Faktlar radikal düşərgənin hansı vəziyyətdə olduğunu bir daha təsdiqlədi
Ötən həftənin şənbə və bazar günləri AXCP-nin egidası altında fəaliyyət göstərən "Milli Şura"nın və Müsavat partiyasının ayrı-ayrılıqda keçirdikləri mini aksiyaları elə ilk baxışdanca ictimai rəyin düşüncəsində növbəti siyasi oyunbazlıq assosiasiyaları doğurdu. Əslində, bu gözlənilən idi ki, düşərgədə bir-birinə qarşı amansız düşmən münasibətində olan hər iki siyasi qurum növbəti dəfə uçurum astanasında olduğunu öz fəaliyyətləri ilə sübuta yetirmiş oldu. İstər AXCP sədri Ə.Kərimlinin və onun siyasi kuklası rolunu ifa edən C.Həsənlinin, istərsə də Müsavat partiyasının eks-başqanı İ.Qəmbərin və onun saxtakarlıq yolu ilə başqanlığa gətirdiyi sələfi A.Hacılının anti-dövlətçilik çağırışları normal düşüncəli ictimaiyyət tərəfindən qətiyyən qəbul olunmadı. Bu, faktlara və rəqəmlərə söykənir. Təkcə "Milli Şura"nın və Müsavatın bir gün ara ilə keçirdikləri mitinqlərindəki insan sayına nəzər salsaq, nəyin nə yerdə olduğu kifayət qədər müəyyənləşmiş olar.
Müsavat və "Milli Şura"nın fotoşoplu "kütləsi"
Başqa tərəfdən, diqqət etsək görərik ki, bəzi adamlar həm "Milli Şura"nın, həm Müsavatın ayrı-ayrılıqda, bir gün fərqi ilə keçirdikləri mitinqində iştirak ediblər. Eyni adamların iki fərqli siyasi düşmən olan qurumun mitinqində iştirak etməsi göstərir ki, onların böyük əksəriyyəti muzdlu insanlardır və bu barədə çoxsaylı faktlar var. Daha dəqiq desək, "Milli Şura" ilə Müsavat arasındakı mitinq yarışının, əslində, səbəbi ayrılan vəsaitlərin bölüşdürülməsi və ayrı-ayrı qüvvələr tərəfindən həmin qruplara ötürülən vəsaitlərin silinməsidir. Belə ki, mitinqlərin təşkilinə nə qədər vəsaitin ayrılması ilə bağlı artıq mətbuatda da kifayət qədər məlumatlar gedib ki, onların hər biri dəqiq sübutlara söykənir. Yəni qaragüruhçular həmin vəsaitlərin köməyi ilə insanları mitinqə cəlb etməyə çalışıblar. Eyni zamanda, sosial şəbəkələrdə yayılan şəkillərdə fotoşop effekti ilə insanların sayının artırılmasına cəhd göstərirlər ki, pul aldıqları Qərb dairələrinin qarşısında öhdəliklərinə əməl etdiklərini nümayiş etdirsinlər.
Daha bir nüans isə özlərini "ana müxalifətin liderləri" kimi cəmiyyətə zorla sırımağa səy göstərən AXCP-"Milli Şura" və Müsavat yetkililərinin xalqı itaətsizliyə çağırmaları fonundakı çıxışları oldu. Beləliklə, rüsvayçı və fiaskoya uğramış mitinqlərin ayrı-ayrılıqda mənzərələrinə bir daha nəzər salaq.
"Milli Şura"nın "demokratları" bu dəfə radikal dindarlar cildində
Sentyabrın 17-də keçirilən "Milli Şura"nın mitinqi yağışlı günə təsadüf etdi və mövcud vəziyyətdən belə bir nəticə hasil olundu ki, hətta yüngül hava şıltaqlığı belə onların ciddi siyasi proseslərlə məşğul olmadıqlarını sübuta yetirmiş oldu. Vəziyyətin onların xeyrinə olmadığını görən Ə.Kərimli-C.Həsənli cütlüyü isə vəziyyətdən çıxmaqdan ötrü icazəli mitinqdə təxribat törətməyə cəhd göstərdilər. Bunun üçün isə, onların pulla ələ aldıqları radikal dindarlardan ibarət muzdlular. necə deyərlər, qulluqlarında dayanmışdılar. Çünki "Milli Şura"nın mitinqində radikal dindarlar itaətsizlik çağırışları səsləndiriblər ki, bu şüarların əvvəlcədən hazırlanması da sirr deyildi.
Məsələn, "Milli Şura"nın mitinqində radikal islamçıların ideoloqlarından biri, İslam partiyasının funksioneri Rövşən Əhmədov hazırda Nardaran hadisələrinə görə həbs olunmuş Taleh Bağırzadənin müraciətini oxuyub. T.Bağırzadə, faktiki olaraq, əhalini müqavimətə, itaətsizliyə və qarşıdurmaya çağırıb.
Azərbaycanın dövlət bayrağının təhqir edilməsinin ardınca Ə.Kərimli-C.Həsənli cütlüyü təxribatdan istifadə etməyə çalışsa da, buna nail ola bilmədi!
Maraqlıdır ki, "Milli Şura"nın mitinqində terrorda günahlandırılan, 7 nəfərin ölümünə səbəbkar olan şəxsin çıxışı və radikal çağırışlarının səsləndirilməsi, orada "Allahu-Əkbər" sədalarının eşidilməsi Ə.Kərimli-C.Həsənli cütlüyü üçün narahatlıq doğurmayıb. Daha dəqiq desək, "demokratiya", "dünyəvilik" baxışlarına sahib olduqlarını iddia edən bu cılız "liderlər" indi də dini şüarlar vasitəsilə Qərb ağaları qarşısında özlərini doğrultmağa cəhd göstərdilər. Hətta bunun üçün Azərbaycanın dövlət bayraqlarına qarşı belə təhqiredici şəkildə davranaraq, onları yerə tökdülər!
Nəticədə, bəlli olub ki, "Milli Şura" bununla din faktorundan geniş istifadə edərək, dini və dindarları siyasi mübarizə alətinə çevirdiyini açıq nümayiş etdirib. Ona görə də sonda Kərimli və Həsənli tərəfdarları və radikal dindarlar "Məhsul" stadionundan kənarda təxribatlara əl ataraq, asayişi pozmağa cəhd göstərdilər.
Daha bir nüans isə, öz peşə borclarını yerinə yetirmələri yerinə, müxalifət jurnalistlərinin də bu təxribatlar sırasında yer almaları oldu. Əlbəttə ki, belə bir məqamda yalnız bir nəticəyə gəlmək olar – "Milli Şura" əlində olan son vasitədən, təxribatdan istifadə etməyə çalışsa da, buna nail ola bilmədi.
Arif Hacılı niyə müsavatçıları sol küncə toplaşmağa cəhd edirdi?
Müsavat partiyasının ayın 18-də keçirilən mitinqində də rüsvayçılığın həddi-hüdudu sərhəd tanımadı. Məsələn, mitinq başlamazdan az öncə, Müsavat başqanı A.Hacılı mitinqin keçirildiyi stadiona nə qədər insanın toplaşdığını təşkilatçılardan soruşub. Aksiya təşkilatçıları gözlədiklərindən az adamın olduğunu bildiriblər. Mitinq başlandıqdan sonra isə adam sayının az olması A.Hacılının aksiya təşkilatçılarına vacib tapşırıq verməyə məcbur edib. SİA-nın mitinqi müşahidə edən əməkdaşı məlumat verib ki, Müsavat başqanı adamların bir yerə - tribunanın sol küncünə toplaşmalarını tələb edib. O, bununla vəziyyətdən çıxış yolu kimi "kütlə" görüntüsü yaratmağa cəhd edib. Lakin bu vasitə də mitinqin çoxsaylı görünməsinə imkan verməyib.
İsa Qəmbərin qaniçənlik, vəhşilik, qeyri-insanilik və murdarlıq nümayiş etdirməsi haradan qaynaqlanır?
Aksiyadakı çıxışlar da mitinqin mövzusundan kənar məsələlər ətrafında quruldu ki, burada partiyanın sabiq baqşanı İ.Qəmbərin canfəşanlığı, nəticədə, onun iç üzünün çirkablıqlarını ifşa etdi. Belə ki, dövlətin yürütdüyü demokratik siyasətə qarşı böhtançılıq, şər və qarayaxma yolu ilə kölgə salmağa cəhd edən İ.Qəmbər danışığı əsnasında özünün hakimiyyətdə olduğu dövrləri unudub. Unudub ki, məhz AXC-Müsavat cütlüyünün iqtidarı zamanı İsa Qəmbər həm Ali Sovetin sədri, həm də dövlət başçısı vəzifəsini müvəqqəti icra edən şəxs kimi ölüm hökmünün icra eidlməsinə imza atıb. Bununla, o, ölüm hökmünün ləğvi istiqamətində başladılan prosesə göz yumaraq qaniçənlik, vəhşilik, qeyri-insanilik və murdarlıq nümayiş etdirmiş olub. Halbuki həmin vaxtlar post-sovet məkanında ölüm hökmlərinin ləğv olunması prosesinə başladılmışdı və ölkələr ölüm hökmünə məruz qalmış şəxslərə qarşı humanistlik göstərərək, qanunun rəsmi qəbulunu gözləyirdilər. Hələ o dövrdə AMİP sədri Etibar Məmmədov "İ.Qəmbər, sənin əlin bu xalqın qanına batıb" deyirdi. İ.Qəmbər isə bu prinsipləri ayaq altına ataraq, qeyri-insani və qeyri-demokratik addıma gedib, 10 nəfər insanın qətlinə öz murdar imzasını atıb.
Sözügedən mitinqə "demokratiya", "insan haqları" və s. keyfiyyətlərdən dəm vuran İ.Qəmbərin məlum qərəzli fikirləri səsləndikdən sonra aksiyada iştirak edən bəzi insanlar onun simasızlığından təəccüblənərək, Müsavatın sabiq başqanına etiraz fiti səsləndirib, "Məhsul" stadionunu tərk ediblər. Zamanında ayılan iştirakçılar da anlayıblar ki, Müsavatın keçirdiyi mitinq, bilavasitə, dövlətçiliyin və Azərbaycan xalqının maraqlarına qarşı təşkil olunub.
Fərəc Kərimlinin Müsavat başqanı kimi təqdim olunması onu göstərir ki, İ.Qəmbər A.Hacılını başqan kimi qəbul etmir.
Daha bir vacib məqam nəzərdən yayınmadı. Belə ki, İ.Qəmbər çıxışı əsnasında Fərəc Kərimlini Müsavat partiyasının başqanı kimi təqdim edib.
Daha sonra səhvini düzəldərək deyib ki, müavindir, lakin başqan da ola bilər, nə fərqi var. Göründüyü kimi, İ.Qəmbər artıq partiyadaxili problemlərini də, özü də bilmədən, azsaylı aksiya iştirakçılarının diqqətinə çatdırıb.
Görünən isə budur ki, 2 il bundan öncə, narkotik vasitələrin əldə olunması və saxlanılmasına görə, həbs edilmiş Fərəc Kərimlinin Müsavat başqanı kimi təqdim olunması onu göstərir ki, İ.Qəmbər A.Hacılını başqan kimi qəbul etmir.
Müsavatdan aprel şəhidlərinə sayğısızlıq!
Daha rüsvayçı və hiddətdoğurucu olay isə Müsavat partiyasının divan üzvü Osman Kazımovun çıxışında aprel şəhidlərinə hörmətsizlik nümayiş etdirməsi oldu. Belə ki, o, Azərbaycan Ordusunun aprel əməliyyatlarında qazandığı böyük uğuru kiçik bir hadisə` kimi təqdim edib.
Müsavat üzvünün ordumuzun illər sonra qazandığı aprel qələbəsini kiçik, şişirdilmiş hadisə kimi qələmə verməsi Vətən uğrunda şəhid olan əsgərlərimizin və zabitlərimizin ruhuna böyük hörmətsizlik kimi qiymətləndirilir.
Yeri gəlmişkən, Müsavatın mitinqinin başlamasından hələ yarım saat keçməmiş, insanlar kütləvi şəkildə "Məhsul" stadionunu tərk etməyə başlamışdılar ki, bu faktın özü qaragüruhçu və antidövlətçi radikalların hansı vəziyyətdə olmalarını kifayət qədər sübuta yetirmiş oldu.
Rövşən NURƏDDİNOĞLU