Siyasət

  • 1 992

YAP ümumxalq partiyasıdır - ŞƏRH

image

Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü bütün Azərbaycan xalqı böyük coşqu ilə qeyd edir. Bu münasibətlə noyabrın 21-də Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə çıxış edən Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin dediyi kimi, partiyamızın yaranması tarixi hadisə idi. Tariximizdən bizə məlumdur ki,1990-cı illərin əvvəllərində öz müstəqilliyini yeni bərpa etmiş ölkəmiz gənc çətin və mürəkkəb günlərini yaşayırdı. Azərbaycan Respublikası üzləşdiyi hərbi məğlubiyyət eyni zamanda, daxili böhranla tamamlanırdı.

Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə Azərbaycanın müstəqil yaşamasını sual altına qoymuşdu. Həmin o vaxt dövlət müstəqilliyin qorunub saxlanması üçün qətiyyətli və iradəli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. Bu mənada, YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunmalıdır. Nəhayət, 1992-ci ildə xaos, anarxiya vəziyyətində olan bir ölkəyə xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin ölkə rəhbərliyə gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə Ümummilli Lider Heydər Əliyev fenomeninin üzərində dayandı. Ona görə ki, xalq xilas yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Məhz həmin zamanlar öz xalqını, dövlətini düşünən 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ümummilli Lider Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi.

Həmin dövrdə ziyalıların müraciətini qəbul etsə də, Ümummilli Liderimizin Bakıya gəlişinə müəyyən qüvvələr tərəfindən maneələr törədilməsi səbəbilə partiyanın yaradılmasını istəyən insanların bir hissəsi Naxçıvana gedərək, YAP-ın təsis konfransını orada keçirməyə nail oldular. Bu haqda öz çıxışında ölkə Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, əgər biz həmin illərdə təkcə senzuranın ölkədə tətbiq edilməsini yada salsaq, aydın görərik ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. YAP-ın təsis konfransının məhz Naxçıvanda keçirilməsi də bununla izah olunurdu. Çünki, o vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Lakin xalqın öz xilaskar oğlu Heydər Əliyevə olan sonsuz inanmını heç bir qüvvə sarsıda bilmədi. Naxçıvanda keçirilən Partiyanın təsis konfransında Ümummilli Lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın Sədri seçildi. Qısa vaxt ərzində Yeni Azərbaycan Partiyası siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. Partiyanın üzvləri, Ümummilli Liderin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bu gün də bütün lazımi səyləri göstərirlər. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ümummilli Liderə olan ümumxalq sevgisindən xəbər verir.

Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Həmçinin onun rəhbərlik etdiyi YAP-ın siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ümummilli Lider cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa vaxt kəsiyində inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. YAP-ın ilk addımları olkədə siyasi sabitliyin bərpasına yönəldildi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. Ümummilli Liderin hakimiyyətə gələrək qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. Ulu Öndərin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Yarandığı dövrdən qısa zaman kəsiyində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərini iki tarixi dövrə ayırmaq olar.

Hələ 1969-1982-ci illərdə Azərbaycan SSR-in rəhbərliyində olduğu zaman Ümummilli Lider hər zaman milli maraqları üstün tutmuş və Azərbaycanı sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir. Həmin dövrdə Azərbaycanda neçə-neçə zavod və fabriklər fəaliyyətə başladı, müasir, yüksək texnoloji istehsal proseslərinin tətbiq olunduğu müəssisələrin sayı artmağa başladı. Eləcə də, sənayenin inkişafı ilə həm də respublikanın ittifaq miqyasında tanınmasına, milli mədəniyyətin daha şəbəkəli səviyyədə təbliğinə şərait yarandı. Bakının ittifaq miqyasında ən iri şəhərlərdən birinə çevrilməsi də həmin illərə təsadüf edir. Bakıda metro tikintisi başa çatdı, yeni ali təhsil ocaqları fəaliyyətə başladı. Ümummilli Liderin azərbaycançılıq ideologiyasına əsaslanan siyasi kursu isə Azərbaycanın sonrakı illərdə müstəqil respublika kimi inkişafında önəmli rol oynadı. Sovetlər dönəmində Ulu Öndərin respublikamıza rəhbərliyi ilə bağlı ən önəmli məqamlardan biri də budur ki, nə 1969-1982-ci illərdə, nə də 1982-1987-ci illərdə, Ulu Öndər Heydər Əliyev Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər. Halbuki, belə meyillər o zaman da var idi. Ümummilli Lider hətta bütün vəzifələrindən istefa verəndən sonra da xalqımız üçün ən faciəvi günlərdə xalqla birlikdə olmuşdu. Belə ki, 20 Yanvar faciəsinin ertəsi günü Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır.

Ölkə Prezidenti İlham Əliyev öz çıxışında qeyd etdiyi kimi, bütün bunlar və eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda çalışdığı dövrdə müstəqilliyə doğru atılan addımlar, o cümlədən Azərbaycan Demokratik Respublikasının Dövlət bayrağının Naxçıvanda rəsmi bayraq kimi təsis edilməsi və digər addımlar, həmçinin Naxçıvanın erməni işğalından qorunması xalqın öz liderinə inamını daha da artırırdı və bütün bu amillər nəticədə xalqımızın müdrikliyinə əsaslanaraq gələcəkdə Azərbaycanı böyük bəlalardan qurtara bilmişdir. Partiyanın təsis konfransından yeddi ay keçəndən sonra Ümummilli Lider Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət edildi, parlamentin sədri seçildi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Nəticədə, tariximizin o qara səhifəsi bağlandı.30 il şərəfli yol keçən Yeni Azərbaycan Partiyası monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbələri ilə heç bir seçkidə rəqib tanımadı. YAP-ın seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata yüksək etimadını göstərir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanaraq bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir. Bu, həm də hər bir vətəndaşın Prezidenti olduğunun göstəricisi, Azərbaycanın hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması ildən-ilə xalq-iqtidar birliyinin göstəricisidir.

Məhz bu gün sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası və siyasi kursu bu gün ölkəmizdə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər