21 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) siyasi səhnəyə gəlişinin 30 ili tamam olur. Azərbaycanın müstəqillik dövrünün ən çətin və keşməkeşli dövründə yaranan bu partiya indi sadəcə ölkəmizin yox, bütün Cənubi Qafqazın ən nüfuzlu aparıcı siyasi qüvvəsi kimi özünü təsdiq edir. 30 illik şərəfli tarixə malik iqtidar partiyası öz keçmişinə prezident və parlament seçkilərində 6, bələdiyyə seçkilərində isə 5 qalibiyyət daxil edərək təkrarlanması çox çətin böyük bir uğur hekayəsi yazıb. Bütün bu uğurlar onu göstərir ki, YAP xalqın partiyasıdır. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya onun öz sözlərində deyildiyi kimi, "Dünənin, bu günün və gələcəyin partiyasıdır".Məlumdur ki, 1990-cı illərin əvvəlləri ölkəmiz üçün ictimai-siyasi böhranın və iqtisadi tənəzzülün hakim olduğu bir dövr olaraq xarakterizə olunur. Həmin dövrdə müstəqilliyini yeni qazanmış ölkəyə səriştəsiz şəxslərin rəhbərlik etməsi ölkəni sözün əsl mənasında viran qoymuş, xalq vətəndaş müharibəsinin astanasına gəlmişdi. Bununla da çətinliklə, qanla qazanılmış müstəqillik itirilmə təhlükəsi ilə üz-üzə qalmışdı. O zaman Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə yanılmayıb və öz parlaq gələcəyini təmin edib. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu Öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz Ulu Öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.Bütün bunların xaricində Ulu Öndər öz yerinə layiqli varis, onun yolunu davam etdirəcək dahi bir şəxs qoyaraq da özündən sonra ölkəsinin uğur yolunun davam etməsinə şərait yaratdı. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənabları öz sədrliyi dövründə partiyanın və ölkənin daha da inkişaf etməsini, nüfuzunun yüksəlməsini təmin etdi. Hər şeydən əvvəl cənab İlham Əliyev öz prezidentliyi dövründə qarşıya qoyulan hər bir məqsədi, verilən hər bir vədi yerinə yetirərək xalqının etimadını və rəğbətini qazandı. Bu gün Yeni Azərbaycan Partiyası İlham Əliyevin rəhbərliyi ilə bütöv bir xalqı öz ətrafında birləşdirib. Partiyaya üzv olan şəxslərin 40 faizini gənclər təşkil edir ki, bu statistika da gələcəkdə də partiyanın öz uğurlu fəaliyyətini davam etdirəcəyini və ətrafında bugünkündən də çox insanı birləşdirəcəyini sübut edir.Onu da qeyd etmək zəruridir ki, Yeni Azərbaycan Partiyası demokratik prinsiplər və ideyalara sadiq qalan bir partiyadır. Konstitusiya və qanunvericilik çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Beləliklə, Partiyanın ideyaları, siyasəti xalq tərəfindən yüksək səviyyədə dəstəklənir. Bunu YAP sıralarının ildən-ilə genişlənməsi və 700 mindən çox üzvünün olması faktı da əyani sübut edir. Yarandığı gündən indiyədək iştirak etdiyi bütün seçkilərdə qalib qələn partiyanın gələcək hədəfləri də aydındır: müstəqilliyin dönməzliyi, davamlı iqtisadi inkişaf, hər bir Azərbaycan vətəndaşının üstün sosial rifahı...
Təranə İskəndərova
Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri