Memarı ulu öndər Heydər Əliyev olan Azərbaycanın müstəqilliyinə nail olduğu gündən xarici siyasətinin əsas prioritetlərindən biri dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarət idi. Bu prioritet bu gün də ümummili lider Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ilə xarici siyasət kursunun əsas vəzifələrindən birini təşkil edir və onun reallaşdırılması istiqamətində iş davam etdirilir. Təbii ki, bu prioritet region ölkələri, eləcə də, dünya ölkələrinin böyük bir qismi ilə mehriban qonşuluq, strateji tərəfdaşlıq, bütün sahələr üzrə dinamik inkişaf etdirilən münasibətlər ilə müşayiət olunur. Heç şübhəsiz bu proses 44 günlük Vətən müharibəsindəki əldə olunan şanlı Qələbə və regiondan yaranan reallıqlar fonunda günü-gündən yüksək inkişaf dinamikasına nail olaraq yeni zirvələr fəth edir.Azərbaycan hər zaman mehriban qonşuluq münasibətlərinin qorunması və müsbət yöndə inkişafı üçün çalışıb. Ölkəmiz regionda sülhün və əmin-amanlığı təmin edilməsi üçün hər zaman lazımi addımları atıb. Amma faktdır ki, Azərbaycanın son dövrlərdə daha da güclənməsi, tarixi torpaqlarını müharibə yolu ilə geri qaytarması və s. bu kimi uğurları bəzi ölkələri narahat edir ki, belə ölkələrdən biri də İran İslam Respublikasıdır.Bu günlərdə cənub qonşumuz İran İslam Respublikasının anti-Azərbaycan xarakterli hərəkətləri, ölkəmizə qarşı ikili münasibət nümayiş etdirməsi ictimaiyyət arasında da birmənalı qarşılanmır və bu hal Azərbaycan ictimaiyyəti tərəfindən şiddətlə qınanılır. Məsələnin paradoksal cəhəti ondan ibarətdir ki, İran öz riyakar və psixoz mövqeyini 44 günlük Vətən müharibəsinədək bir sıra üsullarla örtməyə çalışırdı. Şanlı Zəfərimizdən sonra isə İran bu formada olan mövqeyini açıq şəkildə bəyan etməyə və göstərməyə başlamışdır.Tarixən, mədəni dəyərləri paylaşdığımız ortaq məkan, dil və din qardaşlarımızın yaşadığı ölkə, müstəqillik illərində isə cənub qonşumuz olan İran İslam Respublikası Qarabağ zəfəri ilə ərazi bütövlüyünü və bu dövlətlə pozulmuş sərhədlərini bərpa etmiş Azərbaycana qarşı münasibətdə son vaxtlar ardıcıl olaraq narahatlıq keçirir, anlaşılmaz cəhdləri ilə sanki təcavüzkar Ermənistanın məğlubiyyəti ilə razılaşmaq istəmir. Şimal qonşusu olan Azərbaycandakı din qardaşlarının müstəqil dövlət qurması, düşmən qüvvələrlə 30 illik mübarizədə qazandığı qələbə ilə regiona yeni geosiyasi gerçəkliyi gətirməsi sözdə İslam həmrəyliyini bayrağa çevirmiş bir müsəlman dövlətini çox "narahat" edir.İranın Azərbaycana yönəlik son addımları, rejimin ölkəmizdə qarışıqlıq yaratmaq üçün müxtəlif vasitələrə əl atmaq cəhdi, eyni zamanda, casus şəbəkəsi yaratması cənub qonşumuzun nə dərəcədə təhlükəli olduğunu ortaya qoyur. İran Azərbaycana yanaşmada heç vaxt müsəlman həmrəyliyindən, qonşuluq, dostluq prinsipindən çıxış etməyib. Azərbaycan isə əksinə, İrana səmimi münasibət göstərib, bölgədə onun əleyhinə hər hansı addımın atılmasına yol verməyib. İran buna görə Azərbaycana minnətdar olmaq əvəzinə bir qədər də "irəli" gedib, ölkəmizin daxili işlərinə qarışmağa cəsarət edib, "qırmızı xətt" barədə bəyanatlar verməyə başlayıb. Özünü islam dövləti adlandıran İran torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan Ermənistana qucaq açıb, ona bütün dəstəyi göstərib. İşğal dövründə ərazilərimizdə narkotik tərkibli bitkilərin becərilməsi və emalı ilə məşğul olub. Azərbaycanın öz torpaqlarını azad etməsi və bölgədə yeni siyasi reallıq yaratması “molla rejimi”nin məkrli siyasətini gün işığına çıxararaq bütün dünyanın buna şahid olmasını göstərib.Azərbaycanın 2020-ci il sentyabrın 27-də öz torpaqlarını Ermənistanın işğalından azad etmək üçün başladığı Vətən müharibəsi və 44 gün ərzində əldə etdiyi tarixi qələbənin buna sevinməli olan cənub qonşumuz, "müsəlman qardaşımız" olan İranı belə narahat etməsini anlamaq çətindir. Əksinə, sağlam məntiqə görə, Azərbaycanın qələbəsinə ən çox sevinən ölkələrdən biri məhz İran olmalı idi. Ən azı ona görə ki, yüzlərlə kilometr müştərək sərhədimiz var, bu xətt boyunca hər iki ölkənin əhalisi məhz azərbaycanlılardan ibarətdir.İranın bu gün müstəqil Azərbaycana qarşı apardığı siyasət əsasən köklü bir məsələlərə dayanır. Misal olaraq, hələ 1918-ci ilin may ayının 28-də AXC elan olunan zaman İran yeni təsis edilən Cumhurriyətimizə qarşı ilk aylar qərəzli mövqe sərgiləyərəq diplomatik münasibətlər qurmaqdan və onun müstəqilliyini tanımaqdan imtina etməsini göstərə bilərik. Bununda əsas səbəbi əlbəttə ki, Cənubi Azərbaycan və orada yaşayan azərbaycanlılar idi ki, İran tərəfi Azərbaycan adının yalnız özünə məxsus olmasını bildirmişdir. Əlaqələrin normallaşması isə tarixdən hər birimizə məlum olduğu kimi 1920-ci ilin mart ayının 20-dən sonra imzalanan müqavilə ilə İran AXC-ni de-yure tanımışdır.1991-ci ildə isə Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra da tarix yenidən təkrarlanaraq İranın Azərbaycanı özünə təhdid kimi görməsi prosesi baş verdi. Həmin dövr üçün bunun ən bariz nümunəsi I Qarabağ müharibəsində İranın bütün sahələr üzrə Ermənistana dəstək verməsidir.İranın Azərbaycana qarşı ikiüzlü siyasəti artıq ifşa olunub. Bundan əvvəl Azərbaycanı "dost", "qardaş" adlandıran İran rəsmiləri indi də oxşar sözləri Ermənistan barəsində səsləndirirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəni həzm edə bilməyən İranın ən böyük qorxusu Azərbaycanın birliyi və güclənməsidir. Qonşu dövlət qorxusunu açıq şəkildə bildirir. İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər, Qafanda tələm-tələsik Baş konsulluğun açılması göstərir ki, Azərbaycanın uğurları İranı ciddi narahat etməyə başlayıb. Eyni zamanda, İran rəhbərliyi daxildə olan üsyanlardan yayınmaq üçün qonşu ölkələrdə sabitliyi pozmağı hədəfə alır. Rəsmi Tehranın məqsədi Azərbaycanı hədəf almaqla regionda sülh və sabitliyi əngəlləmək, diqqətləri İranın daxili problemlərindən yayındırmaqdır. Son günlər İranda təşkil olunan etiraz aksiyalarında cənublu soydaşlarımızın fəal iştirakı molla rejimini ciddi şəkildə qorxuya salıb. İranın Araz boyunca hərbi təlimlərə başlaması Güney Azərbaycanın müstəqil olmaq ehtimalına qarşı hədə kimi qiymətləndirilir. Tehran rejiminə qarşı mübarizə aparan, ədalətin bərpa olunmasına çalışan soydaşlarımız Azərbaycanın daim onların yanında olduğuna əmindirlər. İranın son vaxtlar Azərbaycana qarşı məkirli addımları güneyli soydaşlarımızı da qəzəbləndirib və onlar ölkəmizin müdafiəsinə qalxaraq öz etirazlarını bildiriblər.Həmin tarixdən bu günə qədər İranın dünyada və regiondakı bütün ölkələrlə münasibətlərində dəyişkənlik müşahidə edilir. Yəni münasibət ya yaxşı olur, ya da pis. Dostluq münasibətləri ya soyuyur, ya da isinir. Amma Azərbaycanla bağlı həmişə eyni mövqeyi sərgiləyib. Azərbaycanın əleyhinə, Ermənistanın lehinə olub. Bu, hətta İranın konstitusiyasına zidd bir məsələdir. Bu İranın real siyasətidir. Yəni Azərbaycanı qəbul edə bilmir, qəbul etmək də istəmir. Bunun da təməlində İranın içindəki Cənubi Azərbaycan məsələsi dayanır. Dünyada bir istisna var, o da budur ki, Azərbaycan türkləri yeganə millətdir ki, kiçik qism müstəqil, böyük qisim başqa dövlətin tərkibindədir. Bu gün İrandakı azərbaycanlıların sayının çoxluğu, eyni zamanda, Azərbaycandakı sistemin İrandakı sistemdən demokratik olması cənubi azərbaycanlıları Azərbaycana doğru yönəldə bilir. Bu da İranın “molla rejimi”ni rejimini ciddi şəkildə qorxudur. Buna görə də işğalçı Ermənistanın yanında yer alır, Azərbaycanın əleyhinə siyasət aparır.Bütün dünya bilir ki, Azərbaycanın İrana qarşı olan mövqeyi hər zaman dostluq və mehriban qonşuluq siyasəti üzərində qurulub. Lakin istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də post müharibə dövründə İranın ayrı-ayrı hakimiyyət qrupları tərəfindən maliyyələşdirilən çoxsaylı media resurslarında, həm də Azərbaycanın özündə İrana qulluq edən, eyni zamanda İrana sığınaraq məqam gözləyən xəyanətkar, satılmış üzdəniraqlar Azərbaycana qarşı açıq formada kampaniyalara başlayıblar. Baxmayaraq ki, ən mürəkkəb dövrdə belə Prezident İlham Əliyev Qarabağa səfərlərinin birində Xudafərin körpüsünü-Azərbaycan abidəsini dostluq körpüsü adlandırmışdı. İran əslində sivil, beynəlxalq hüquqa minimal hörmət bəsləyən dövlət olsaydı, bu jestdən sonra artıq durardı, yeni səhifə açıb dostluq və əməkdaşlıq barədə düşünərdi.Amma əksinə, İran sözdə bir, əməldə isə tam fərqli mövqe nümayiş etdirərək özünün əsl simasını ortaya çıxardı. İndi guya öz aləmlərin də bu kimi xaotik məntiqsiz davranışlarla ölkəmizi daim təzyiq və təhdid altında saxlamaq istəyirlər, amma özləri də başa düşür ki, qarşılarındakı 90-cı illərin Azərbaycanı deyil, bu gün biz artıq beynəlxalq nüfuza malik çox güclü və qətiyyətli bir lider tərəfindən idarə olunan ciddi hərbi-siyasi gücə malik bir dövlətik. Molla rejimi bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar.
Ülviyyə Əliyeva,
YAP Yasamal rayon təşkilatının məsləhətçisi