PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib”
Qütbləşən dünyada baş verən proseslər yeni çağırışları meydana çıxarır. Belə ki, güc önə keçərək ədalət və beynəlxalq hüququ ikinci plana salır. Və buna görə də, qlobal səviyyədə soykökü, dili və mədəniyyətləri oxşar xalqlar birləşərək yeni bir gücün yaradılması çağırışını edirlər. Regionumuzda belə bir çağırışa ilk reaksiya verən yeni güc Türk Dövlətləri Təşkilatı (TDT) simasında formalaşır.
TƏMƏLİ NAXÇIVANDA QOYULAN TƏŞKİLAT - TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI
Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Məhz buna görə də dünyada gedən qloballaşma fonunda Türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir. Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması Türk dövlətlərinin bir təşkilat altında birləşməsini labüd edirdi. Məhz bu səbəbdən 2009-cu ildə Naxçıvanda Türk Dili Danışan Ölkələr kimi fəaliyyətə başlayan bu birlik artıq Səmərqənddə Türk Dövlətləri Təşkilatı kimi ilk dəfə təşkilata üzv dövlətlərin liderlərinin IX Zirvə Görüşünü keçirib. Bu birlik artıq təşkilata çevrilib və yeni dünya nizamında özünə uyğun yerini və mövqeyini formalaşdırır.
TDT-YƏ ÜZV ÖLKƏLƏRİN MƏRKƏZİNDƏ AZƏRBAYCAN DAYANIR
Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin göstərir.Qeyd etmək lazımdır ki, Azərbaycan Türk dünyasının birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məsələn, Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Həmçinin, Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiya dövrünə düşsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil etdi. Bu, pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk onlayn tədbir idi.TDT-nin Baş katibi Bağdad Amreyev bu il oktyabrın 21-də Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Görüş zamanı Prezident İlham Əliyev Türk dünyası ilə bağlı yeni baxış ortaya qoyub və qeyd edib ki, Türk dünyası yalnız Türk dövlətlərindən ibarət deyil və Türk dövlətlərindən kənarda yaşayan Türk mənşəli insanların hüquqları, təhlükəsizliyi qorunmalıdır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın hüquq və azadlıqları ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı Prezident İlham Əliyev Baş katib kimi fəaliyyətinə görə Bağdad Amreyevə “Dostluq” ordenini təqdim edib.
TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ IX ZİRVƏ GÖRÜŞÜ TÜRK DÖVLƏTLƏRİ ARASINDA ƏLAQƏLƏRİN DAHA DA İNKİŞAFINA MÜHÜM TÖHFƏDİR
Türk dünyasının birliyi amallarına sadiq qalan Azərbaycan hər zaman bu dünyanın sıx birləşməsinə öz töhfəsini verib. Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Sirr deyil ki, Türk dünyasının birliyi amallarına sadiq qalan Azərbaycan hər zaman bu dünyanın sıx birləşməsinə öz töhfəsini verib. Və bu gün 7 ölkənin və 200 milyonluq xalqın birgə formalaşdırdığı bu təşkilat Avrasiya geosiyasi və geoiqtisadi məkanının aparıcı qüvvəsinə çevrilməkdədir. Onu da unutmayaq ki, Türk Dövlətləri Təşkilatı böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Həmçinin, Avrasiyada mühüm transmilli layihələrin, ticarət yollarının, karbohidrogen ehtiyatlarının məhz Türk Dövlətləri Təşkilatının üzvü olan Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, Özbəkistanın payına düşməsi, Qırğızıstanın Çindən gələn, Macarıstanın da Avropaya açılan qapısı olması birliyin perspektiv inkişafının daha da sürətlənməsinə əlavə imkanlar yaratmaqdadır. Türk Dövlətləri Təşkilatının getdikcə güclənməsi birlikdə olan dövlətlərin problemlərinin də həllinə real imkanlar formalaşdırmaqdadır. Bu isə təşkilatın daha da güclənməsini, bölgədə söz sahibinə çevrilməsini şərtləndirir.Ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında dediyi “Bir millət, iki dövlət” ifadəsi də iki Türk dövləti arasında olan qardaşlıq münasibətlərini ən dəqiq şəkildə xarakterizə edir. Bu il Prezident İlham Əliyevin Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstana səfərləri, həmçinin son dövrlərdə Türkiyə, Qazaxıstan və Qırğızıstan dövlət başçıları ölkəmizə səfərləri bu münasibətlərin təsdiqidir. Bu günlərdə - noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü türk dövlətləri arasında əlaqələrin daha da inkişafına mühüm töhfədir. Türk Dövlətləri Təşkilatının qarşısında duran vəzifələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqətdə saxlanılıb.
PREZİDENT İLHAM ƏLİYEV: "Bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik"
Qeyd etdiyimiz kimi, Azərbaycan öz layihələri ilə türk birliyini daha da gücləndirib, yeni əməkdaşlıq imkanları yaradıb. Bir neçə il əvvəl Bakıda keçirilən VII Zirvə görüşündəki çıxışında "Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir", - deyən Prezident İlham Əliyev Səmərqənddəki çıxışında da diqqəti bu istiqamətə yönəltdi. Türk dünyasının 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə etdiyini və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik: "Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq". Dövlət başçısı çıxışında Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtının çatdığını da diqqətə çəkib: "Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır".
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVDƏN TÜRK DÜNYASINA ÇAĞIRIŞ
Prezident İlham Əliyev çıxışı zamanı Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları ərazilərdə vandalizm aktları törətdiklərini iştirakçıların diqqətinə çatdırıb. İki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edildiyini bildirən dövlət başçısı Azərbaycanın həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özünün icra etdiyini bildirib: "Otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu Qafqazın Xirosiması" adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir".
AZƏRBAYCAN PREZİDENTİ QARDAŞ ÖLKƏLƏRİN LİDERLƏRİNİ QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURA DƏVƏT ETDİ
Bu gün Prezident İlham Əliyevin tapşırıqları əsasında Qarabağ və Şərqi Zəngəzurun "yaşıl inkişaf" konsepsiyası üzərində bərpası, "ağıllı kənd", "ağıllı şəhər"lərin yaradılması ümumilikdə Azərbaycanın iqtisadi qüdrətini dünyaya nümayiş etdirir. 30 ildə daşı daş üstündə qoymayan ermənilər də şahidlik edirlər ki, Azərbaycan Prezidenti cəmi 2 ildə bu torpaqlarda möcüzələr yaradır. Belə ki, Böyük zəfərdən sonra geniş tikinti-quruculuq meydanına çevrilən bölgədə bütün infrastrukturlar yenidən qurulur. Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir, tarixi-mədəni dini abidələrimiz bərpa edilir. Bütün bunlar isə, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dövlətinin heç kimdən yardım almadan yalnız öz iqtisadi qüdrəti hesabına həyata keçirilir. Noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada hərbçilərimiz qarşısında çıxış edən Ali Baş Komandan bir daha bu məsələlərə toxunaraq bildirdi ki, indi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır və bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir: "Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq. Əlbəttə, əgər kimsə yardım etmək istəsə, biz etiraz etmərik. Ancaq heç kim bizə yardım etmir və etməyəcək". Ümumiyyətlə, Azərbaycan daxili imkanları hesabına Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurma işlərinə iki il ərzində təxminən 5 milyard manata yaxın vəsait ayırıb. Bu da işğaldan azad olunmuş torpaqlara tezliklə həyatın qayıdacağından, öz dədə-baba yurdlarından didərgin düşənlərin qısa zamanda geriyə dönəcəyindən xəbər verir.
TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN: “Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirilən Zirvə Görüşündə çıxışında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ikinci ildönümü münasibətilə təbriklərini çatdıraraq söyləyib: “Cənubi Qafqazda sülh prosesi Can Azərbaycanın bütün səylərinə baxmayaraq, hələ də kövrək olaraq qalır. Noyabrın 8-də qeyd etdiyimiz şanlı Qarabağ Zəfərinin ikinci ildönümündə əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. İlham qardaşımızın şəxsində Azərbaycan xalqını bir daha təbrik edirəm. Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq”.Azərbaycan ilə Türkiyənin birgə reallaşdırdığı nəhəng layihələrin dünya miqyasında mühüm əhəmiyyətini xüsusi qeyd edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirdi: “Bakı-Tbilisi-Ceyhan neft boru kəməri qlobal miqyasda ən uğurlu enerji layihələri arasındadır. Cənub Qaz Dəhlizi isə Avropaya qaz nəql edəcək dördüncü arteriya olaraq layihələndirilib. Onurğa sütununu Trans-Anadolu təbii qaz boru kəmərinin təşkil etdiyi bu dəhliz əlavə qaz tədarükü ilə daha da genişləndirilə bilər. Xəzər hövzəsi bunun üçün ağla ilk gələn mənbədir. Enerji sahəsində təşkilatımızın nəzdində və ikitərəfli səviyyədə əməkdaşlıqla həyata keçirəcəyimiz ortaq layihələrə bu baxımdan böyük önəm veririk”.Bir sözlə, bu gün real mənzərə onu deməyə əsas verir ki, türk birliyi qlobal gücə çevrilib və Zirvə Görüşü türkdilli dövlətlərin mövcud sıx əlaqələrinin və əməkdaşlığının daha da gücləndirilməsinə müsbət təsirini göstərəcəkdir.
RƏFİQƏ KAMALQIZI