mübarizəyə başlamışlar. Bu mübarizə və eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq, mənfi münasibət nəticəsində cəmi 1 il hakimiyyətdə qala bilmişlər. Ondan sonra onlar üçün vəziyyət gərginləşəndə - 1993-cü ilin yaz-yay aylarında onlar bütün vəzifələrdən gedərək bəziləri ölkəni tərk etmişlər, qaçıb gizlənmişlər və onların dırnaqarası cəsarəti artıq aradan getmişdir".

Bu mənada Azərbaycanda müxalifətin acınacaqlı imici və vəziyyəti bir daha ortaya çıxır. Yəni radikal müxalifətin rasional düşüncəli və kreativ yanaşma tətbiq edən institut kimi çıxış edə bilmədiyindən ancaq korporativ maraqlar ətrafında birləşmiş marginal qruplar və ya siyasi dərnəklər təsirini bağışlayırlar. Onların inkişaf etmiş demokratik cəmiyyətlərin müxalifət institutları kimi müasir siyasi metodlara, sivil mübarizə taktikasına istinad etməməsi və bütün fəaliyyətinin əsasında milli maraqların deyil, qrup mənafeyinin durması radikal müxalifətin konseptual olaraq, demokratik dəyərlərin və ideyaların daşayıcısı olmadığını isbatlayır. Əlbəttə ki, müxalifət institutunun əsas fəlsəfəsi dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi olsa da, təəssüflər olsun ki, Azərbaycanın müxalifət institutuna bu prinsiplər yaddır. Məhz bu kontekstdə radikal müxalifət dövlətçilik, etatizm ideyalarına xidmət etmək əvəzinə, Azərbaycanın gələcəyini düşünməyən "əyləc mexanizmi" qismində çıxış edir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər