Və ya rüsvayçı tarixə söykənən acı həqiqətlər
AXCP-Müsavat arasında mövcud olan və bu gün hələ də bitməyən qarşıdurmalar, yaşanan ixtilaflar yeni deyil. 1992-ci ildən başlayaraq AXCP-Müsavat kəskin xarakter alan qarşıdurma mövcuddur. Xüsusilə, qeyd etmək lazımdır ki, ənənəvi qarşıdurmalar hələ "Yurd" qrupunun daxilindən qaynaqlanaraq, hazırkı həddə qədər inkişaf edib. Bəlli olduğu kimi, hələ 90-cı illərin ortalarında parçalanmamış AXC-nin tərkibində yaradılan "Yurd"a rəhbərliyi Ə.Kərimli edib. "Yurd"un əsas məqsədi Əbülfəz Elçibəyin siyasi arenadan kənarlaşdırılması, eləcə də Ə.Kərimlinin cəbhənin sükanı arxasına keçməsi ilə bağlı olub ki, bu istiqamətdə davamlı işlər aparılıb. Hətta mərhum Elçibəyin haqqında partiyaya məxsus "Azadlıq" qəzetində çirkin yazılar yazdıran Kərimli lideri barədə deyilməyəcək dərəcədə təhqirlər səsləndirirdi. Bu gün AXCP-nin bir neçə qanada - KXCP-yə, BAXCP-yə, DİP-ə, BQP-yə ayrılması arxasında da, məhz Ə.Kərimli amilinin dayanması şübhəsizdir.
Bu, bir daha sübut edir ki, onlarda ümumi maraqlar deyil, şəxsi maraqlar hər şeydən üstün olduğuna görə, həmin partiyalar arasında davamlı qarşıdurma yaşanır. Bu gün bu qarşıdurmanın yenidən şiddətlənməsinin səbəbdə hər iki partiyanın rəhbərliyinin Referendum Aktı layihəsi ilə bağlı keçirmək istədiyi etiraz mitinqləri üzərində fikir ayrılığına məruz qalmasıdır.
Hər iki partiyanın çözülməyən çarəsiz "xəstəliyi"
Müsavatla AXCP arasında gedən bu "savaşın" üzdə görünən səbəblərinə nəzər saldıqda, belə bir nəticəyə gəlinir ki, hər iki partiyada baş verənlər onların ciddi bir işi ortaya qoya bilmədikləri səbəbindən baş verir. Amma necə deyərlər, "Dəyirman öz işindədir, çax-çaxu baş ağrıdır".
Bu gün elə təsəvvür yaranır ki, Müsavat partiyası AXCP funksionerləri tərəfindən ona qarşı ünvanlanan qınaqlara cavab vermək halında deyil. İ.Qəmbərin başqanlıqdan getməsi, gözlənildiyi kimi, uzun müddət partiyada qalaqlanıb qalmış problemləri də "qat-qat açır". Daxildəki gərginliyi gizlətmək istəyən partiya finksionerləri bu prosesi fikir plüralizmi kimi təqdim etməyə çalışsalar da, artıq bu "xına, o xınadan" deyil. Müsavat partiyası "çalxalanır", amma heç də AXCP bu vəziyyətdən istifadə edib, ondan önə çıxmaq gücündə deyil.
Qabil Hüseynli: "Qərb nə qədər çalışsa da, istədiyinə nail ola bilməz"
Müsavat başqanının keçmiş müavini sözügedən məsələ ilə bağlı "SƏS" qəzetinə açıqlama verən Qabil Hüseynli hesab edir ki, "Milli Şura"nın mitinqinə Qərb dairələri tərəfindən təbliğati dəstək var: "Qərbin bəzi maraqlı dairələrinin referenduma münasibəti müsbət deyil. Bu səbəbdən də, ölkə daxilindəki müxalifyönlü fikirləri, siyasi və vətəndaş təşkilatlarını hərəkətə gətirməyə çalışırlar. Onlar bundan istifadə edərək, Azərbaycanın hakimiyyət orqanlarına müəyyən təzyiqlər göstərmək istəyirlər. Amma onu deyim ki, bu o qədər də asan iş deyil. Sadəcə, mitinqin iştirak dərəcəsini müəyyən qədər artıra bilərlər. Amma onu özlərinin arzu etdikləri kimi izdihamlı, irimiqyaslı bir tədbirə çevirə bilməzlər. Çünki Azərbaycan cəmiyyətində arzu edilən durum formalaşıb. Ona görə də, Qərbin maraqlı dairələri nə qədər çalışsa da, istədiyinə asan nail olmaz".
Ramiz Tağıyev: "AXCP ilə Müsavat arasında düşmənçilik hökm sürür"
"AXCP sədri Ə.Kərimli tamamilə tükənmiş, ümidini ancaq hansısa qaranlıq qüvvələrə bağlayan şəxsdir. Keçirdiyi aksiya, sadəcə, Müsavatla aralarında olan düşmənçiliyin nəticəsində yaranan rəqabətin məhsuludur". Bunu "SƏS"ə açıqlamasında AXCP sədrinin keçmiş müşaviri Ramiz Tağıyev deyib.
Onun sözlərinə görə, mitinqə hicablı dini radikal cəryanların nümayəndələrinin də iştirak etməsi çox qorxulu bir şeydir: "Dini radikal qruplaşmaların nümayəndələrinin hər birinin xarici terrorçu təşkilatlarla bağlılığı ola bilər. Bu baxımdan, Ə.Kərimlinin və onun partiyasının radikal dini cəryanlara əməkdaşlıq etməsi onlara ancaq rüsvayçılıq gətirə bilər".
Taliyət Əliyev: "Bu iki partiya arasındakı münasibətlərin kökü hakimiyyətdə olduqları dönəmdən başlayır və bu günə kimi də davam edir"
ADP sədrinin müavini Taliyət Əliyev bildirib ki, AXCP ilə Müsavat arasındakı münasibətlərin kökü hakimiyyətdə olduqları dönəmdən başlayır və bu günə kimi də davam edir: "Hesab edirəm ki, bu münasibətlərin motivində qrup maraqları dayanır. Bu, təkcə iki partiya arasındakı münasibətlərə deyil, ümumilikdə, müxalifətdaxili münasibətlərə də mənfi təsir göstərir. Hesab edirəm ki, əks-fikrə dözümsüzlük, məqam olan kimi öz müttəfiqini qaralamaq, siyasi etikaya və əxlaq normalarına riayət etmədən, onu təhqir etmək və s. hallar günümüzün reallığıdır". Beləliklə, guya zaman-zaman barışıq axtarışına çıxan hər iki partiya nəticə etibarilə daha betər düşmən tərəflərə çevrilərək, sonu olmayan bir yolla gedirlər. Əslində isə, siyasi arenada hər iki partiya yolun sonuna çoxdan gəlib. Ancaq onların düşmənçiliklərinin sonu, ümumiyyətlə, görünmür və bu yolun nə vaxtsa hamar yola çıxacağı isə mümkünsüzdür.
Rəfiqə HÜSEYNOVA