Niyaməddin Orduxanlı: "Milli Şura" daxilində maliyyə vəsaitinin bölünməsi uğrunda mübarizə gedir"
Müsahibimiz BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıdır
- Niyaməddin bəy, "Milli Şura" daxilində yenidən konfliktlər yaranıb. Bunu maliyyə mənbələrini əldə etmək uğurunda Cəmil Həsənli ilə Əli Kərimli arasında qarşdurmanın nəticəsi kimi qiymətləndirmək olarmı?
- Əslində, Əli Kərimlinin təmsil olunduğu "Milli Şura"da bir necə siyasiləşmiş QHT sədrləri var ki, onlar xaricdən maliyyələşən şəxslərdir. Həmin şəxslərin orada toplanması da beynəlxalq təşkilatların tapşırığı əsasındadır. Onların "Milli Şura"da əsas fəaliyyətləri layihə çərçivəsindədir. Milli və dövlətçilik maraqlarına yönələn məkrli fəaliyyətləri ilə xarici maraqlı qüvvələrdən maliyyə yardımı almağa çalışırlar. Bütövlükdə, Ə. Kərimlinin özü bu prosesə əvvəlcədən qrant qazancı kimi baxırdı və o prosesi aparanda, məhz xaricdən maliyyələşməni düşünürdü.
- Deməli, Əli Kərimlinin apardığı yarıtmaz siyasəti daha cox milli maraqlarımız qarşı yönəlib?
- Bəli, onun apardığı siyasətin əsas pirinsipi Azərbaycanın milli maraqlarına zərbə vurmaq və bu istiqamətdə erməni diasporasından maliyyələşən beynəlxalq qrupların pozucu göstərişlərini yerinə yetirməkdir. Son vaxtlar qurum daxilində qarşıdurmaların daha gərgin xarakter almasının səbəbi də əldə olunan pulun bölünməsində təşkilatçılar tərəfindən ədalətsizliyə yol verilməsidir. Yəni "Milli Şura" daxilində maliyyə vəsaitinin bölünməsi uğrunda mübarizə gedir. Pulu bölə bilmirlər. Birinə az, digərinə isə çox düşür. Bu da, nəticədə, müəyyən narazılıqlara gətirib çıxarır.
- Sizcə, nəyə görə, Əli Kərimli AXCP-nin adından deyil, daha çox "Milli Şura"nın adından çıxış edir?
- Əli Kərimli düşünür ki, guya "Milli Şura" daha böyük anlamda nəzərə çarpır. Yəni bu ad altında fəaliyyət göstərməklə xarici fondların daha cox diqqətini cəlb edə bilər. Bununla da pul almaq imkanları genişlənər. Bir sözlə, Ə.Kərimli özünü daha "böyük lider" kimi göstərmək üçün "Milli Şura"ya istinad edir. Amma əslində, məlum olduğu kimi, 2013-cü ildə prezident seçkilərində "Milli Şura" Rusiya tərəfindən yaradılmış və onun da başına Rüstəm İbrahimbəyov qoyulmuşdur. "Milli Şura" yarananda, sıralarında 129 nəfər şəxs təmsil olunurdu. Prezident seçkiləri qurtaran kimi, bunun 70 faizi istefa verdi. Necə deyərlər, bu qurumu kim yaratmışdısa, elə onlar da dağıltdılar. Bir də bu gün həmin "Milli Şura" deyilən qurumda qalanlara baxsaq, görərik ki, Ə.Kərimlinin təşkilatında olan bir necə nəfərdən başqa, heç kəs orada qalmayıb. Belə olan halda 5-10 nəfərlə nə edə bilərlər ki? Əlbəttə, heç nə edə bilməzlər. Sadəcə olaraq, bu gün Ə.Kərimli "Milli Şura"nın quru adından istifadə edir.
GÜLYANƏ