2020-ci ilin sentyabr - noyabr aylarında, cəmi 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin böyük qəhrəmanlığı və şücaəti hesabına 30 illik işğal sona çatdırılmış, ərazi bütövlüyümüz bərpa olunmuşdu. Cəbhədə əldə olunan nailiyyətlərin diplomatiya müstəvisində də davam etdirilməsi Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz, itkisiz, şəhidsiz ölkəmizə təhvil verilməsinə şərait yaratmışdı. Ayrı-ayrılıqda baxdıqda Ağdamın ən çox minalarla çirkləndirilən bölgə olması və yeraltı bunkerlərlə zənginliyi, Laçın və Kəlbəcərin isə iqlimi və coğrafi relyefi səbəbilə təbii istehkam rolunu oynaması bu rayonların döyüşlərlə alınacağı təqdirdə böyük itkilər verməyimizə səbəb ola bilərdi. Əlbəttə ki, öz peşəkarlığı və qətiyyəti ilə seçilən, mənəvi-psixoloji hazırlığı ən yüksək səviyyədə olan Azərbaycan Silahlı Qüvvələri tapşırıq veriləcəyi təqdirdə canı, qanı bahasına bu torpaqları azad edəcəkdi. Amma bu bizə yüzlərlə Vətən oğlunun şəhidliyi, sağlamlığını itirməsi, texnika və resurs itkisi bahasına başa gələcəkdi. Əldə olunan nailiyyətlər, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Şuşanın, Hadrutun hərb yolu ilə azad olunmasının düşməndə yaratdığı miqyasa gəlməz qorxu və sarsıntı, 9 noyabr tarixində bir gün ərzində 70-dən çox yaşayış məntəqəsinin və strateji yüksəkliyin nəzarətimizə keçməsi düşmənin müqavimətinin tamamilə yerlə bir olmasına və kapitulyasiya aktına qol çəkməsinə, bununla da işğal altında olan üç rayonumuzun təhvil verilməsinə gətirib çıxardı.Onu da qeyd etmək zəruridir ki, işğalın sona çatdırılması Azərbaycanın tarixi torpaqlarına qovuşması, məcburi köçkünlərin doğma yurd yerlərinə olan həsrətlərinin sona çatdırılması missiyası ilə yanaşı həm də tarixi ədalətin, beynəlxalq hüququn bərpa olunması faktı idi. Məlumdur ki, 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 Qətnamə (822,853,874,884 ) qəbul etmiş, bu qətnamələr düz 27 il kağız üzərində qalmış, icra edilməmişdi. Qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələb edilirdi. Bununla yanaşı həm də BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni, bütün aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmiş, ancaq yenə də 27 il ərzində məsələ öz həllini tapmamışdı. Bu beynəlxalq birlik adına böyük bir utanc və rəzalət qaynağı idi. Sonda məsələnin həlli Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı, cəsarəti və fədakarlığı hesabına baş tutdu. Dünya tarixində bənzərinə rast gəlməyin çox çətin olduğu bu hadisə beynəlxalq təşkilatların qərar və qətnamələrinin, onların icrasının selektiv xarakter daşıdığını sübut etdi.
10 noyabr tarixi bəyanatı ilə Azərbaycan öz gücünə az qala 30 illik münaqişəni sona çatdırdı. Əldə olunan razılaşma əsasında 2020-ci ilin 25 noyabr tarixində əzəli Azərbaycan torpağı olan Kəlbəcər 27 ildən sonra nəhayət öz səmasında şanlı bayrağımızın əzəmətlə dalğalanmasının qürurunu yaşadı. Bir çox faciələrə, fəlakətlərə, o cümlədən, Başlıbel, Ağdaban faciələrinə şahidlik edən yurd yerimiz bu dəfə sevincə, qürura qərq oldu. Şanlı Ordunun, Azərbaycan əsgərinin addım səsləri Kəlbəcərə həsrət qaldığı sakitliyi, dincliyi gətirdi. Bu gün doğma sakinlərinə qovuşmaq üçün gün sayan Kəlbəcərdə artıq bərpa-quruculuq işləri həyata keçirilir. Belə demək olar ki, hazırda qədim şəhərimizə yeni nəfəs verilir. Qəbul edilmiş dövlət proqramına uyğun olaraq Kəlbəcərdə böyük infrastruktur layihələri icra edilir. Bu işlərin başında sözsüz ki, Göygöl rayonu ilə Kəlbəcəri birləşdirəcək Murov dağının altından çəkilən tunelin inşası əlamətdar yer tutur. Tunelin çəkilişi intensiv şəkildə həyata keçirilir. Eyni zamanda, hər iki tərəfdən yeni yollar çəkilir. Kəlbəcərdə su elektrik stansiyalarının tikilməsi işi də sürətlə davam etdirlir. Bütün bu işlər Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında, onun tapşırıqları əsasında görülür. Cənab Prezident bir neçə dəfə Kəlbəcərə səfər edərək görülən işlərlə yerində tanış olub. Qeyd edək ki, işlərin belə sürətli və keyfiyyətli aparılmasında bir məqsəd var - böyük qayıdışa tezliklə nail olmaq. Azərbaycan dövləti əhalimizin doğma yurd-yuvalarına mümkün qədər qısa müddətdə qayıtması üçün hər şeyi edir və edəcək. Bu işlər nəticəsində eyni zamanda, Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaq, qısa zaman kəsiyində daha müasir, abad, füsunkar bir diyara çevriləcəkdir.
Rauf Əliyev
Pirallahı rayon İcra Hakimiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi