Bildiyiniz kimi, noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiyanın qəbul edildiyi gündür. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra isə yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Bununla da, 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü kimi qəbul edilib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də məhs müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması olmuşdur.Elan olunan Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir ki, burada hər bir mövzuya toxunulmuşdur, bu istər insan azadlığı olsun və yaxud hər hansı bir məhdudiyyət tədbiri. Qeyd olunan Konstitusiyaya 24 avqust 2002-ci ildə, 18 mart 2009-cu ildə və 26 sentyabr 2016-cı ildə referendum yolu ilə əlavə və dəyişikliklər edilmişdir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır. Bununla da, müasir Azərbaycanın idarə olunmasında tətbiq edilən qanunların əsas bünövrəsi olan Konstitusiya öz təsbitini tapmışdır.
Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı