Siyasət

  • 765

YAP Heydər Əliyev ideyalarını şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirir

image

Ölkənin ciddi sınaqlara məruz qaldığı bir zamanda yaradılan Yeni Azərbaycan Partiyası ictimai-siyasi fikir tariximizin çox önəmli səhifələrindən birinə çevrilib. Burulğanlı, keşməkeşli bir dövrdə ictimai-siyasi meydana gəlmək və ölkəmizin müqəddəratında rol oynamaq, tənəzzüldən tərəqqiyə doğru inamla irəliləmək əlbəttə ki, çətin və şərəfli bir məramın reallaşması deməkdir.

Çox ciddi kataklizmlərin baş verdiyi bir zamanda Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə muraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.
1992-ci il noyabrın 21-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransının keçirilməsi o zaman yeni müstəqillik qazanmış ölkəmizin bu müstəqilliyi itirmək təhlükəsindən xilas olmasına, ölkəmizin müqəddəratının dəyişməsinə aparan yolun başlanğıcı oldu.
30 illik tarixi yolda Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır.
Belələliklə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Partiyanın yaranması, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin partiyaya Sədr seçilməsi zəruri tarixi hadisə idi. Azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatina yeni nəfəs verdi, Azərbaycanın siyasi həyatında əsas aparıcı siyasi qüvvəyə çevrildi. Yeni Azərbaycan Partiyası dünyəvi siyasətin müasir fenomenlərindən biri olan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanmaqdadır. Bu uğurlar dövlətçiliyin uğurlarıdır, dövlətin uğurlarıdır, xalqın uğurlarıdır.
2016-cı ilin Aprel döyüşlərində Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə böyük qələbələr qazanıldı. Bu qələbələr 2020-ci il İkinci Qarabağ müharibəsində, mahiyyəti etibarilə Vətən müharibəsində daha böyük Zəfərlə tamamlandı. Bu Zəfər torpaqlarımızın azad edilməsi ilə tariximizin şanlı səhifəsinə çevrildi. İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə quruculuq işləri aparılır. Bu proqram da uğurla başa çatdırılacaqdır.
Hazırda Yeni Azərbaycan Partiyası öz sıralarında 800 minə yaxın insanı birləşdirir. Bu çox böyük bir ordudur. Partiyamız öz ətrafında cəmiyyətin intellektual təbəqəsini birləşdirir ki, bu da çox mühüm bir göstəricidir.
Bu gün həm Yeni Azərbaycan Partiyasında, həm də müstəqil Azərbaycanda Heydər Əliyev ideyaları şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Bu missiya əsasını Ulu öndərin qoyduğu müvəffəqiyyətlərin, milli inkişaf strategiyasının daha geniş miqyaslı davamıdır. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin əldə etdiyi böyük uğurların müəllifinin mövcud iqtidar və hakimiyyətin siyasi istinadgahı olan Yeni Azərbaycan Partiyası olduğunu bəyan etmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcəkdir.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri

Digər xəbərlər