Nəzərə alsaq ki, Fransa, eləcə də bu ölkənin bir çox siyasi dairələri erməni lobbisinin ən güclü yuvası hesab olunur, bu zaman YUNESCO-nun anti-Azərbaycan fəaliyyəti tam çılpaqlığı ilə üzə çıxmış olur
Sirr deyil ki, bir sıra təşkilatlar zaman-zaman Azərbaycana qarşı riyakar və ikiüzlü siyasət aparırlar. Belə təşkilatlardan biri də YUNESCO-dur. Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə erməni işğalına məruz qaldığı dövrlərdə həmin ərazilərdə tarixi və dini abidələrimizə qarşı törədilmiş erməni vandallığına, qəsbkarlığına qarşı bir dəfə də olsun etiraz səsini ucaltmayan bu təşkilatın indi açıq-aşkar ermənipərəstlik mövqeyi sərgiləməsi bir daha sübut edir ki, onun fəaliyyəti yalnız ikiüzlü siyasət üzərində deyil, həm də digər arzuolunmaz cəhətlərlə sıx bağlıdır.
Ermənilərin bir çağırışı ilə Hadruta missiya göndərmək istəyən YUNESCO üçün Ağdam, Füzuli maraqlı deyil (?!)
Məsələn, təkcə bir faktı önə sürək və sual edək: YUNESCO hazırda nəyə görə məhz erməni işğalından azad edilmiş Hadruta missiya göndərmək üçün bu qədər dəridən-qabıqdan çıxır? Yaxud, YUNESCO hansı səbəblərə görə Ağdama, Füzuliyə, Qubadlıya, Zəngilana, Xocavəndə və s işğaldan azad edilmiş Azərbaycan torpaqlarına araşdırıcı missiya göndərməkdən imtina edir? Səbəbi bəllidir – dünyanı və dünya xalqlarının, xüsusilə müsəlman aləminin mədəniyyətlərini ayıran, onlara etinasız yanaşan, qütblərə bölən və təəssüf ki, get-gedə təsir dairəsi artan xristian klubu reallığı artıq öz iç üzünü daha qabarıq fonda nümayiş etdirməkdədir.Və bütün bunların müqabilində gözlənilən addım atıldı - Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva YUNESCO-nun xoşməramlı səfiri adından imtina etdi, bu təşkilatın baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri Odri Azula məktub göndərməsi ilə əslində öz haqlı, ədalətli etirazını bəyan etdi!Bir daha aydın oldu ki, Azərbaycanın YUNESCO ilə sıx əlaqələr qurmasına, xüsusilə Mehriban Əliyevanın dünyanın, eləcə də Qərbin mədəniyyət incilərinə həssas yanaşmasına, bir çox tarixi abidələrin bərpasına göstərdiyi ayrıca diqqətinə baxmayaraq, bu təşkilat Azərbaycanın çağırışlarına əhəmiyyət vermədi.
YUNESCO üçün Azərbaycan xalqının mədəniyyət sərvətlərinin məhvə məruz qalması əsla və ümumiyyətlə maraqlı deyilmiş..!
Üstəlik, YUNESCO mütəmadi olaraq Azərbaycan torpaqlarındakı erməni vandallığının, barbarlığının dəlil və sübutları ilə məlumatlandırılırdı, bu təşkilatın mütəxəssisləri ölkəmizə dəvət edilirdilər, ancaq edilən bütün cəhdlərə susqunluqla cavab verilirdi. Yəni fakt bu idi ki, YUNESCO üçün Azərbaycan xalqının mədəniyyət sərvətlərinin məhvə məruz qalması əsla və ümumiyyətlə maraqlı deyilmiş..!O da əbəs deyil ki, YUNESCO-nun Azərbaycana qarşı birtərəfli mövqe nümayiş etdirməsinin daha bir səbəbi kimi təşkilatın baş katibinin fransız olması göstərilir. Nəzərə alsaq ki, Fransa, eləcə də bu ölkənin bir çox siyasi dairələri erməni lobbisinin ən güclü yuvası hesab olunur, bu zaman YUNESCO-nun anti-Azərbaycan fəaliyyəti tam çılpaqlığı ilə üzə çıxmış olur.
Fransız KİV-ləri nədən yazırdılar?
Halbuki, həm də Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyevanın Avropanın tarixi memarlıq abidələrini təmir etməsi məhz Fransanın bir çox nüfuzlu mətbu orqanları tərəfindən böyük missiya kimi dəyərləndirmişdi.Alzas bölgəsinin mərkəzi hesab edilən Strasburqda gündəlik nəşr edilən “Alzasın son xəbərləri” qəzetində dərc olunmuş “Azərbaycan xeyirxahlığı ” sərlövhəli məqalədə ölkənin ən qədim kilsələrindən olan Notr-Damın təmirinə yardım edilməsi üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi təşəbbüs yüksək qiymətləndirilmiş, Avropa Şurasının böyük dostu olan Azərbaycanın bu istiqamətdəki addımı təqdir olunmuşdu. Sözügedən məqalədə Heydər Əliyev Fondunun bir müddət əvvəl Versal sarayında iki abidənin təmirinə yardım göstərdiyi xatırlanmış, Fondun başqa ölkələrdə həyata keçirdiyi xeyirxah missiyalardan geniş söhbət açılmışdı.Qəzetlərdə Notr-Dam kilsəsinin təmiri ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü ilə göstərilən maliyyə yardımının təqdimat mərasimindən bəhs edən şəkillər də verilmişdi. Ölkənin “Frans-3" televiziya kanalının tədbirdən hazırladığı verilişdə Heydər Əliyev Fondunun Azərbaycandan çox-çox uzaqlarda, Fransada iki abidənin və bir kilsənin təmirinə yardım etməsinin Fondun prezidenti Mehriban xanım Əliyevanın tarixi abidələrə qayğısından irəli gəldiyi vurğulanmışdı. Bildirilmişdi ki, xeyirxah əməllər sahibi olan Mehriban xanım Əliyevanın təşəbbüsü hamıya bir nümunədir.
Riyakarlıq faktı sübuta yetirildi!
Daha bir ilginc məsələ budur ki, YUNESCO hələ 2005-ci ildə, Koitiro Maatsurenin baş direktor olduğu dövrlərdə Azərbaycanın işğal altındakı ərazilərinə missiya göndərməsi çağırışlarına belə bir bəhanə ilə cavab vermişdi - Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması missiyanın həmin ərazilərə getməsinə “əngəl” yaradırmış.Düzdür, bunu haradasa anlamaq mümkündür ki, YUNESCO o dövrlərdə ən azından torpaqlarımızın işğala məruz qaldığını rəsmi şəkildə bəyan edirdi. Lakin sonrakı müddətdə təşkilatın aşkar davranışları nəyin-necə olduğunu göstərdi...Xüsusilə, Odri Azulenin baş direktor olması və öz vəzifəsini bir kənara qoymaqla ölkəsinin ermənipərəst fəaliyyəti baxışından çıxış etməsi nəticə etibarı ilə riyakarlıq faktını açıq şəkildə isbatlayıb. Belə olan halda isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ədalətli, qətiyyətli və mühüm addım atması artıq YUNESCO üçün bir dərs olacaq.
Rövşən RƏSULOV