Əli Kərimli-Qənimət Zahid davası "şişir"
3 il bundan öncə ölkəni tərk edib Fransaya mühacirət edən və Avropada Azərbaycan əleyhinə kampaniyalarda iştirak edən, bu istiqamətdə erməni lobbisinin buraxdığı sərmayələr hesabına fəaliyyət göstərən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin AXCP sədri Ə.Kərimli ilə davası "şişməkdə" davam edir. Məsələnin mahiyyəti barədə mediada məlumatlar getsə də xatırlatmaq yerinə düşərdi ki, "Azadlıq" qəzetinin əsas rıçaqları, yəni fəaliyyət kursunun müəyyənləşdirilməsi, bilavasitə Ə.Kərimlinin əlindədir. Yəni Q.Zahid, faktiki olaraq, "Azadlıq" qəzetinə, o cümlədən, elektron versiyasına rəhbərlik etmir və bu mətbu orqan birbaşa AXCP sədrinin səlahiyyətinə keçib.
Sorosa bağlı olan donor təşkilatın Əli Kərimlini heçə sayaraq Qənimət Zahidi əsas fiqur kimi nəzərə alması isə AXCP sədrini hiddətləndirib
Sözügedən məsələnin mahiyyətini daha dərindən anlamaq üçün bir neçə xatırlatmanı etmək yenə də yerinə düşərdi. Məlumat üçün bildirək ki, Corc Sorosa bağlı donor təşkilatlardan biri layihə çərçivəsində "Azadlıq" qəzetinə 175 min avro qrant ayırıb. Bu pulu Azərbaycana birbaşa çatdırmaq imkanı olmayan təşkilat həmin vəsaiti hazırda Fransada yaşayan Q.Zahidə ötürüb.
Sorosa bağlı olan donor təşkilatın Ə.Kərimlini heçə sayaraq, Q.Zahidi əsas fiqur kimi nəzərə alması isə AXCP sədrini hiddətləndirib. Çünki Q.Zahid pulu götürdükdən sonra Ə.Kərimliyə düşən payı ona çatdırmayıb, əvəzində isə, yeni "layihəyə" başladığını bildirib. Q.Zahid iddiasına səbəb də tapıb. O, son zamanlar "Azadlıq" qəzetinin çapının bərpa olunmamasından narahatlığını və qəzetin saytının informasiya siyasətindən narazı olduğunu bildirib.
Qənimət Zahid Əli Kərimlinin minnət elçisi Rahim Hacıyevi polis gələnə qədər döyüb?
Söz yox ki, Q.Zahidin iddiaları Ə.Kərimlini özündən çıxardıb və 175 min avronu (?!-R.N.) geri almaq üçün "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevi, eləcə də, digər bir neçə cəbhəçini Q.Zahidin yanına – Fransaya minnətə göndərib. Məhz bundan sonra tərəflər arasında qarşıdurma daha da şiddətlənib. Məlumata görə, vəziyyət o həddə çatıb ki, R.Hacıyevlə Q.Zahid pul üstündə əlbəyaxa olublar və bir-birlərini möhkəm əzişdirməyə macal tapıblar. Əlbəttə ki, Fransa polisinin müdaxiləsinə qədər. Q.Zahid Ə.Kərimlinin minnət elçisinə deyib ki, aldığı pulu AXCP sədrinə verməyəcək. Çünki o, bu pulu "Azadlıq" qəzetinə deyil, özünün və partiyanın xərclərinə sərf etmək niyyətindədir və beləliklə, həmin dava bu gün də tam sürətilə davam etməkdədir.
Ümumiyyətlə, mövcud vəziyyətə nəzər salarkən, zaman-zaman Ə.Kərimlinin AXCP-də bu kimi məsələlərin, xüsusilə, pul üstündə baş verən dava-dalaşların kifayət qədər olduğunu xatırlaya bilərik.
Pula olan maraq onlar üçün ailə bağlarından da önəmlidir
Hətta pul amili cəbhəçilər üçün o qədər önəmli və əhəmiyyətlidir ki, bu məsələdə ailələrinə belə heç bir güzəştə getmirlər. Buna misal kimi, daha bir bənzər hadisəni xatırlaya bilərik. Belə ki, burada da Q.Zahidin və Ə.Kərimlinin adlarının hallanmasından yan keçilməyəcək.
Q.Zahidin doğma qardaşı, hazırda Belçikada mühacir həyatı yaşayan Mirzə Zahidov (Sakit təxəllüsü ilə-R.N.) "Azadlıq" qəzetində fəaliyyət göstərdiyi vaxtlar AXCP-yə axan pullardan xəbərdar olub və qardaşı Q.Zahidin eyş-işrətlə məşğul olması, mənəviyyatsız və əhli-kef həyat sürməsi onu hiddətləndirib. Çünki həmin vaxtlar "Azadlıq"da çalışan əməkdaşların maaşları ya verilmirdi, ya da zəhmət haqları qəpik-quruşla ödənilirdi. Əvəzində, Ə.Kərimli də partiyaya və qəzetə ünvanlanan pulların bir hissəsini şəxsi məqsədlərinə xərcləyirdi, hətta qəzetin borclarını belə ödəməkdən yayınırdı.
Məhz bundan sonra M.Sakit qardaşı ilə dalaşaraq qəzetdən çıxıb, bu gün də onların arasında heç bir münasibətləri yoxdur. Yəni görünən budur ki, həmin vəziyyət bu gün də eyni şəkildə davam etməkdədir.
Artıq belə qənaətə gəlmək olar ki, "Azadlıq" üstündə baş verən dava-qırğınların nəticəsi bu qəzetin fəaliyyətinin dayanması ilə yanaşı, həm də AXCP-də vəziyyətin hansı həddə olduğunun göstəricisidir. Əgər bu gün istər Ə.Kərimli ölkədə və xaricdə baş verənlərə hər hansı münasibət göstərirsə, onun bir siyasətçi kimi ictimai rəydə maraqlı olması heç də inandırıcı görünmür. O cümlədən, əhlikef Q.Zahid də onun kimi. Ortada olan faktlar da, məhz belə qənaətə gəlməyə kifayət qədər zəmin yaratmaqdadır.
Rövşən NURƏDDİNOĞLU