PDF Oxu

Müxalifət

  • 2 615

"Hizmət hərəkatı"nı Azərbaycana gətirən AXC hakimiyyəti olub

image

Yaxud xəyanətkar nəsil yetişdirmək Fətullah Gülən-AXCP birliyinin böyük planına daxil idi

Son vaxtlar həm siyasi dairələrin, həm medianın, həm də ictimaiyyətin diqqət mərkəzində olan müzakirə olunan mövzulardan biri də Fətullah Gülənin başçılıq etdiyi "FETÖ"-çülərin fəaliyyətidir. 15 iyul 2016-cı ildə Türkiyədə baş vermiş çevrilişə cəhd hadisəsindən sonra Azərbaycanda da "Hizmət hərəkatı" ilə bağlı media araşdırmaları üzə çıxmağa başladı. Gülən şəbəkəsinin Azərbaycana daxil olub şaxələnməsini incələyəndə, kifayət qədər maraqlı məqamlar ortaya çıxır. Mətbuatda gedən bir sıra araşdırma yazılarda iddia olunur ki, bu şəbəkədə əsas qanad ABŞ xüsusi xidmətləri - Gülən – AXCP-dən ibarət üçlər ittifaqıdır.

1990-cı illərdə Türkiyədə ciddi nüfuz sahibi olan Gülən və Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyə kuratoru Qraham Füller SSRİ məkanında baş verən prosesləri diqqətlə izləyirdilər. Gülən, Azərbaycan müstəqil olduqdan sonra, ölkəyə soxulmaq üçün müxtəlif üsullara əl atır, danışıqlar aparırdı. Nəhayət, AXC-Müsavat hakimiyyəti ilə "dil tapan" gülənçilər 1992-ci il 4 sentyabrda Elçibəy iqtidarının Xalq Təhsil Nazirliyi ilə Türkiyə Respublikası "Çağ Öyrətim İşlətmələri Şirkəti" arasında niyyət protokolunun bağlanmasına nail olaraq, Azərbaycanda fəaliyyət göstərməyə başladılar. Bəziləri sonrakı proseslərə əsaslanaraq, bu protokolun imzalanması, yəni fətullahçı şəbəkənin ölkəyə buraxılmasını Azərbaycan dövlətinə və xalqına etdiyi ən böyük xəyanətləri kimi qiymətləndirir. Bu fikirdə olanların arqumentləri bundan ibarətdir: Gülən bu razılaşmanın qarşılığında AXC iqtidarının maraqlarını beynəlxalq aləmdə qoruyacağına, ABŞ və Əbülfəz Elçibəy hökuməti arasında vasitəçilik edəcəyinə söz vermişdi.

Yaradılan şəraitdən məharətlə bəhrələnən Gülən təhsil sahəsini ələ almaq üçün ard-arda məktəblər açmağa başlamışdı. Bu plan eynilə Osmanlı dövlətini içəridən parçalamaq, diz çökdürmək üçün avropalı və amerikalı missionerlərin 1800-cü illərdən etibarən imperiyanın müxtəlif bölgələrində o dövr üçün modern sayılan məktəblər açaraq, ölkənin təhsil sistemini ələ almalarını xatırladırdı. Məhz bu məktəblər, daha doğrusu, bu məktəblərdə yetişən xəyanətkar nəsil Osmanlı dövlətinin parçalanmasında yaxından iştirak etmiş, müstəmləkəçi Qərb dövlətləri üçün maşa roluna oynamışdılar.

Gülən anlayırdı ki, özünə və ideyalarına sadiq olan nəsli elə özü yetişdirməlidir. Orta məktəbdə yetişən nəsil ali məktəbdə daha da cilalanmalıdır. Vaxt itirmədən Azərbaycanda universitet açmaq üçün dövrün rəsmiləri ilə danışıqlara başlayan Gülən çox asanlıqla buna nail olur. Belə ki, 1 may 1993-cü ildə Prezident Ə.Elçibəyin və təhsil naziri Firudin Cəlilovun, bilavasitə razılıqları ilə Xalq Təhsil Nazirliyinin nəzdindəki Ali Ekspert Komissiyasının 11/1 saylı qərarına əsasən, Azərbaycanda Gülənə məxsus ali məktəb – Qafqaz Universiteti fəaliyyətə başladı.

Universitet kompleksinin yaradılması məqsədilə Xırdalan ərazisində 200 hektar yer ayrılaraq, Gülənin nümayəndəsi Ali Bayrama təqdim edildi. Universitetə rəhbərlik formal olaraq, hakimiyyətin müxtəlif qollarında yaxşı əlaqələri olan Niftalı Qocayevə həvalə olunsa da, əslində, idarəetmə "Gülən camaatı"na məxsus idi. Eyni zamanda, Türkiyədəki "dərshanə" sistemini də uğurla Azərbaycana transfer edən Gülən "Araz" hazırlıq kurslarının açılmasına və gülənçi şəbəkənin funksional qəzeti olan "Zaman" qəzetinin əlavəsi olaraq "Zaman-Azərbaycan"ın nəşrinə də nail oldu.

Ə.Elçibəyin Gülənə növbəti jesti isə Bakı Dövlət Universitetində İlahiyyat fakültəsinin açılmasına razılıq verməsi oldu. Əslində, özünü dünyəvi dövlət elan etmiş ölkədə bu fakültənin açılması hüquqi nonsens sayıla bilər. Üstəlik, fakültə islamın Azərbaycan üçün ənənəvi cərəyanları üzrə deyil, qeyri-ənənəvi cərəyanları üzrə mütəxəssislər hazırlayır və beləliklə də, ölkədə yüzilliklərdən bəri mövcud kövrək dini balansı təhdid edirdi. İş bununla da bitmir, Gülən şəbəkəsindəki orta və ali məktəblərdə, "dərsxanalar"da Azərbaycan ədəbi dili inkar olunur, azərbaycanlı kimliyi ələ salınır, Azərbaycan dövlətçiliyinin təməlində dayanmış tarixi şəxsiyyətlər, xüsusən də, Səfəvi hökmdarları təhqir olunurdu. Bir sözlə, bu təhsil şəbəkəsi Azərbaycan adına hər şeyi kiçildən və təhqiramiz yanaşan nihilistlər "istehsal edən" fabriklərə dönmüşdü.

AXC hökumətinin iflası şəbəkənin sürətli inkişaf planlarını pozsa da, onlar növbəti illərdə Türkiyədə hakimiyyətdə olan iqtidarların himayəsinə sığınaraq, öz mövcudluqlarını qorumağı bacardı. Artıq 2014-cü ilə qədər "gülənçi"lərin Azərbaycanda 21 liseyləri, bir gimnaziyaları, bir universitetləri, Naxçıvanda fəaliyyət göstərən 3 liseyləri və çoxsaylı hazırlıq kursları var idi.

Gülənin Azərbaycana ilk göndərdiyi missionerlərinə tövsiyəsi 25 il ərzində "qızıl nəsil" yaratmaq, bu nəslin inkişafını təmin etmək və strateji əhəmiyyətli dövlət qurumlarına yerləşdirmək idi. Buna görə ard-arda təhsil ocaqları açılır, orta ümumtəhsil məktəblərindən test imtahanları vasitəsilə işiqlı şagirdlər seçilərək, yüksək ödəniş müqabilində liseylərdə təhsilə cəlb edilirdilər. Gülən BDU-nun İlahiyyat fakültəsinə xüsusi diqqət göstərirdi. Sonradan "FETÖ"-nün Azərbaycan "imamı" olan Elnur Aslanovun burada təhsil alması təsadüfi deyildi. Gülənçi müəllimlər şagirdlər vasitəsilə valideynlərlə də tanış olur, evlərinə qonaq gedir, tədricən əhatə dairələrini genişləndiridilər. Bir çox hallarda valideynlər övladlarından daha öncə Gülənin sadiq əsgərinə çevrilirdilər.

Qeyd edək ki, 2014-cü ildə "FETÖ"-nün əsl simasının üzə çıxmasından sonra olduqca ehtiyatlı davranan "gülənçi"lər daha çox biznesə və xaricdə təhsilə yönələrək, gözləmə mövqeyi seçiblər. Amma Türkiyədə baş verənlər sübut etdi ki, hər hansı bir terror təşkilatı vaxtında ciddiyə alınıb zərəsizləşdirilməsə, nəticəsi çox ağır ola bilər. Ölkəni xərçəng kimi sarmış bu şəbəkə metastaz vermədən kökündən təmizlənməli, "FETÖ" üzvü olan şəxslər cinayət məsluliyyətinə cəlb olunmalıdırlar. Buna görə də hazırda Azərbaycanda "FETÖ"-yə qarşı ciddi tədbirlər görülür və bu təşkilat Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən aparılan sistemli mübarizənin nəticəsində çox ciddi zərbə alıb.

Dövlət qurumlarında hələ də ilişib qalmış bəzi fətullahçılar gizli fəaliyyət göstərməyə məcbur olaraq, öz ümidlərini daha çox Azərbaycanda hakimiyyəti ələ keçirməyə çalışan AXCP və "Milli Şura"ya bağlayırlar. AXCP və "Milli Şura" "FETÖ" ilə müttəfiqliyinə tam sadiq qalaraq, özlərinə məxsus informasiya resurslarında Azərbaycandakı fətullahçıları ciddi-cəhdlə müdafiə edir, onlara haqq qazandırmağa çalışırlar. Lakin istər AXCP, istərsə də "Milli Şura" bilməlidir ki, terroru və terrorçunu müdafiə etmək, qorumaq, onların əməllərini təşviq etmək həm Azərbaycan Respublikasının qanunvericiliyinə, həm də beynəlxalq qanunvericiliyə ziddir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər