Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq məqsədini qarşıya qoymuş və bu istiqamətdə ardıcıl addımlar atmışdır. Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biri dünyanın digər dövlətləri ilə, xüsusilə də qonşu ölkələrlə münasibətlərin qurulması və inkişaf etdirilməsi olmuşdur. Azərbaycan bütün qonşu dövlətlərlə, o cümlədən İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb. İran İslam Respublikası ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Azərbaycan heç vaxt İran İslam Respublikasının daxili işlərinə müdaxilə etməyib. Lakin bütün bunların fonunda qonşu ölkənin atdığı addımlar, ölkəmizə qarşı sərgilədiyi qeyri-səmimi mövqe Azərbaycanda təəssüf və qəzəblə qarşılanmaqdadır.Azərbaycanla həmsərhəd olan İranın son zamanlar ölkəmizə qarşı riyakar davranışlarının və İslam dəyərlərinə qarşı xainliklərinin şahidi oluruq. İran İslam Respublikası Azərbaycan sərhədinə qoşun yığır, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlir. İran 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verib. İran həmçinin Qarabağ münaqişəsinin bitməsindən sonra Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir. Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. Eyni zamanda, İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islama zidd olan əməldir. Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparılır. İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi isə bir daha sübut etdi ki, İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir. Lakin aydın məsələdir ki, Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli Qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan ilə hədə və təhdid dilində danışmaq kimsəyə fayda verməz. Azərbaycan bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. Çünki güclü və İslami dəyərlərə sadiq olan Azərbaycan özünün dünyəvi dövlət siyasəti ilə hər zaman dostluğa, qonşuluğa sadiq olub.
İntiqam QULİYEV,
YAP Ağdam rayon təşkilatının sədr müavini