Siyasət

  • 2 025

Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var - ŞƏRH

image

Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 2 il ötür. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb. Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər.

Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.Qeyd edək ki, Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Laçın rayonu respublikanın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun reylefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 m). Bitki örtüyü kolluq və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq və s.), subalp və alp çəmənliklərindən ibarətdir. Ərazisinin çox hissəsində qışı quraq keçən mülayim-isti, soyuq iqlim, Qarabağ yaylasında isə dağ-tundra iqlimi üstünlük təşkil edir. İllik yağıntının miqdarı 600-900 mm-dir.

Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir. Rayon əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti kənd təsərrüfatı olmuşdur. Qışı quraq keçən, mülayim isti və soyuq iqlimi olan Laçın rayonunda örüş-otlaq və biçənək sahələrinin geniş olmasına (74.0 min ha) və əhalinin maldarlıq sahəsində təsərrüfatçılıq ənənələrinin saxlanılmasına görə keçmiş Sovet İttifaqının tərkibində olan zaman bu regionun aqrar potensialı daha çox heyvandarlıq sahəsində baza ağırlıqlı olmuşdu.

Bu gün Laçın rayonunda heyvandarlığın inkişaf etdirilməsi üçün mühüm işlər görülür. 2025-ci ilə qədər Laçın rayonunda 75.6 min baş iribuynuzlu (inək və camışlar) və 402.3 min baş xırdabuynuzlu mal-qaranın (qoyun və keçilər) bərpa edilməsi ilə ölkədə heyvandarlığın inkişafına və sürü dövriyyəsinin təqribən 3.7 faiz artımına səbəb olacaq. Həmçinin Laçında 110 min quş və 18 min arı ailəsinin olacağı da proqnozlaşdırılır.

Bundan başqa Laçın rayonu arıçılıq, heyvandarlıq, meyvəçilik, üzümçülük kimi sahələrin inkişaf etdirilməsi üçün böyük potensiala malikdir. Rayonun böyük turizm potensialı da var. Gələcəkdə bu yerləri turizm zonasına çevirmək olar. Bununla yanaşı Laçın təbii ehtiyatları ilə də zəngindir. Rayonda çoxlu mineral sular, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları var. Bütün bunlar gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük fayda verəcək.

Biz inanırıq ki, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək.

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər