Siyasət

  • 979

STRATEJİ TƏRƏFDAŞLIĞA YÜKSƏLƏN MÜNASİBƏTLƏR: AZƏRBAYCAN-SERBİYA TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan ilə Serbiyanın dostluğu əbədi olacaq”

SERBİYA PREZİDENTİ ALEKSANDAR VUÇİÇ: “Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir”

Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində isə bunların sırasına biri də əlavə olundu: Cənubi Qafqazın qalib dövləti. 44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı daha da gücləndirdi, dövlətimizin nüfuzunu daha da artırdı. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edib və yeni reallıqlar yaradıb. Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Belə ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Qeyd olunmalıdır ki, Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir. Belə ki, noyabrın 23-də dövlət başçımız İlham Əliyev cənablarının Serbiyanın paytaxtı Belqrad şəhərinə səfəri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu vaxtda təsadüf edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ı, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”u və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”ni, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”i Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov və Serbiya Respublikasının daxili işlər naziri Bratislav Qaşiç imzaladılar. Həmçinin, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın sertifikatlarının tanınması haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş”in tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər Nazirliyi arasında İnzibati Razılaşma”nı Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Serbiya Respublikasının əmək, məşğulluq, veteran və sosial məsələlər naziri Nikola Selakovi, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Serbiya Respublikasının Serbiya İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfiri Kamil Xasiyev və Serbiya İnkişaf Agentliyinin direktoru Radoş Qazdiç, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Serbiyanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfiri Kamil Xasiyev və Serbiyanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mixaylo Vesoviç imzaladılar.
PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan və Serbiya, sözün əsl mənasında, strateji tərəfdaşdırlar”
Serbiya ilə Azərbaycan arasında imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquq bazasını təşkil edir. Onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında bildirib. «Biz sözün əsl mənasında strateji tərəfdaşıq», - deyən dövlətimizin başçısı bildirib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Bizim əməkdaşlığımızın strateji hədəfləri var. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirib: “Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə Sizə təşəkkürümü bildirirəm. Bu, əsl dostun sözləridir və bizi Prezident Aleksandar Vuçiçlə dostluq əlaqələri bağlayır. Hesab edirəm ki, Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında bu amil önəmli rol oynamışdır. Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var. Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir. Prezident Vuçiçin dediyi kimi, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü qarşılıqlı surətdə dəstəklənir və bu mövqe birmənalıdır, dəyişməzdir və dəyişməz olaraq da qalacaq”.
AZƏRBAYCAN PREZİDENTİ: “Beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır”
Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bizim torpaqlarımız uzun illər işğal altında idi və dünyanın aparıcı beynəlxalq təşkilatları bu işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etmişdilər: “Onların arasında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi də var. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi”. Dövlətimizin başçısı qeyd edib ki, bütün aparıcı beynəlxalq təşkilatlar - BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər, ancaq məsələ öz həllini tapmırdı. Bu, onu göstərir ki, beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır: «Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində, bəzi hallarda bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik. Ona görə beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı dünya ictimaiyyəti öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür”. Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, biz güc yolu ilə ərazi bütövlüyümüzü bərpa etdik, ədaləti bərpa etdik: “Biz güc yolu ilə öz ərazi bütövlüyümüzü bərpa etdik, ədaləti bərpa etdik və artıq iki ildir ki, Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub-yaradır, binaları bərpa edir, bütün o böyük ərazini – 10 min kvadratkilometrdən böyük olan ərazini yenidən qurur”. Dövlət başçısı, həmçinin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunduqlarını söyləyib: «Eyni zamanda, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mənim dostum Aleksandar dediyi kimi, energetika sahəsindəki əməkdaşlığı müzakirə etdik və bu gün bu müzakirələr davam edəcək. Təbii qaz, elektrik enerjisi sahələrində əməkdaşlıq üçün yeni imkanlar var. Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik. O cümlədən hərbi-texniki sahədə əməkdaşlıq aparılır və bu əməkdaşlığın daha da dərinləşməsi, daha geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaqdır”.
AZƏRBAYCAN PREZİDENTİ: “Azərbaycan ilə Serbiyanın dostluğu əbədi olacaq”
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib ki, belə görüşlər tez-tez olacaq: “Biz bu gün növbəti illər üçün bir sözlə bir gündəlik tərtib etdik. Prezidentlər bu gündəliyi, əlbəttə ki, öz diqqətində saxlayacaq, bu məsələlərin icrasına nəzarət edəcək. Bunu daha operativ və səmərəli şəkildə etmək üçün, əlbəttə ki, biz tez-tez görüşməliyik. Mən əziz dostumu, Prezident Vuçiçi Azərbaycana səfərə dəvət etdim. Hesab edirəm ki, ilin sonuna qədər bu səfər gerçəkləşə bilər və ondan sonra, əlbəttə ki, mən də yenidən gələcəyəm”. Dövlətimizin başçısı yenidən Serbiyada olmağından məmnunluğunu ifadə edərək deyib: “Belə səfərlərimiz çox olacaq. Bizim dostluğumuz da əbədi olacaq”.
SERBİYA PREZİDENTİ ALEKSANDAR VUÇİÇ: “Biz Prezident İlham Əliyevdən çox şey öyrənə bilərik”
“Biz bu gün Prezident İlham Əliyevlə görüşmüşük. Bu səhər bizim möhtəşəm müzakirələrimiz oldu. Amma müvafiq vəziyyətə görə o, bizim ölkədə daha uzun müddət qala bilməyəcək. Ümid edirəm ki, qısa müddət ərzində onu yenə də Serbiyada qəbul etmək imkanımız olacaq”. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə belqradda mətbuat konfransında bildirib. Serbiya Prezidenti Aleksandar Vuçiç vurğulayıb ki, hər iki olkələr arasında bir çox oxşarlıqlarımız var: “Hər iki ölkə öz ərazi bütövlüyünü qətiyyətli şəkildə qoruyub saxlayır və biz bir-birimizə beynəlxalq arenada, beynəlxalq təsisat və təşkilatlarda bmt nizamnaməsinə və beynəlxalq ictimai normalara əməl edərək kömək edirik. Biz bu məsələdə bir-birimizə etibar edə bilərik”. Prezident Əliyevdən bir çox məsələləri öyrəndiklərini söyləyən Aleksandar Vuçiç vurğulayıb ki, Azərbaycan Prezidentindən çox şeylər öyrəndik: «Bu gün Prezident Əliyevdən bir çox məsələləri öyrəndik. Yalnız bir neçə ölkənin beynəlxalq hüquq normalarına riayət etməsindən başqa beynəlxalq hüquqdan çox az bir şey qalıb. Biz buna əməl etməyin gələcəyimiz üçün yeganə imkan və seçim olduğunu düşünürük. Bu gün biz Azərbaycanla Birgə Bəyanatı, strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Memorandumu imzaladıq. Biz bu əməkdaşlığı yeni müstəviyə qaldırdıq”.
SERBİYA PREZİDENTİ: “Azərbaycan qaz hasilatı və ixracı ilə bağlı böyük imkanlara malikdir”
“Prezident İlham Əliyev beynəlxalq hüquqla bağlı qeyd etdi ki, çox az dövlətlər buna riayət edirlər. Bu, gələcəklə bağlı yeganə imkandır. Biz Azərbaycanla Birgə Bəyanatı, Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumu imzaladıq və bununla bağlı bütün zəruri məsələləri müzakirə etdik, energetika sahəsində əməkdaşlıqdan danışdıq”. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib. Serbiya Prezidenti qeyd edib ki, Azərbaycan qaz hasilatı və ixracı ilə bağlı böyük imkanlara malikdir. Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac edəcək. Gələcəkdə isə bu rəqəmin 35 milyard kubmetrə çatacağı gözlənilir. ”Biz Serbiya-Bolqarıstan arasında interkonnektorun inşasına çalışırıq. Biz əvvəlcədən Bakıdakı dostlarımızla qazın həcmi ilə bağlı razılığa gəlmişik. Biz müvafiq transmissiya məsələlərini müzakirə etmişik. Bu, nəhəng bir layihədir. Qara dənizin altından çəkiləcək boru xətti bir çox ölkələri əlaqələndirəcək və bizim enerji müstəqilliyimizi təmin edəcək”, - deyə Aleksandar Vuçiç vurğulayıb. "Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir". Bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib. "Biz enerji təminatı baxımından Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlığımızı bildirmək istəyirik. Serbiya, əlbəttə ki, sadiq bir tərəfdaşdır", - deyə vurğulayan Serbiya lideri onu da qeyd edib ki, Azərbaycan və Prezident İlham Əliyev nəinki Serbiya üçün, eyni zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır: “Müvafiq şəffaf protokollar imzalanmışdı, amma onun sözü bizim üçün yetərli idi. Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir”. Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək. Çünki Serbiya Prezidenti Aleksandar Vuçiçin dediyi kimi: «Azərbaycan və Prezident İlham Əliyev nəinki Serbiya üçün, eyni zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır».

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər