"Liderlər"in özlərini xalqdan təcrid etmələri bunun başlıca səbəbidir
Bu gün dağıdıcı müxalifətdən yazmaq istəməsəm də, onların həyasızlığını görəndə, fikrimi dəyişdim. Deyəndə ki, radikal müxalifət həyasız məxluq olduğu kimi, xəstəliyi də əlacsızdır. Görünür, müxalifətçilər nəyə ağız büzdüklərini yaxşı bilirlər - satqınçılıqla aldıqları qrantların artırılmasını istəyirlər. Bu gün bəzi müxalifətyönlü vətəndaş cəmiyyətinin formalaşması üçün xaricdən ayrılan qrantların elə dağıdıcı təmayüllü müxalifətçilər tərəfindən mənimsənilməsi kifayət qədər hər şeyi ortaya qoyur.
Budur, artıq ölkəmizdə keçirilən Referendum Aktına xalq "HƏ" dedi. Ancaq radikal müxalifət yenə də öz çirkin əməlindən əl çəkməyərək, böhtançı çıxışlar edir. Bu, heç də təəccüb doğurmur. Çünki xaricdən maddi və mənəvi yardım alan müxalifətin iqtidarın istənilən təşəbbüsünə etiraz şəklində münasibət bildirməsi adətə çevrilib. Amma müşahidə edə bildiyimiz bir reallıq haqqında fikrimi bildirmək istəyərdim. Bu da ondan ibarətdir ki, müxalifətin referenduma etirazını onların özlərindən savayı duyan yoxdur. Ən azından onların istər referendum ərəfəsi keçirdikləri mini-mitinqlər əhali tərəfindən soyuq etinasızlığa tuş gəldi.
Aşkarlıq acı və rüsvayçı məğlubiyyətdir
Ən istehza doğuran bir məqamı xatırlatmaq istərdim. Belə ki, referendum öncəsi lazımi qədər imza toplaya bilməyən dağıdıcı müxalifətin referendum günü seçki məntəqələrində "müşahidəçilik" (?-R.) etmələrinə hansı adı vermək olar?!
Heç bir müşahidəçilik missiyası hüququnuzun olmadığı halda, referendumun baş tutub-tutmaması ilə bağlı rəylər, bəyanatlar irəli sürməyiniz kimə lazımdır? Referendumdan öncə bar-bar bağıraraq, boğazınızı yırtırdınız ki, xalq bu prosesi boykot etsin. Görəndə ki, xalq sizi... saymır, başladınız özünüz-özünüzə təskinlik verməyə ki, bəs biz boykot qərarını seçirik. İndi nə oldu? Əgər boykot edirdinizsə, o zaman niyə referendumun nəticələrini qeydə almayan müşahidəçilər kimi, araşdırma aparmaqla yanaşı, ingilis dilində də bəyanat yaymağınız kimə lazımdır?
Demokratiya yolu ilə irəliləyən, demokratik təsisatlarını təkmilləşdirən Azərbaycanda dəyişikliklərdən və yeniləşməkdən kənarda qalan belə rüsvayçı müxalifətin mövcudluğu biabırçılıqdır. Çünki bütün parametrləri ilə müasir olan iqtidarla 23 ildən bəri dəyişməyən, yenilənməyən, güclənməyən və ən əsası cəmiyyətə adaptasiya ola bilməyən müxalifət, təbii ki, indiki vəziyyətə düşməlidir, çünki hakimiyyət güclüdür və xalq da satqın müxalifətdən imtina edir.
Beləliklə, müxalifət özü-özünə quyu qazmaqda davam edir. Çünki müxalifətin sıradan çıxması üçün hakimiyyətə əlavə resurs cəlb etmək lazım deyil. Zatən, əks-düşərgə özü-özünü içindən didib-parçalayır.
Rəfiqə HÜSEYNOVA