Siyasət

  • 1 037

Kəlbəcərin qurtuluşu ŞƏRH

image

Azərbaycanın füsunkar təbiətə, zəngin təbii ehtiyatlara, böyük turizm potensialına malik olan tarixi ərazisi, ən böyük rayonlardan biri Kəlbəcər rayonunun 1993-cü ilin 02 aprel tarixində ermənilər tərəfindən işğal edilməsi nəticəsində neçə-neçə ailənin ocağı söndürülmüş, neçə-neçə günahsız insanın evi viran qoyulmuş, vəhşicəsinə dədə-baba torpağından didərgin düşmüş, 321 nəfər əsir və itkin düşmüş, 511 dinc sakin öldürülmüşdü. Həmin il kəlbəcərlilər qəlbdə vətən həsrəti, yurd-yuvanı tərk etmənin acısı və düşmənə qarşı nifrət hissi ilə Murovdağın aşırımlı yollarını ayaqyalın aşmaq məcburiyyətində qalmışdı.2020-ci ildə 44 gün davam edən Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun döyüş meydanında qazandığı böyük qələbənin məntiqi davamı kimi siyasi müstəvidə əldə etdiyimiz zəfər kəlbəcərlilərin qanayan yarasına məlhəm oldu. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, həyata keçirdiyi güclü dövlət-güclü ordu strategiyası, məharətli diplomatik siyasəti düşməni kapitulyasiya aktına qol çəkməyə məcbur edərək çətin relyefə, sərt iqlimə, strateji yüksəkliklərə malik olan Kəlbəcəri döyüşsüz, canlı qüvvə itkisi vermədən azad etdi. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir. Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır. Nəhayət 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır. Bu il 1936 kvadrat kilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonunun işğaldan azad olunmasından iki öl ötür. Ermənistan silahlı birləşmələrinin Kəlbəcər rayonunu tərk edən zaman öz çirkin əməllərindən geri qalmaması və əraziləri minalarla çirkləndirməsi nəticəsində müharibənin iki ildir ki, bitməsinə baxmayaraq, erməni terroru hələ də davam edir və dinc vətəndaşlar bu terrorun qurbanı olur. Bütün bu təhlükələrə baxmayaraq, ərazilərin qarış-qarış minalardan təmizlənməsi, dədə-baba torpaqlarımıza qayıdış, bu qayıdış üçün şəraitin yaradılması istiqamətində atılan addımlar öz sürəti ilə davam edir, ərazisinə görə ən böyük şəhərimiz olan Kəlbəcərdə artıq quruculuq işlərinə start verilib. Ali Baş Komandan İlham Əliyevin 16 avqust 2021-ci il tarixdə Kəlbəcərə səfəri əlamətdar hadisə kimi yadda qalıb. Bu səfər zamanı Kəlbəcər-Laçın avtomobil yolunun, yol üzərində inşa olunacaq tunelin təməlinin qoyulması, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının tamamilə yenidən qurulması, “Kəlbəcər” yarımstansiyasının açılışı, İstisu sanatoriyasının mövcud durumu ilə də tanış olunması kimi hadisələrlə müşahidə olundu. Şəhidlərimizin qanı, canı bahasına azad edilən keçilməz Murovdağdan indi Kəlbəcərə yeni yollar inşa olunur. Kəlbəcərdə infrastruktur layihələri ilə yanaşı artıq kənd təsərrüfatının inkişafı istiqamətində də mühüm layihələr icra edilməyə başlanılıb. Prezident İlham Əliyevin 26 iyun 2022-ci il tarixdə Kəlbəcərə səfəri zamanı Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlinin qoyulması Böyüq Qayıdış prosesinin sürətləndirilməsi istiqamətində önəmli hadisədir."Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində Kevliçer sözündən götürülüb "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.8 avqust 1930-cu ildə inzibati rayon statusu almış Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları buranı işğal etdikdən sonra tarixi abidələrin əksəriyyətini - Alban məbədi, Alban kilsələri (Həsən Camal kilsəsi), Lök qalası, Uluxan qalası, Qalaboynu qalası, Comərd qalası, Keşikçi qalası, məscidlər, Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Seyid Əsədulla ziyarətgahı və digər mədəni abidələri məhv ediblər.Ermənistanın 30 illik işğalı dövründə vandalizmə məruz qalmış Azərbaycan ərazilərində misli görünməmiş cinayətlər törədilmişdir. Azərbaycan dövləti tərəfindən bir çox beynəlxalq təşkilat nümayəndələrinin və media təmsilçilərinin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunur, Ermənistan hökumətinin, işğalçı erməni ordusunun ağır hərbi cinayətləri dəlillərlə dünyaya nümayiş etdirilir.Hərbi cinayətkar olan Ermənistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutması nəticəsində 100-dən çox mülki şəxs, həlak olmuşdur. Gəncənin, Bərdənin və digər ərazilərin hücuma məruz qalması, orada çoxsaylı vətəndaşlarımızın həlak olması, çoxsaylı mülki obyektlərin məhv edilməsi beynəlxalq humanitar hüquq qaydalarının pozulması deməkdir. Tərtər şəhərinə minlərlə raket düşmüşdür. Qadağan edilən silahlardan, kasetli bombalardan istifadə etməklə ermənilər beynəlxalq qanunvericiliyin, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmuşdur.İşğalçılıq illərində bütün ərazilərdə evlərin, tarixi abidələrin, məzarlıqların, məktəblərin, digər iaşə obyektlərinin dağıdılması, meşələrin yandırılması ilə əlaqədar Ermənistan məsuliyyət daşımalıdır. Bu cür insaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Rəsmi İrəvan cavab verməlidir.

Günay Məmmədli
YAP Yasmal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər