Prezident İlham Əliyev: "Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil”
Noyabrın 21-də yaranmasının 30-cu ildönümü tamam olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi qəbul olunması onun ötən illərdə hər bir fərdin arzu və istəklərinin təminatçısına çevrilməsi ilə şərtlənir. Bu mənada, YAP-ın 30-cu ildönümü təkcə partiyamızın çoxsaylı üzvləri üçün deyil, ümumilikdə Azərbaycanın hər bir vətəndaşı üçün son dərəcə əlamətdardır. Xalqın taleyində müstəsna rol oynayan, Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bütövlükdə isə dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edən YAP məhz bu kimi bir çox mühüm amilləri özündə birləşdirən ümumxalq partiyasıdır.Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etməsi bütün bəşəriyyətə ölkəmizin gücünün, qüdrətinin daha bir nümayişi oldu. Azərbaycan bütün dünyaya göstərdi ki, onun savaşı haqq savaşıdır. Məhz Prezident İlham Əliyevin dönməz iradəsi, qətiyyəti ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoydu, işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı. Və bu gün ən mühüm, diqqət çəkən, eləcə də maraqlı məqam ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi Azərbaycanın müstəqillik dövrünün tarixi ilə, demək olar ki, üst-üstə düşür - Yeni Azərbaycan Partiyası qələbələr və zəfərlər müjdəçisi olaraq öz ali varlığını sübuta yetirir!Fakt budur ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış etmişdir və bu gün də qalibiyyət, zəfər yolu ilə inamla irəliyə doğru addımlamaqdadır. Çünki Azərbaycanın son illərdə keçdiyi mürəkkəb və ziddiyyətli yola nəzər salarkən YAP-ın xalqın və dövlətin taleyində mühüm rol oynayan partiya olduğu bir daha öz danılmaz təsdiqini tapır. Ümumiyyətlə, ötən illərin reallıqları Heydər Əliyevin yaratdığı partiyanın kifayət qədər mürəkkəb və çətin şəraitdə ictimai zərurətdən yarandığını, xalqın mənafeyi naminə qarşıya qoyduğu hədəflərə doğru inamla irəlilədiyini, bir sözlə, xilaskarlıq və quruculuq missiyasının öhdəsindən əzmlə gəldiyini göstərir.
Tarixi nüans: YAP-a məhz Heydər Əliyev kimi dünya şöhrətli şəxsiyyətin Sədrlik etməsi partiyanın cəmiyyətdə böyük siyasi nüfuza malik olmasını şərtləndirirdi
Təsadüfi deyildi ki, o illərdə Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin əngəllənməsi üçün Kostitusiyaya yaş senzi ilə bağlı qondarma maddə daxil edilmişdi. 1992-ci ilin aprel ayında xalqın iradəsinin ziddinə qəbul edilmiş bu antidemokratik addıma etiraz olaraq müxtəlif aksiyalar, imzatoplama kampaniyaları keçirilirdi. Ziyalılar, sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq 1992-ci il oktyabr ayının 16-da Ulu Öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə müraciət etdilər. Oktyabrın 24-də Ulu Öndərin ziyalıların müraciətinə məktubla verdiyi müsbət cavab Heydər Əliyevin yaranmış vəziyyətdə böyük məsuliyyəti üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Beləliklə, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın xilası naminə YAP-a rəhbərlik etməyə razılıq verməsi onun böyük siyasətə qayıdışının əsasını qoydu. 1992-ci il noyabrın 21-də partiyanın təsis qurultayı keçirildi. AXC-Müsavat cütlüyünə məxsus naşı və talançı hakimiyyətinin qorxusu da məhz bunda idi. Ona görə də Ulu Öndərin Bakıya gəlməsinə ciddi maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək təsis konfransını orada keçirməyə nail oldu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarı, partiyanın proqram və nizamnaməsini qəbul etdi, Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.YAP-ın qısa müddətdə ölkənin siyasi sistemində aparıcı təşkilata çevriləcəyi, onun ətrafında toplaşmış intellektual potensialın xalqımızın ümummilli problemlərinin həllində mühüm faktorlardan biri olacağı aksiom idi. Bir sıra səbəblər bu qənaətə gəlməyə ciddi əsaslar yaradırdı. YAP-a Heydər Əliyev kimi dünya şöhrətli şəxsiyyətin, siyasi strateqin və liderin sədrlik etməsi partiyanın cəmiyyətdə böyük siyasi nüfuza malik olmasını şərtləndirirdi.Növbəti məqam isə bu idi ki, ölkəmizin böyük nüfuza və hörmətə malik yüksək intellekt sahibləri partiya sıralarında birləşmişdi. Daha bir nüans - YAP Azərbaycanın bütün regionlarını təmsil edən ciddi sosial bazaya əsaslanırdı. Ən nəhayətdə isə Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində özünü göstərirdi!
Sabitliyin, tərəqqinin, inkişafın xalqa xidmət reallığının ideoloji məntiqi!
YAP bu gün cəmiyyətdə böyük nüfuza malikdir. Partiyanın proqramında irəli sürülmüş əsas vəzifələr - dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi xalqımızı tam qane edir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin ideya bazasına çevrilmişdir. Bütün bunların fonunda YAP-ın son 30 ildə ölkənin siyasi sistemində aparıcı təşkilata çevrildiyi, onun malik olduğu potensialın respublikanın problemlərinin həllində mühüm faktorlardan biri kimi çıxış etdiyi təkzibolunmaz həqiqətdir. YAP-a İlham Əliyev kimi güclü siyasi Liderin rəhbərlik etməsi partiyanın nəinki daxildə, eləcə də respublikamızdan kənarda güclü və nüfuzlu siyasi qüvvə kimi qəbul olunmasını təmin edir və YAP-ın siyasi fəaliyyətinin ictimai rəydə doğurduğu müsbət reaksiya onun cəmiyyətə təqdim etdiyi ideologiyanın cəlbediciliyində özünü göstərir. Partiyanın qarşıya qoyduğu məqsədlər bütün dövrlərdə zamanla səsləşdiyindən, ictimaiyyətin böyük diqqətinə, marağına səbəb olur. Danılmaz isbat ondan ibarətdir ki, iqtidar partiyası məhz ictimai maraqları mütəşəkkil şəkildə realizə etməklə ölkə vətəndaşlarının siyasi istinadgahına çevrilməyə nail olmuşdur. Ölkənin xüsusən də son illər əldə etdiyi böyük uğurlar YAP kimi nüfuzlu partiyanın hakimiyyət Olimpində qalması və daha da möhkəmlənməsi yolunda bütün siyasi baryerləri aradan qaldırır. Həmçinin, YAP-ın 30 ildəki ən böyük uğurlarından biri partiyanın cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edən ümummilli siyasət yürütməsidir.Bu gerçəkliklər isə özünü bütün seçkilərdə də göstərib. Partiya istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində daim öndə olub, tarixə qələbə və zəfərlər partiyası kimi düşüb. Biz növbəti qələbə və zəfərlər yolunda Yeni Azərbaycan Partiyası ətrafında daha da sıx biləşərək, irəliyə doğru inamla addımlayırıq.
Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük inkişaf yolu keçməsi ilə daha bir əhəmiyyətli reallığı təcəssüm etdirir - YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycan dövlətinin, xalqının inkişafına xidmət edəcək
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev daim bu xüsusda vurğulayıb: "Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq".Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük inkişaf yolu keçməsi ilə daha bir əhəmiyyətli reallığı təcəssüm etdirir - YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycan dövlətinin, xalqının inkişafına xidmət edəcək. Partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev bu barədə fikirlərini çatdırarkən xüsusilə vurğulayıb: "Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var".Beləliklə, bu gün Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi unudulmaz töhfələrlə, müstəqilliyimizlə, bu günümüzlə inkişafımızla, xoşbəxt həyatımızla fəxr edir və gələcəyimiz uğurunda düşünürük. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə, daha müvəffəqiyyətlə və ən əsası, xalqın nəhəng dəstəyi ilə həyata keçirilir.
Vidadi Nəzərov,
YAP Masallı rayon təşkilatı, Masallı Dövlət Regional Kollec ərazi ilk partiya təşkilatının sədri