PDF Oxu

Müxalifət

  • 2 272

Referendum bitdi, AXCP-Müsavat qovğası bitmədi

image

TƏRS BAXIŞ

Yadigar Sadıqov: "Yaxınlaşma üçün o qədər israr edirik, sonra deyirlər ki, Müsavat kənardan kiçik və pis görünür"

AXCP-Müsavat qarşıdurmasının get-gedə dərinləşməsi hər iki partiya funksionerlərinin bir-birinə ittihamlarını daha da artırır. Daha dəqiq desək, hazırda Müsavat rəhbərliyində təmisil olunan şəxslər partiyanın AXCP qarşısında alçalması iddialarını qəbul etmədiklərini iddia etməkdədirlər. Məsələnin də bu tərəfində maraqlı bir situasiya yaranır və bu situasiya artıq bitmiş bir siyasi hadisənin - referendumun ətrafında cərəyan edir. Belə ki, qəzetimizə daxil olan məlumata görə, Müsavat partiyasının başqan müavini Yadigar Sadıqov deyib ki, iddiaların gündəmdə qalması müddəti nə qədər uzanacaqsa, AXCP ilə Müsavatın bundan sonrakı mərhələdəki münasibətləri də düzəlməyəcək. SİTAT: "AXCP və "Milli Şura" əməkdaşlıqda maraqlı olmadığını referendum kampaniyası zamanı ortaya qoydu. Müsavat əlindən gələni etdi ki, funksional əməkdaşlıq formatında referendum mərhələsində birgə fəaliyyət göstərilsin. Ancaq qarşı tərəfin iddiaları səbəbindən, bu, baş vermədi. AXCP və "Milli Şura" buna mənfi münasibət bəsləyən tərəf oldu. Odur ki, münasibətlər haqqında xüsusi bir izahata ehtiyac yoxdur".

Ambisiya, təkəbbür və iddialardan doğan antipatik hisslər

Qısa xatırlatma etməyə yenə də ehtiyac var. Müsavatda İ.Qəmbərin başqanlıq dönəmində - 2013-cü il prezident seçkiləri ərəfəsində bu partiya daha çox AXCP-nin egidası altında fəaliyyət göstərən "Milli Şura"nın sıralarını səsli-küylü şəkildə tərk etdi. Buna səbəb isə, "Milli Şura"nın seçkilərə irəli sürəcəyi "vahid namizəd" məsələsində ortaq məxrəcə gələ bilməməsi, R.İbrahibməyov olayı, ardınca isə C.Həsənli faktoru oldu. Daha bir səbəb isə müsavatçıların "Milli Şura"nın Rusiyanın siyasi dairələri ilə əlaqəsi barədə irəli sürdükləri ittihamlarıydı. AXCP sədri Ə.Kərimli hər vəchlə bu ittihamları rədd etsə də, faktlar ortadaydı və bəlli olmuşdu ki, "Milli Şura"nın əsas maliyyə qaynağı Rusiyada fəaliyyət göstərən "Milyarderlər İttifaqı"dır. Müsavatçılar isə bunun doğru siyasət olmadığını deyərək, "Milli Şura"nın asılı bir quruma çevrildiyini iddia edirdilər. Nəticədə Müsavat Ə.Kərimlinin nəzarətinə keçən "şura"dan istefaya getdi.

Əlbəttə ki, ortada olan növbəti məqam Ə.Kərimli-İ.Qəmbər arasında uzun illərdən bəri formalaşmış antipatik hisslər idi ki, bu hissələr iki partiyanın bir araya gəlməsinə heç vaxt imkan verməyib. Ambisiya, təkəbbür və iddialardan doğan antipatik hisslər, hətta Müsavatın qurultayından sonar da davam etdi. Məhz İ.Qəmbərin dəstəyi ilə A.Hacılının saxta yollarla Müsavata başqan gətizdirilməsi AXCP-nin Müsavata qarşı olan hikkəsini birə-beş qat artırdı. Görünür, bu səbəbdən, A.Hacılı başqan kreslosuna oturar-oturmaz, dərhal mətbuat konftansı keçirərək, AXCP ilə "münasbətlərin normallaşmasının tərəfdarı" qismində çıxışlar etdi. Halbuki Ə.Kərimli A.Hacılını başqan seçilməsi münasibəti ilə təbrik belə etməmişdi.

Daha sonra Müsavatın başqan müavini Yadigar Sadıqlı (digər başqan müavini Yadigar Sadıqovla səhv salınmasın-R.R.) hələ həbsxanada olarkən, iki partiyanı barışdıracağı ətrafında hərəkətə keçəcəyini bəyan etdi. O, "çölə" çıxdıqdan sonra sona qədər öz missiyasını icra edəcəyini və uğurlu nəticəyə qədər addım atacağını desə də, heç nəyə nail ola bilmədi və geriyə çəkildi. Ə.Kərimli Y.Sadıqlının "Milli Şura"da qalan yeganə müsavatçı olmasını belə nəzərə almayaraq, A.Hacılı ilə kompromisə getməyəcəyini net qaydada bəyan etdi.

AXCP-"Milli Şura" cütlüyü çulunu sudan quru çıxarmaqdan ötrü "boykot" qərarı verildiyini bəyan etdi, Müsavat isə imza toplaya bilməyərək, geri çəkilmək məcburiyyətində qaldı

Belə olan bir vəziyyətdə, daha dəqiq desək, düşmənçilik səviyyəsində olan partiyaların barışması, əlbəttə ki, tamamilə mümkünsüz görünür. Bu baxımdan, hətta referendumun keçirilməsinin əleyhinə olan AXCP və Müsavat bu məsələdə də bir araya gəlib, adicə təşəbbüs qrupu yaratmaqdan ötrü imza toplamağı bacarmadı. AXCP-"Milli Şura" cütlüyü çulunu sudan quru çıxarmaqdan ötrü "boykot" qərarı verildiyini bəyan etdi, Müsavat isə imza toplaya bilməyərək, geri çəkilmək məcburiyyətində qaldı.

Mitinq hadisələri də göz önündədir. Həm "Milli Şura"nın, həm də Müsavatın rüsvayçı mini aksiyaları bu gün də ictimai rəydə istehza ilə qarşılanmaqda davam edir. Beləliklə, hətta referendum aksiyası bitsə də, AXCP-Müsavat qovğası bitməyib.

Ona görə də, qarşılıqlı ittihamların ardı-arası kəsilmilr. Müsavat başqanının müavini Y.Sadıqov, həmçinin, deyir ki, indi siyasi hadisə kimi ortada hər hansı bir proses olmadığından, bu iki partiyanın əməkdaşlıq edəcəyi bir məsələ də yoxdur: "Bundan sonra bir yaxınlaşma olacağını güman etmirəm. Əgər bu yaxınlaşma referendumda baş vermədisə, bundan sonrakı sakit mərhələdə bunu gözləmirəm. Qəfil seçkilər olacaqsa, bu zaman fikirlərimizin üst-üstə düşüb düşməyəcəyini də gələcək göstərəcək".

Y.Sadıqov AXCP-dən fərqli olaraq, Müsavatın kompromislik məsələsində təşəbbüskar rolu oynadığını da bildirib. Yəni hər iki partiyanın yaxınlaşmasının son nəticəsində birinin digərini aldatması kimi hallarla müşahidə olunmasına gəlincə, Y.Sadıqov bildirir ki, onlar konkret referendumla bağlı əməkdaşlıq təklif edib: "Təklif etdik ki, birgə təşəbbüs qrupu yaradaq, aksiyaları birgə keçirək, səsvermə günü müşahidə həyata keçirək. Burada kiminsə kimisə aldatması ehtimalı yoxdur. Əslində, funksional əməkdaşlıq budur. Sən hansısa təşkilatla birləşmirsən ki, sonradan kimsə səni aldatsın, nüfuz savaşı olsun".

Onların ictmai rəy qarşısında heç bir nüfuzları qalmayıb

Y.Sadıqov Müsavatda, məhz onun AXCP ilə əməkdaşlığın əleyhinə olması haqda deyilənləri də şərh edib: "Müsavatda əməkdaşlığın əleyhinə olan qüvvə yoxdur. Sadəcə olaraq, bəzən yaxınlaşma üçün o qədər israr edirik ki, sonra deyirlər ki, Müsavat kənardan kiçik və pis görünür. Əgər qarşı tərəfə bir-iki dəfə əməkdaşlıq təklifi edilibsə və bu qəbul edilməyibsə, üçüncü dəfə təklif vermək düzgün deyil. Yalnız bu kimi məsələlərdə fikir ayrılıqlarımız ola bilər".

Nəticə etibarilə, bundan sonra nə AXCP-nin Müsavata, nə də Müsavatın AXCP-yə qarşı kompromis addıma getməyəcəyi qənaətinə gəlmək olar. Hazırda müxalifət düşərgəsində gedən başqa bir proses, ümumilikdə, hər iki "ana müxalifətçilik" iddiasında olan partiyaların siyasi məhvini sürətləndirə bilər. Bu fakt ənənəvi düşərgədən qoparaq, yaranan yeni müxalifət təşkilatları ilə bağlıdır. Məsələn, hazırda düşərgədə Müsavatdan qopan və Tural Abbaslının sədri olduğu "Ağ Partiya", AXCP-dən qoparaq alternativ AXCP kimi fəaliyyət göstərən və sədri Razi Nurullayev olan Xalq Cəbhəsi Partiyası, o cümlədən, Qubad İbadoğlunun sədri olduğu "ADR" hərəkatı və s. bu sıradandır. Müxalif meyilli insanlar da daha çox sivil, normal müxalifətçilik edən, bir sıra məsələlərdə iqtidarla dialoqa getməyə hazır olduqlarını gizlətməyən müxalifətə üstünlük verirlər ki, nəinki AXCP, Müsavat kimi köhnə meydan ənənəsindən, qaragüruhçuluqdan, radikallaşmaqdan əl çəkməyən partiyalara. Ona görə də, artıq ölkənin siyasi arenasında yerləri olmayan AXCP, Müsavat partiyaları və onların dəstəkvericiləri özlərini yorub, "ana müxalifətçilik" uğrunda bir-birləri ilə didişməsələr, daha yaxşı olardı. Çünki onların ictmai rəy qarşısında heç bir nüfuzları qalmayıb.

Rövşən RƏSULOV

Digər xəbərlər