Prezident İlham Əliyev: "Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik"
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, işğala son qoydu. Ərazi bütövlüyümüzün bərpa edilməsi, münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe, ordu quruculuğuna, hərbi-sənaye kompleksinin inkişafına göstərdiyi diqqət və qayğı 44 günlük Vətən müharibəsində öz sözünü demiş oldu. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli siyasi iradəsini ortaya qoydu. Sülhsevər siyasət yürüdən Azərbaycan münaqişənin sülh, danışıqlar yolu ilə uzun müddət həllinə nail olmağa çalışsa da mümkün olmadı. Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin sülh çağırışlarına hərbi təxribatlarla cavab verdi. Cənab Prezident çıxışlarının birində vurğuladığı kimi, "İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğalçılardan azad etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik". BMT Təhlükəsizlik Şurasının qətnamələrinin 1993-cü ildə qəbul olunduğunu, ancaq bu qətnamələrin 27 il ərzində icra edilmədiyini bildirən dövlət başçısı Ermənistanın bu qətnamələrin icrasına maraq göstərmədiyini, məhəl qoymadığını ifadə etmişdir: "Beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir. Baxmayaraq ki, dəfələrlə Azərbaycan məsələ qaldırmışdır ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, Ermənistan cəzalandırılsın. Çünki Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib". Məlumdur ki, ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmiş, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar. Azərbaycanın 44 gün ərzində apardığı əks-hücum əməliyyatları Ermənistan üçün acı sonluqla yekunlaşdı. XXI əsrin müharibəsini aparan Azərbaycan düşmən üzərində tarixi qələbəsini qazandı, doğma Qarabağımız əsl sahiblərinə qaytarıldı. Bu gün də qalib xalq olaraq ölkəmizə maraq sonsuzdur. Müharibədən sonrakı durum, Azərbaycanın mövqeyi diqqətdə saxlanılır. Bu Azərbaycanın dünya miqyasında olan yüksək imicindən qaynaqlanır. Əlbəttə ki, dövlət başçısı bütün çıxışlarında, müsahibələrində ölkəmizin haqq mövqeyini sərgiləyir və sülhsevər siyasəti dünya ictimaiyyətinə mesaj olaraq çatdırılır. Tarixi ədalət bərpa edilib. "Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik " – deyə Azərbaycan Prezidenti bildirib. Bu gün artıq müharibənin başa çatmasından iki il ötüb. Azərbaycan öz sülhsevər siyasətini davam etdirir. "İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir", - deyən Prezident qeyd edib ki, son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu: "Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq. Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı. Bu, bir daha onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı". 44 günlük Vətən müharibəsində dünya bir daha erməni terrorunu, barbarlığını, vəhşiliyini gördü. Mülki, dinc insanların hədəfə alınması, yaşayış yerlərinin dağıdılması erməni vəhşiliyini bir daha dünyaya nümayiş etdirdi. 30 ilə yaxın işğalda qalaraq dağıdılan, talan edilən ərazilərimizdə bu gün Cənab Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində həyat yenidən dirçəlir. Həmin ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi üçün irimiqyaslı layihələr reallaşdırılır. Erməni barbarlığı nəticəsində məhv edilmiş tarixi mədəni abidələrimiz bərpa olunur: "30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib"- deyən Prezident bildirib ki, Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər: "Ağdam mövcud deyil, Füzuli mövcud deyil, tamamilə yerlə-yeksan edilib və bunlar - bütün binaların qəsdən dağıdılması və dini abidələrimizin məhvi Birinci Qarabağ müharibəsi zamanı deyil, işğal dövründə törədilib. 67 məsciddən 65-i tamamilə dağıdılıb. Yerdə qalan 2 məsciddə onlar azərbaycanlıların heysiyyətini təhqir etmək üçün donuz və inək saxlayıblar". İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar yaradıb. Müharibədən sonra təkcə Cənubi Qafqazda deyil, eləcə də dünyada mövqeyini gücləndirən Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənir.
Zümrüd BAYRAMOVA