PDF Oxu

Siyasət

  • 2 412

Həsrətində qaldığımız KƏLBƏCƏR! - ŞƏRH

Həsrətində qaldığımız KƏLBƏCƏR! - ŞƏRH

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında qazandığı böyük qələbənin məntiqi davamı kimi siyasi müstəvidə əldə etdiyimiz zəfər bizi ən böyük rayonumuza-Kəlbəcərimizə qovuşdurdu. Belə ki, 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri, ərazisi 3054 kv.km olan və Ermənistanla sərhəddə yerləşən Kəlbəcər rayonunu işğal etmişdilər.

Ancaq 2020-ci il noyabrın 25-i cənab Prezident İlham Əliyevin verdiyi müjdə Kəlbəcər həsrətimizə son qoydu, kəlbəcərlilərin qanayan yarasına məlhəm oldu. Beləliklə, İkinci Qarabağ müharibəsində Azərbaycan 30 illik işğala 44 gün ərzində son qoymaqla şanlı tarix yazdı. Məhz Ordumuzun bu böyük zəfəri, Prezident İlham Əliyevin qətiyyəti, həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti düşməni kapitulyasiya aktına qol çəkməyə məcbur edərək mürəkkəb relyefə, sərt iqlimə, strateji yüksəkliklərə malik olan Kəlbəcəri döyüşsüz, canlı qüvvə itkisi vermədən azad etdi.

27 il bundan əvvəl vandal ermənilər torpaqlarımızı vəhşicəsinə işğal etdiyi kimi, indi də o cür barbarlıqla təhvil verir. Məlum razılaşmadan sonra erməni mülki vətəndaşlar və silahlı birləşmələr işğaldan azad olunmuş ərazilərimizdən təyin edilmiş qrafik əsasında çıxmaqdadırlar, lakin hər zaman olduğu kimi, bu dəfə də ermənilər öz vandal hərəkətlərindən və ən əsası, əldə edilmiş razılaşmaya hörmətsizlik nümayiş etdirməkdən çəkinmirlər. Belə ki, mətbuatda Kəlbəcərdən çıxan erməni əhalisinin videoları və fotoları yayımlanıb. Bu video və fotolarda aydın görünür ki, ermənilər əsasən bütün əşyalarını yük maşınlarına yükləyərək, evlərin dam örtüyünə qədər çıxarıb, hətta mal-qaranı da rahat şəkildə apara bilirlər. Uzun illər öncə buradan qovulmuş azərbaycanlıların evlərində yaşayan ermənilər indi həmin evlərə od vuraraq gedirlər. Kəlbəcəri tərk edən ermənilər ölülərinin qəbirlərdəki sümüklərini belə özləri ilə aparıb. Ermənilər tərəfindən Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətdir. Kəlbəcərin işğaldan azad edilməsindən sonra ermənilər, məşhur Alban Xudavəng monastırının xaç daşlarını və digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana aparırlar.

Ermənistanla böyük sərhəddə malik olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır. İşğal zamanı ermənilər məhz belə bir strateji üstünlük əldə etdikdən sonra çox keçmədi ki, qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal etdilər. Odur ki, Kəlbəcər kimi belə bir strateji əhəmiyyəti olan rayonun işğaldan azad edilməsi son dərəcə böyük tarixi uğurdur. Kəlbəcər Azərbaycan iqtisadiyyatına çox böyük gəlirlər vermək imkanlarına malikdir.

Kəlbəcər dünyada nadir rast gəlinən füsunkar təbiətə, müalicəvi yeraltı suların mövcud olduğu unikal bir ərazidə yerləşir. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır.

Yerlə yeksan olan Kəlbəcərin azad olunmasından cəmi 2 il keçib, artıq rayonda quruculuq işləri, infrastruktrun qurulması istiqamətində çox ciddi layihələr gerçəkləşdirilib və sürətli iş gedir. Ötən ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin, Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək yeni Kəlbəcər-Laçın avtomobil yolunun təməli qoyulub, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı olub. Bu il iyunun 26-da Kəlbəcərə yenidən səfər edən İlham Əliyev Kəlbəcər şəhərinin Baş planı ilə tanış oldu, Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun, “İstisu” sanatoriyasının təməlini qoydu. Kəlbəcər rayonu böyük təbii enerji potensialına malikdir. Rayon ərazisində külək elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər tərəfindən böyük maraq vardır. Hazırda rayonda “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur.

Kəlbəcər strateji baxımdan olduqca əhəmiyyətli bölgə olduğundan burada da yeni hərbi hissələr istifadəyə verildi, komando hərbi birləşmələri yaradıldı. Bu, həm də Ermənistana bir xəbərdarlıqdır. Kəlbəcərdə yeni hərbi hissənin yaradılması Ermənistanla sərhəddə hərbi cəhətdən mövqelərimizi daha da möhkəmləndirir. Bir sözlə desək , son iki ildir ki, faktiki olaraq Kəlbəcərin yeni inkişaf dövrü başlayıb. Əminliklə söyləmək olar ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər də ən inkişaf etmiş bölgələrimizdən birinə çevriləcək.

Arzu Əliyeva
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Digər xəbərlər