İlk növbədə biz burada Azərbaycanın müttəfiqi olan Türkiyə faktorunu, o cümlədən, regiondakı ən etibarlı strateji tərəfdaşı - İsrail gerçəkliyini göstərə bilərik
Son vaxtlar İran KİV-lərində bu ölkəyə məxsus silahlı qüvvələrin Azərbaycan Ordusu üzərində say, silah və s. üstünlüyü barədə məlumatlar dərc edilməkdədir. Əlbəttə, nəzərə alsaq ki, əgər İranın əhalisi 86 milyondursa, bu zaman həmin saya müvafiq olaraq hərbçi sayı, silah və s. rəqəmlər 10 milyon əhalisi olan Azərbaycan qarşısında artıq ola bilər. Ancaq digər fakt budur ki, bənzər iddialar çox adi görünür. Yəni məsələ ondadır ki, müasir müharibələr say hesabına qalib gəlinmir. Misal üçün, nümunə olaraq axır zamanlara qədər “dünyanın ikinci ordusu” adlandırılan Rusiyanın Ukraynada uğradığı məğlubiyyətlərini göstərə bilərik.Başqa tərəfdən isə mövcud geosiyasi situasiya İran üçün heç də münasib deyil və reallığa qalanda bu ölkəni çıxılmaz vəziyyətə salır. Yəni Azərbaycana qarşı hər hansı bir hərbi təhdid olarsa bu, Tehran üçün çox ağır nəticələrə gətirib-çıxara bilər. Bəs buna hansı sübutları, mümkün reallıqları göstərmək mümkündür? İlk növbədə biz burada Azərbaycanın müttəfiqi olan Türkiyə faktorunu, o cümlədən, regiondakı ən etibarlı strateji tərəfdaşı - İsrail gerçəkliyini göstərə bilərik.
Türkiyə ilə İsrailin diplomatik və s. münasibətlərini bərpa etməsi regiona yeni impulslar verməyə başladı
Belə ki, hər iki ölkə uzun fasilədən sonra bir araya gəldi, arada olan soyuq münasibətlər isə aradan qaldırıldı. Türkiyə ilə İsrailin diplomatik və s. münasibətlərini bərpa etməsi regiona yeni impulslar verməyə başladı. Misal üçün, yalnız səfirliklər və diplomatiya səviyyəsində deyil, eləcə də hərbi, həmçinin xüsusi xidmət orqanları müstəvisində qarşılıqlı əməkdaşlıq daha geniş şəkildə reallaşdırılmağa başlandı. Söz yox ki, Azərbaycana qarşı hər hansı bir hərbi təhdid, təcavüz cəhd olarsa Ankara və Yerusəlim Bakını kifayət qədər fəal şəkildə dəstəkləyəcəklər. Üstəlik, ən əhəmiyyətlisi isə budur ki, İkinci Qarabağ müharibəsindən fərqli olaraq hazırkı dəstək koordinasiya olunmuş qaydada həyata keçiriləcək.Yeri gəlmişkən, noyabrın 1-də İsraildə keçirilmiş seçkilərdə qalib gələrək hökumət başına Binyamin Netanyahunun gəlməsi situasiyanı köklü şəkildə dəyişməsinə səbəb olacaq. Belə ki, Netanyahu seçki marafonunda və daha əvvəllər də açıq şəkildə bəyan edirdi ki, onun prioritet məqsədlərindən biri İrana qarşı müqavimət göstərməkdən ibarətdir. Bildirilir ki, son zamanlar İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsi istiqamətində intensiv fəaliyyətlər aparması haqqında məlumatlar müxtəlif informasiya mərkəzləri tərəfindən yayılmaqdadır. Və məsələ yalnız bununla da başa çatmır. İsrail kəşfiyyatı son dövrlərdə İranın nüvə başlığı hazırlaması, o cümlədən, hansı istiqamətlərdə prosesi aparması ilə bağlı bir sıra gizli məlumatları ələ keçirdiyini də gizlətmir.Düzdür, İran da özünə müttəfiqlər seçib – Rusiya və Ermənistan. Ancaq bu iki ölkədən başqa Tehranın ayrı strateji partnyorları mövcud deyil.
İranda cərəyan edən kütləvi iğtişaşlar, üstəlik bu ölkənin Ukraynada müharibə aparan Rusiyaya silah verməsi faktları Baydenin anti-İran fəaliyyətinə ayrıca təkanlar verir
ABŞ-da isə Demokratlar partiyası Senat üzərində nəzarəti saxlamağa müvəffəq olub, Nümayəndələr palata uğrunda mübarizə isə davam edir. Ancaq Respublikaçılar partiyasının mövqeləri də güclənib. 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri Astanasında Bayden bu reallıqla da barışmalı olacaq. Lakin nəticədə onun İrana yönəlik siyasəti çətin ki, xüsusi yumşaqlığı ilə seçilsin. Xüsusilə, İranda cərəyan edən kütləvi iğtişaşlar, üstəlik bu ölkənin Ukraynada müharibə aparan Rusiyaya silah verməsi faktları da Baydenin anti-İran fəaliyyətinə ayrıca təkanlar verir.Daha bir reallıq – İran eyni zamanda bir neçə hərbi münaqişələrdə iştirakçıya çevrilib: Ukrayna ilə yanaşı Suriyada və Yəməndə. Ola bilər ki, bu kimi silahlı münaqişələrdə iranlı hərbçilər müharibə döyüş təcrübəsi qazanırlar. Amma digər tərəfdən bu ölkənin zərbə dronları, raketləri, başqa arsenalları xərclənib-gedir. Gələcəkdə isə İranın öz arsenalını yeniləmək, yaxud başqa ölkələrdən nə isə almaq şanslarını itirir. Azərbaycan isə ondan fərqli olaraq həm indi, həm də gələcəkdə dünyanın ən müasir silahları ilə təchiz olunacaq. Üstəlik, Türkiyə və İsrail faktorları da burada mühüm rol oynayacaq.
Tehran Bakıya qarşı güc dili ilə danışmağa davam edərsə bu İran daxilindəki azadlıq hərəkatlarını daha da fəallaşdıracaq
İranın paralel olaraq bir neçə bölgələrdə davam edən münaqişələrdə iştirakı ordunun, xüsusilə, SEPAH-ın gücünü tükəndirir. Bu, onların sayını əhəmiyyətli dərəcədə azaldır. Məsələn, Suriyadakı bölmələri Azərbaycanla sərhədlərə doğru gətirmək Tehranın Suriya-Livan istiqamətindəki mövqelərini dərhal zəiflədəcək, İsrailin isə mövqelərini gücləndirəcək. Belə dəyişiklik isə iranlılar üçün yolverilməzdir.
Ən əsası isə, Tehran Bakıya qarşı güc dili ilə danışmağa davam edərsə bu İran daxilindəki azadlıq hərəkatlarını daha da fəallaşdıracaq və yalnız İran əhalisinin əhəmiyyətli tərkib hissəsi olan azərbaycanlılar deyil - kürdlər, Huzistan ərəbləri, habelə ölkənin cənub-şərqindəki sünni kəsimə aid bəlucilər mövcud rejimə qarşı daha barışmaz mövqelərə sahib olmağa başlayacaqlar. Belə olan halda isə baş qaldırmış hərəkatlara İsrailin, Səudiyyə Ərəistanının, BƏƏ-nin, ABŞ-ın dəstəyi daha da artacaq. Mollakrat rejimi məcbur olacaq ki, Azərbaycanla sərhədindəki güclərini milli azadlıq hərəkatlarının yatırılmasına qarşı yönəltsin.Və bütün bunlar Tehranın geosiyasi cəhətdən qarşılaşa biləcəyi olayların az bir hissəsidir. Bu siyahını artırmaq da olar. Azərbaycana qarşı təhdid dili ilə danışmağa cəhd göstərmək bu teokratik rejim üçün çox ağır nəticələrə səbəb ola bilər. Hətta o dərəcədə ki, nəticədə müstəqil Cənubi Azərbaycan dövlətinin yaranması artıq danılmaz zərurətə çevriləcək...
Rövşən RƏSULOV