Siyasət

  • 2 742

Pərvin Kərimzadə: Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri iki ölkə arasında əlaqələrin inkişafına böyük təkan verəcək

image

“Azərbaycanın xarici siyasətində dünya dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması mühüm yer tutur. Bu istiqamətdə böyük nailiyyətlər əldə edilib. Məhz bu siyasətin uğurlarının nəticəsidir ki, dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş hesab edir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın tərəfdaş ölkələri dünyanın müxtəlif qitələrini əhatə edir. Bu baxımdan, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Noyabrın 15-də Prezident İlham Əliyevin Albaniya Respublikasına dövlət səfəri bu mənada xüsusi vurğulanmalıdır. Səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın Prezidenti Bayram Beqay, Baş nazir Edi Rama ilə görüşləri keçirilib. Səfər çərçivəsində dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. İki dost ölkə arasında siyasi dialoqun inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. Qarşılıqlı səfərlərin intensivliyi hər iki ölkənin münasibətləri daha da möhkəmlətmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyinin təzahürüdür. Tiranada mətbuata verdiyi Bəyanatında bunu yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Bu gün mənim səfərim onu göstərir ki, siyasi dialoqun çox gözəl təzahürləri var və çox güclü dinamizm var. Yəni, bu sıx siyasi təmaslar, əlbəttə, bizim niyyətimizi, bir-birimizə olan marağı göstərir, eyni zamanda imkan verir ki, çox önəmli məsələlər müzakirə edilsin”. Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycanla Albaniya arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə də əməkdaşlıq getdikcə genişlənir. İndiyədək ölkələrimiz arasında 8 sənəd, o cümlədən “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb. Albaniya Prezidenti Bayram Beqay mətbuata verdiyi Bəyanatında ölkəsinin Azərbaycanla iqtisadi sahədə əməkdaşlığı genişləndirmək istədiyi bir sıra perspektivli istiqamətlərin olduğunu diqqətə çatdırıb. “Birgə Komitənin iclası əlaqələrimizi daha da möhkəmləndirə bilər. Beləliklə Albaniya enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Əlbəttə ki, enerji sahəsində İon-Adriatik boru kəməri Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirərək, ölkələrimizin geosiyasi əhəmiyyətini artırır və regional, o cümlədən Avropa səviyyəsində qaz təchizatının şaxələndirilməsini nümayiş etdirir. Bilirik ki, bu sahədə ölkənizin sərmayə qoyuluşu baxımından təcrübəsi var. Albaniya, həmçinin öz ərazisində tranzit imkanlarından istifadəyə çox açıqdır və hazırdır. Qaz infrastrukturumuzdan bu məqsədlə tam istifadə olunmasını mümkün hesab edirik. Bu sahədə daha böyük nəticələrin əldə olunmasını səmimiyyətlə arzu edirik. Beləliklə, biz əməkdaşlığımızın yeni yollarını açırıq və bu məqsədlə Azərbaycan tərəfinin göstərəcəyi səyləri alqışlayırıq. Fikrimizcə, birgə işləyərək öz imkanlarımızı səfərbər edə biləcəyik və daha da genişləndirəcəyik”, - deyə Albaniyanın dövlət başçısı vurğulayıb.
Göründüyü kimi, enerji sektoru iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın ən perspektivli istiqaməti kimi dəyərləndirilir. Mövcud geosiyasi reallıqlar fonunda Avropanın enerji təchizatına təhdidlər yaranıb. Ənənəvi təchizat zəncirinin pozulduğu qoca qitədə ciddi enerji aclığı yaşanır. Belə bir şəraitdə Avropa Komissiyası ölkələrin enerji təchizatını şaxələndirməyə, yeni mənbələr tapmağa böyük səy göstərir. İndiyədək Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən Azərbaycan Avropanın artan tələbatının ödənilməsində daha fəal rol almaq niyyətindədir. Buna ölkəmizin geniş imkanları var. Hazırda Azərbaycan Avropa üçün yeni enerji, ələlxüsus da yeni mavi yanacaq mənbəyi hesab olunur. Cənub Qaz Dəhlizinin timsalında müasir nəql infrastrukturuna malik olması ölkəmizə əlavə üstünlüklər qazandırır. Təxminən 3500 kilometr uzunluğa malik bu kəmər Türkiyədən keçməklə Avropanın mərkəzi hissəsinədək uzanır. Burada isə kəmər şaxələndirilir və onun yeni qolları yaradılır. Xatırladaq ki, respublikamızın moderatorluğu ilə inşa olunan Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Boru Kəmərinin (TAP) inşası 2020-ci ilin sonunda tamamlandı və bundan sonra Azərbaycandan qoca qitəyə qaz nəqlinə start verildi. Ötən il respublikamız Cənub Qaz Dəhlizi ilə Avropaya 8 milyard kubmetr qaz ötürülməsi ilə bağlı öhdəliyinə tam şəkildə əməl etdi. 2022-ci ilin sonunadək bu həcmin 10 milyard kubmetrədək artırılacağı gözlənilir. Perspektivdə isə indiki həcm 20 milyard kubmetrə çatdırılacaq. Avropa üçün mühüm təchizat infra¬strukturuna çevrilən Cənub Qaz Dəhlizinin yaradılmasında yeddi tərəfdaş ölkə, o cümlədən də Albaniya fəal iştirak edib. Albaniyanın rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “O ki qaldı, qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir”.
Beləliklə, Azərbaycan-Albaniya əlaqələri yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfəri münasibətlərin inkişafına böyük təkan verəcək.

yap.org.az

Digər xəbərlər