Siyasət

  • 788

Azərbaycan Ulu Öndərin vəsiyyəti əsasında milli-mənəvi dəyərlər üzərində qurulur və inkişaf edir

image

“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30-cu ildönümü münasibətilə keçirilmiş yubiley tədbirində çıxışı proqram xarakterli olmaqla yanaşı, Azərbaycanın əldə etdiyi nailiyyətlərin, uğurların tarixi nöqteyi-nəzərdən dəyərləndirilməsi, həmçinin keçilmiş inkişaf yolunun siyasi-iqtisadi prizmadan təhlil olunması kimi yadda qaldı”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

R.Vəlibəyov bildirib ki, ulu öndər Heydər Əliyevin xalqın təkili tələbi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycanda bütün sahələr üzrə sabitləşmə və inkişaf meyilləri başladı: “Ölkədə vətəndaş müharibəsinə, dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, hüquqi-siyasi və sosial-iqtisadi islahatlar, ordu quruculuğu həyata keçirildi. Bir sözlə, 1993-2003-cü illərdə Azərbaycan dövlətçiliyinin çox möhkəm əsasları qoyuldu. Bu mənada, 1993-2003-cü illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar. 2003-cü ildən sonra Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə isə ölkə iqtisadiyyatı 3 dəfədən çox artdı. Bu gün artıq Azərbaycan nəinki regionda, hətta Avropada, Asiyada nüfuzlu ölkəsinə çevrilib. Bu il Azərbaycanın iqtisadiyyatı rekord həddə çatacaq və gözlənilən proqnoz onu deyir ki, ölkə iqtisadiyyatı 130 milyard manata çatacaq. Uğurlu iqtisadi-maliyyə siyasətinin nəticəsində xarici dövlət borcu əhəmiyyətli dərəcədə aşağı salınıb. Xarici borcun ümumi daxili məhsuldakı payı 10 faizə qədər endiriləcək. Eyni zamanda, o da bildirilməlidir ki, ölkənin valyuta ehtiyatları xarici borcdan 8 dəfə çoxdur. Lakin Prezident İlham Əliyevin diqqətə çatdırdığı kimi, bu gün hələ də görüləsi işlər çoxdur və iqtisadiyyatın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə gündəlikdə duran məsələlərdir. Həmçinin, dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Ümumiyyətlə, aparılan iqtisadi islahatlar yaxın gələcəkdə Azərbaycana əlavə imkanlar verəcəyi heç kəsdə şübhə doğurmur”.
“Bu gün bütün dünya azərbaycanlıları başını dik tutub. Çünki Azərbaycan dövləti Ulu Öndərin etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Ona görə ki, ulu öndər Heydər Əliyevin siyasi vəsiyyəti olan Qarabağ problemi həll olunub və bu gün Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur” – deyən R.Vəlibəyov əlavə edib ki, ölkəmizin həyatında tamamilə yeni dövr başlayıb.

yap.org.az

Digər xəbərlər