PDF Oxu

Siyasət

  • 3 599

YAP 30 İL - YAP yeni proqramla möhtəşəm zirvələrə doğru TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır”
Bəli, 30 il böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Düz 30 il öncə tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyinin dünəni, bu günü və gələcəyi naminə öz fəaliyyətini göstərən siyasi partiyadır. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”. Hər bir siyasi partiyanın keçdiyi yolun əsaslarına diqqət yetirmək, onun fəaliyyətinin xronikası və dinamikasını tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq lazımdır. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır". Həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat liderlərinin bacarıqsızlığı, səriştəsizliyi, naşılığı ucbatından səriştəsiz qüvvələr öz antimilli, yəni milli maraqlardan uzaq siyasətləri ilə Azərbaycanı parçalanma, hətta məhvolma təhlükəsi ilə qarşı-qarşıya qoymuşdular. Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqı xilası böyük dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyevdə görürdü. 1992-ci ilin oktyabrın 16-da 91 nəfər ziyalı “SƏS” qəzetində ümummilli liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
ULU ÖNDƏRİN “91-LƏR”İN MÜRACİƏTİNƏ CAVABI BÜTÜN XALQIN İSTƏYİNİ VƏ ARZUSUNU ƏKS ETDİRİRDİ
Tarixə məşhur “91-lərin müraciəti” kimi düşmüş həmin müraciəti imzalayan ziyalılar bütün bu təhlükələri görür və getdikcə vəziyyətin daha da ağırlaşacağını, illərlə həsrətində olduğumuz müstəqilliyimizin yenidən itirilməsi təhlükəsini görürdülər. Məhz buna görə də hər zaman Azərbaycan xalqının güvəndiyi, arxalandığı, öz vətənini, millətini sonsuz məhəbbətlə sevən xilaskar liderə - Heydər Əliyevə müraciət etdilər. Bu müraciəti 91 nəfər imzalasa da, bütün xalqın istəyini və arzusunu əks etdirirdi.Həmin müraciət “Səs” qəzetində "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edilir. “91-lər”in müraciətinin əvvəlində Azərbaycanda mövcud vəziyyətə, onun baş vermə səbəblərinə ümumi nəzər salınır: «Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir. Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir”.
AZƏRBAYCAN SİZİN SÖZÜNÜZÜ VƏ QƏTİ QƏRARINIZI GÖZLƏYİR
“91-lər”in müraciətindən sonra 24 oktyabrda «SƏS» qəzetində Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan “Yeni, Müstəqil Azərbaycan uğrunda” sərlövhəli məktubu dərc olundu. 5 noyabr tarixdə respublika ziyalılarının YAP təşkilat komitəsinin yığıncağı keçirildi. Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi və Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi.1993-cü ildə respublikada vəziyyət daha da ağırlaşdı, Gəncədə Surət Hüseynov silahlı qiyam qaldıraraq, dövlətə qarşı çıxdı. Xalq vətəndaş müharibəsinin bir addımında idi. İyunun 13-14-də Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Gəncə şəhərində oldu. O zaman Heydər Əliyev hakimiyyətə qayıdışı ilə yaranan vətəndaş müharibəsinin qarşısını almaqla, Azərbaycanı bölünmək, yox olmaq təhlükəsindən bir daha qorudu. Beləliklə, xalq öz tələbində qəti idi, təkidlə Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edirdi. İyunun 13-də çağırılan parlamentin fövqəladə sessiyası iyunun 15-də öz işini davam etdirdi. Gündəlikdə bir məsələ dururdu: respublika Ali Soveti sədrinin seçilməsi. Bəzi təkliflərin olmasına baxmayaraq, deputatlar bir səslə Ali Sovet sədrinin seçilməsi məsələsini gündəliyə daxil etməyi qərara aldılar. Gizli səsvermə yolu ilə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. 15 iyun günü xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. 3 oktyabr 1993-cü ildə Azərbaycanda Prezident seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Heydər Əlirza oğlu Əliyevin lehinə 98,8 faiz, əleyhinə 1 faiz səs verildi. 10 oktyabrda Respublika Sarayında (indiki Heydər Əliyev sarayı) prezident Heydər Əliyevin təntənəli andiçmə mərasimi keçirildi. Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı müstəqil ölkəmizin xilası, torpaqlarımızın işğalının dayandırılması, iqtisadi-sosial inkişaf, Azərbaycanın dünyaya açılması, iri neft müqavilələri, xarici investorların ölkəmizə gəlişi, qaçqın və məcburi köçkünlər üçün həyat şəraitinin təmini, bir sözlə, xilas və inkişaf idi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Qeyd edək ki, ulu öndər Heydər Əliyev ziyalılara göndərdiyi cavab məktubu da “SƏS” qəzetində dərc olundu. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayında “91-lər”in Ulu Öndərə müraciətinə yönəldərək onların fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Bu gün də onların bir çoxu bizim sıramızdadır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstərəcəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.” Ulu Öndər Heydər Əliyev ideologiyasının tərənnümü və tarixi reallığı əsasında yaranan və artıq 30-cu ildönümünə doğru inamla addımlayan YAP bu gün də öz uğur və tərəqqi sözünü deməkdədir. Məhz Azərbaycan xalqının və dövlətinin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, xalqımızın həmrəyliyi və dönməzliyi sayəsində, ölkəmizin ən çətin məqamlarında yaranan YAP bu gün regionumuzun ən böyük siyasi təşkilatı olaraq bir sıra əhəmiyyətli, qlobal məsələlərdə söz sahibi kimi çıxış edir. Və bu gün partiyamızın 30 ilini Qarabağımızın 30 ildən sonra 44 gün ərzində Ali Baş Komandanımız, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə edilən Qələbə günümüzün ikinci ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik. Məhz bu baxımdan da, bu gün Azərbayacanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.
YAP 30 İL ƏRZİNDƏ DAİM YENİLƏŞMƏYƏ DOĞRU GETDİYİNİN BİR DAHA ƏYANİ SÜBUTUDUR
30 ilə yaxın şərəfli yolda Azərbaycanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də VII qurultayının keçirilməsi də böyük tarixi hadisə idi. Çünki bu qurultay birliyimizin, həmrəyliyimizin nümayişi olmaqla, həm də bu 30 illər ərzində Yeni Azərbaycan Partiyasının daim təkmilləşməyə, yeniləşməyə doğru getdiyinin bir daha əyani şəkildə sübutu idi. Dövlətimizin başçısı, partiyanın Sədri İlham Əliyevin söylədiyi kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıqlardır. Artıq bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən islahatlar siyasi partiyaların da fəaliyyətinə öz müsbət təsirini göstərir. Yeni Azərbaycan Partiyanın VII Qurultayının keçirilməsi və qurultayda yeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər. Eyni zamanda, qurultaydan keçən bir il ərzində YAP bir sıra ölkələrin siyasi partiyaları ilə əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıb. Xüsusilə, Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ötən il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir. Həmçinin, YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürdü. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”.
İDARƏÇİLİK SİSTEMİNDƏ TƏKMİLLƏŞMƏ DAVAMLI İNKİŞAFI ŞƏRTLƏNDİRİR
Bir əsas məqamı da qeyd edək ki, 2016-cı ildə keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklər arasında prezidentlik müddətinin 7 ilədək uzadılması, vitse-prezidentlik institutunun yaradılması kimi məsələlər əsas yer tutur. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması uğurlarımızın davamlılığını şərtləndirən əsas amillərdəndir. Mehriban xanım Əliyeva təqdimat mərasimində bildirmişdir: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar”. Birinci vitse-prezident bu əminliyi də ifadə etmişdir ki, gələcək fəaliyyətini məhz bu prinsiplər əsasında qurmağa çalışacaqdır: “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”. Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında sosial məsələlərin həlli dayanır. 2017-ci ildən ötən dövr ərzində Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi gördüyü işlərin miqyası olduqca genişdir və onlar ümumilikdə Azərbaycanın dövlətçiliyinin daha da möhkəmləndirilməsinə, əhalinin sosial rifahının yüksəlməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, Azərbaycan mədəniyyətinin, tarixinin, milli-mənəvi dəyərlərinin təbliğinə yönəlib. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, bu il ölkəmizin UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Çünki Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş, müstəqil Azərbaycanımızın firavan gələcəyinin dünəni, bu günü və gələcəyi naminə öz fəaliyyətini göstərmək olub.
PREZİDENT İLHAM ƏLİYEVİN APARDIĞI SİYASƏTİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ, EYNİ ZAMANDA, ONUN SƏDRİ OLDUĞU PARTİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ DEMƏKDİR
Bəli, bu gün Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri, eyni zamanda, onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də Prezident İlham Əliyevin təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır. Partiyanın yeni proqramı beş fəsildən - “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” ibarətdir. Hər bir fəsil sosial-iqtisadi, siyasi, mənəvi-mədəni, ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və s. sahələri əhatə edən bölmələrə ayrılır. Hər bir bölmədə partiyanın qarşısında dayanan hədəflər və vəzifələr göstərilir. YAP-ın proqramında partiyanın inkişaf tarixinə və uğurlarına nəzər salınır, onun Heydər Əliyev yoluna və irsinə sadiqliyi, qarşısına qoyduğu məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyi vurğulanır. Hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatı münasibətlərinin inkişafı istiqamətində YAP-ın fəaliyyətinin tarixi-siyasi əhəmiyyəti qeyd olunur. Bildirilir ki, xalqımızın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində YAP yarandıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı, partiyanın sıraları sürətlə genişləndi. Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi YAP-ın xalq arasındakı nüfuzunu getdikcə artırdı.
YAP-IN VII QURULTAYI - YENİ HƏDƏFLƏRƏ, VƏZİFƏLƏRƏ DOĞRU
Bəli, bu, reallıqdır ki, cəmiyyət daim yeniləşir, ictimai münasibətlərin inkişaf səviyyəsi yeni çağırışlar və reallıqlar yaradır. Bütün bunlar da öz növbəsində YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr qoyur. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, YAP həm cəmiyyətin irəliyə doğru, keyfiyyətcə yeni inkişaf mərhələlərinə daxil olmasını və onun mütərəqqi inkişafını təmin edən aparıcı siyasi qüvvə kimi çıxış edir, həm də yaratdığı yeni çağırışları və reallıqları özü tənzimləyərək, gələcəyə istiqamətlənmiş məqsəd və vəzifələr müəyyənləşdirir. Məhz bundan irəli gələrək, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultaydakı genişməzmunlu çıxışında partiyanın yarandığı vaxtdan indiyə kimi müstəqil dövlətçiliyin və demokratik siyasi sistemin möhkəmlənməsi, ölkəmizin davamlı inkişafı, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması istiqamətində göstərdiyi fəaliyyətlə bağlı dəyərli fikirlər irəli sürmüşdür. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”. Prezident İlham Əliyev qurultaydakı çıxışı zamanı YAP-ın müasir dövrün çağırışlarını özündə əks etdirən yeni proqramının hazırlanmasının vacibliyini bildirmişdir. Qeyd edək ki, Azərbaycan dövlətinin bütün sahələrində əldə olunan uğurlar YAP-ın yeni proqramının hazırlanmasını şərtləndirən mühüm faktorlardır. Prezident İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələri rəhbər tutaraq və ölkəmizin davamlı inkişafı, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqları, dördüncü sənaye inqilabının ictimai həyata göstərdiyi təsirləri və 44 günlük Vətən müharibəsində şanlı qələbənin yaratdığı reallıqları nəzərə alaraq, YAP-ın “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlanmış və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.Budur, Qalib xalqın Qalib Partiyası. 30 il böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
YENİ AZƏRBAYCAN PARTİYASI VII QURULTAYINDA SİYASİ HƏMRƏYLİK MODELİNİN ƏSASINI QOYDU
Hər bir qurultayı ölkəmızın ictimai-siyasi həyatında böyük hadisə kimi yadda qalan Yeni Azərbaycan Partiyasının son qurultayı cəmiyyətimizdəki yeniliklə, bütün sahələrdə həyata keçirilən islahatlar fonunda keçirildi. YAP-ın VII qurultayında vacib qərarlar qəbul edildi. Qurultayda partiyanın yeni Nizamnaməsi təsdiq edildi və Nizamnaməyə uyğun olaraq partiyada struktur dəyişiklikləri baş tutdu. Daha modern formada 40 nəfərdən ibarət İdarə Heyəti təsdiq edildi, Siyasi Şura ləğv edildi, 13 nəfərdən ibarət olan Təftiş Komissiyası təsdiqləndi və bundan sonra partiyamızın yeni proqramı işlənildi.Həmçinin, onu da vurğulamaq lazımdır ki, partiyamızın beynəlxaq əlaqələrini də xüsusi vurğulamaq yerinə düşərdi. Belə ki, 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin verdiyi dəstək önəmli idi. YAP-la Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında Əməkdaşlıq Memorandumu imzalandı. Daha sonra Ukraynanın “Xalqın xidmətçisi” partiyası ilə də Əməkdaşlıq Memorandumu imzalanmışdı. Bütün bunlar partiyamızın VII qurultayından sonra da beynəlxalq əlaqələrin qurulmasında mühüm işlərin görüldüyünü göstərir. Bundan başqa, Yeni Azərbaycan Partiyasının VII qurultayında Qadınlar Şurası ləğv olundu, Veteranlar Şurası, Gənclər Birliyi yaradıldı. Ancaq bununla yanaşı Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında gender siyasəti ilə bağlı şöbə yaradıldı. Və ötən qurultaydan keçən bir il ərzində partiyamızın 30 illiyinin qeyd edilməsi ilə çox böyük işlər, tədbirlər keçirilir. Vətən müharibəsində xalqımızın birliyi və iqtidar partiyası olaraq 30 illik torpaq həsrətinə son qoyulması partiyamızın gücü, qüdrəti idi. Bunun nəticəsidir ki, 6 siyasi partiya məhz YAP-a birləşməyə qərar verdi. Bu, Heydər Əliyevin apardığı siyasətin təntənəsi idi!
QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
Bəli, Yeni Azərbaycan Partiyası 30 il şərəfli yol keçərək monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyini göstəricisidir. Məhz bu gün sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir. Necə ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının xilaskarı ulu öndərimiz Heydər Əliyev demişdir: «Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır». Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev martın 5-də partiyanın keçirilən VII qurultayında çıxışı zamanı bir çox məsələlərə toxunaraq partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu bildirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayından üç il ötdüyünü və bu illər ərzində böyük nailiyyətlər və qələbələr əldə olunduğunu deyib: “Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir». Bəli, bu Qələbə həqiqətən də bizim qürur mənbəyimizdir. Bu reallığı Azərbaycan xalqı görür və bəlkə də bu, son 30 ildə bu qədər qürurlu olmamışdı - 44 gün ərzində tariximizin Zəfər Salnaməsi yazıldı, Bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu Böyük Qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Bu yerdə Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq yerinə düşər: “Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ümummilli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Prezident İlham Əliyev keçirilən qurultayda da bildirib ki, Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. “YAP Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi”,-deyən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlərin önəmli olduğunun söyləyib: “Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü xatırlayırlar. Bir də ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır”.Bir sözlə, müstəqilliyimiz, dövlətçiliyimiz, tərəqqimiz naminə mühüm siyasi qərarların verildiyi və fəaliyyətin göstərildiyi tarixi bir platformaya çevrilən Yeni Azərbaycan Partiyası bu gün regionun ən böyük siyasi partiyası olmaqla, Banisi Heydər Əliyevin ideyaları əsasında yaradıcılıq, quruculuq ruhunu günü-gündən gücləndirməkdədir. Partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası özünün siyasi çevikliyini, milli inkişaf naminə təşəbbüskarlığını artırmaqda, elektoral bazasını gücləndirməkdədir. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının söylədiyi kimi: “YAP, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyamızın böyük ənənələri var. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq”.Bəli, bu gün Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yaranması ildönümünü tarixi bir anlarda- Qarabağımızın, Azərbaycanımızın, Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin diplomatik siyasəti, Müzəffər Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin Qələbəsi günündə qeyd edirik. Ona görə də deyirik – Yeni Azərbaycan Partiyası, ildönümün mübarək! Qarabağ Azərbaycandır! Gözün aydın, Azərbaycan!
RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər