Siyasət

  • 2 710

YAP-ın yaradılması tarixi zərurət idi - ŞƏRH

image

Hər bir siyasi partiyanın keçdiyi yolun əsaslarına diqqət yetirmək, onun fəaliyyətinin xronikası və dinamikasını tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq lazımdır. Bunlardan biri partiyanın yarandığı şərait, daha dəqiq desək, hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir. Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını şəraitin diktəsi ilə meydana gələn tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

16 oktyabr 1992-ci il müstəqil və müasir Azərbaycanın tarixində mühüm əhəmiyyət kəsb edən hadisə ilə yadda qaldı. Məhz həmin tarixdə bir qrup ziyalı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ideyasına münasibət bildirməyi və bu partiyaya rəhbərlik etməyi xahiş etdilər. Bu o zaman idi ki, Azərbaycan öz müstəqilliyini yenicə, yəni bir il idi ki, əldə etmişdi. Amma respublikada vəziyyət elə bir həddə idi ki, müstəqillik hər an itirilə bilərdi. Ölkə fəlakət həddində idi, hərc-mərclik hökm sürürdü, müstəqil dövlətin dayaqlarını möhkəmləndirəcək heç bir addım atılmırdı. Əksinə, iqtisadiyyat tamamilə çökmüş, dövlət büdcəsi boşalmış, ağır sosial durum, daxildəki silahlı birləşmələr, separatçı meyllərin baş qaldırması, digər tərəfdən isə erməni işğalının genişlənməsi və böyük qaçqın, köçkün ordusu...

Tarixə məşhur “91-lərin müraciəti” kimi düşmüş həmin müraciəti imzalayan ziyalılar bütün bu təhlükələri görür və getdikcə vəziyyətin daha da ağırlaşacağını, illərlə həsrətində olduğumuz müstəqilliyimizin yenidən itirilməsi təhlükəsini görürdülər. Məhz buna görə də hər zaman Azərbaycan xalqının güvəndiyi, arxalandığı, öz vətənini, millətini sonsuz məhəbbətlə sevən xilaskar liderə - ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Bu müraciəti 91 nəfər imzalasa da, bütün xalqın istəyini və arzusunu əks etdirirdi.Cari ilin noyabr ayının 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibət ilə keçirilmiş ümumrespublika tədbirində Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyev çıxış edərəkən Partiyamızın təsis edilməsində məşhur “91-lərin” rolunu qeyd edərkən bildirmişdir ki: “Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu ulu öndər Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir.

Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı”.Məlum olduğu kimi həmin tarixi müraciət “Səs” qəzetində "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edilir. “91-lər”in müraciətinin əvvəlində Azərbaycanda mövcud vəziyyətə, onun baş vermə səbəblərinə ümumi nəzər salınır: “Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir. Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur.

Ən dəhşətlisi odur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır”. Müraciətdə vəziyyətin doğurduğu digər fəsadlardan, respublikanın olan-qalan iqtisadi potensialının sürətlə dağılması, təbii sərvətlərinin talan edilməsi, vəziyyətin çıxılmazlığından söz açılır, xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri - 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlərin cəzasız qalması xüsusi vurğulanır, bu problemlərinin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu qeyd edilirdi: “Axırı görüməyən, minlərlə insan ömrü aparan, saysız-hesabsız ailələri doğma yurdlarından didərgin salan Qarabağ fitnəkarlığı bir çoxları üçün siyasi oyunbazlığa, məqam, vəzifə qamarlamaq girəvəsinə, qazanc mənbəyinə dönübdür. Azərbaycanda “sürətli artım” ancaq yeni-yeni partiyaların və onların liderlərinin meydana çıxması sahəsindədir. Bu siyasi partiyaların sayı gündən-günə çoxalsa da, respublikada ictimai-siyasi həmrəylik yaratmaq yolunda əməli iş görülmür, siyasi vakuum mövcuddur. Çünki bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, ən müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur”. “91-lər” müraciətdə ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri ulu öndər Heydər Əliyevin simasında görərək belə bəyan edirdilərː “Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

“91-lər”in müraciətindən sonra 1992-ci ilin 24 oktyabrında mətbuatda ulu öndər Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavab olan “Yeni, Müstəqil Azərbaycan uğrunda” sərlövhəli məktubu dərc olundu. Ümummilli lider Heydər Əliyev bu müraciətə cavabı ilə müstəqil dövlətimizin gələcək taleyini müəyyənləşdirdi. Ölkədəki ictimai-siyasi durumun hərtərəfli əks olunduğu həmin cavabda böhranın yaranma səbəbləri və mövcud hakimiyyətin xalqımızı faciələrlə üzləşdirməsi konseptual şəkildə şərh olunaraq, vəziyyətdən çıxış yolları dəqiqliklə göstərilmişdi. 5 noyabr tarixdə Respublika ziyalılarının YAP təşkilat komitəsinin yığıncağı keçirildi. Heydər Əliyev yekdilliklə təşkilat komitəsinin sədri seçildi. 21 noyabr 1992-ci ildə isə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi və Heydər Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi.Bu gün 30 il şərəfli yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 800 mindən çox insanı birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı siyasi təsisat olduğunu fərq etdi. Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrildi. Bu hadisənin özü ulu öndər Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda, partiyanın yaranmasında ifadə olunan tarixi zərurəti və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi.

Yeni Azərbaycan Partiyası təmsilçilərindən formalaşmış iqtidar komandası xalqımızın ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək bu gün ölkəmizi tarixinin ən böyük nailiyyətlərinə yetirmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu vəzifələrin hər biri üzrə möhtəşəm nəticələr qazandı.

Aytəkin Əhmədova

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər