Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan,cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam olur.30 illik yolu bir yazı çərçivəsində əhatə etməyin mümkünsüzlüyünü nəzərə alıb təkcə son illərin hadisələrinə diqqət yetirməklə bir daha bu reallığı təsdiqləyə bilərik ki, qəbul etdiyi qərarlar,irəli sürdüyü təşəbbüslərlə dövlətin, xalqın gələcəyini düşünən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir.1992-ci il oktyabrın 16-da xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı «Azərbaycan Sizin sözünüzü gözləyir» müraciəti, bu müraciətə Ümummilli Liderin «Yeni, müstəqil Azərbaycan uğrunda» cavabı həmin dövrün çətinliklərindən xilas yolunu açıqlamaqla yanaşı, bugünkü uğurlarımızın başlanğıcı kimi dəyərləndirilir. Dahi şəxsiyyət bu inamı ifadə etmişdir ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində yaradılması obyektiv zərurətdən irəli gələn Yeni Azərbaycan siyasi partiyası ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Bu istək əsasında Yeni Azərbaycan Partiyasının yaradılmasından bizləri 30 illik zaman ayırır. Təsis konfransını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək, 760 minə yaxın üzvü sıralarında birləşdirməklə ulu öndər Heydər Əliyevin ideyalarının, həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi yeni-yeni hədəflərin gerçəkləşməsinə öz töhfəsini verir. Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir.Bu gün partiyanın hər bir üzvü sevinclidir.Uğurlarımız,dövlət başçısı, Müzəffər Ali Baş Komandanın qətiyyəti,ordumuzun gücü,xalqımızın birliyi bizə Qələbə sevincini yaşatdı. Bu baxımdan əvvəlki ildönümlərindən fərqli olaraq bu il partiyanın yaradılması tarixini tamamilə başqa ovqatda qeyd edəcək,Zəfərimizi ötən illərdə görülən işlərin nəticəsi kimi dəyərləndirərək bugünümüzdən və perspektivlərdən bəhs edəcəyik.Bu gün hansı sahəyə diqqət yetirsək Zəfərimizin nəticələrini görürük.Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyev proqram xarakterli nitqində müstəqillik tariximizi təhlil edərək ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Azərbaycana qazandırdığı uğurları əsaslı şəkildə diqqətə çatdırdı. Məhz 1993-2003-cü illərdə yaradılan möhkəm bünövrə üzərində Azərbaycan son 19 ildə daha da inkişaf edərək 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərə imza atdı: «Təbii ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki,biz son 19 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür.» Cənab İlham Əliyev bu çağırışı da edir ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları kənara qoymalıyıq: «Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır.» Artıq yeni dövrün yeni reallıqlarına uyğun olaraq prioritetlər müəyyənləşdirilib. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi də artıq yeni hədəflərin müəyyənləşdirildiyini və əvvəlki illərdə əldə olunan uğurlar əsasında gələcəyə inamla addımlandığını təsdiqləyir. Dövlət başçısı İlham Əliyev partiyanın VII qurultayında 2003-cü ildən başlanan yolun mahiyyətini ətraflı şəkildə təhlil edərək o dövrü istər ictimai-siyasi sabitliyin qorunması, istər dayanıqlı iqtisadi inkişafın təmin olunması, istərsə də ordu quruculuğu və beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmləndirilməsi baxımından hazırlıq dövrü kimi xaraterizə etmişdir. Məhz bu uğurlar Azərbaycanın tarixi Qələbəsinə yol açdı və postmüharibə dövrü üçün görüləcək işlər üçün təməl rolunu oynadı. Cənab İlham Əliyevin «Bizim yarışacağımız əsas tərəf müqabili zamandır» söyləməsi də səbəbsiz deyil. Çünki işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini həyata keçirmək, soydaşlarımızın Böyük Qayıdışını təmin etmək üçün bütün imkanlarımız mövcuddur.Təhlillər bu ümumiləşdirməni aparmağa əsas verir ki, möhkəm təmələ əsaslanan siyasətimizin nəticəsi olaraq qarşıya qoyulan hər bir hədəf gerçəkləşəcək, ölkəmizin qarşısında yeni imkanlar açılacaq. Dövlətimizin başçısı İlham Əliyevin bu çağırışı bütün dövrlər üçün öz aktuallığını qoruyur: Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq. Azərbaycanın sadaladğımızı uğurlarının hər birində öz payı olan Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri göstərir. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edib.Əvvəldə də qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.YAP Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində,özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Əməkdaşlığa daim açıq olan YAP partiyalar arası siyasi dialoqu stimullaşdırmalıdır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi partiyaların təşəbbüsü ilə zənginləşdirilməlidir. YAP-ın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir.Göründüyü kimi,Azərbaycanın müstəqilliyini bərpa etdiyi 31 ilin 30 ilinə bələdçilik edən Yeni Azərbaycan Partiyası bütün sahələrdə inkişafa dəstək olmağa səy göstərir.Ölkədə keçirilən seçki poseslərinə daim yeni devizlərlə qatılan YAP gördüyü işlər fonunda qarşıdakı dövr üçün möhtəşəm hədəfləri açıqlayaraq seçkidən seçkiyə onları tam şəkildə həyata keçirməyə səy göstərir. Məqsəd vətəndaş məmnunluğunun artırılmasına dəstək olmaqdır.
Cavid Mustafayev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini