Siyasət

  • 1 921

Doğma sahiblərinə qovuşmaq üçün gün sayan Laçın iki yaşını qeyd edir - ŞƏRH

image

Laçın rayonu artıq iki ilə yaxındır ki azaddır. Hər bir qarış Vətən torpağının olduğu kimi Laçın rayonunun da azad olunması tarixi hadisədir.27 illik danışıqlar dövründə Laçın və Kəlbəcər rayonlarının qaytarılması daim mübahisə predmeti olduğundan və müxtəlif xarici dairələr tərəfindən yalnız beş rayonun (Cəbrayıl, Füzuli, Ağdam, Zəngilan və Qubadlı) Azərbaycana qaytarılması, Laçın və Kəlbəcərin isə koridor kimi saxlanılması xüsusunda ölkəmizə təzyiqlər edildiyindən bu iki rayonun Azərbaycanın öz gücünə hərbi-siyasi yollarla azad olunması xüsusi sevindiricidir. Məlumdur ki, Ermənistan tərəfi danışıqlar dövündə bütün Laçın rayonunun onlara dəhliz kimi verilməsində israr edir, bəzi Qərb dairələri isə bu mövqeyi dəstəkləyirdi. Bu məqsədlə Ermənistan rəhbərliyi tərəfindən işğal dövrü ərzində əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonunda ciddi şəkildə qanunsuz məskunlaşdırma aparmış, bölgənin demoqrafik vəziyyətinin süni şəkildə dəyişdirilməsinə cəhdlər edilmiş, dünya birliyi isə buna səssiz qalmışdır. 44 günlük Vətən müharibəsində isə Azərbaycan Silahlı Qüvvələrinin bölgədə yaratdığı yeni geosiyasi reallıqlar Ermənistanın və onun havadarlarının bütün planlarını yerlə bir etdi və əzəli yurd yerimiz, ata-baba torpağımız olan Laçın və Kəlbəcər dövlətimizin yurisdiksiyasına qaytarıldı. Ermənistan təslim olmağa və sözügüdən rayonlardan öz silahlı qüvvələrini çıxarmağa məcbur edildi. Beləliklə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri qaytarması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının isə növbəti təsdiqi olaraq tarixə həkk olundu. Onu da qeyd edək ki, 01 dekabr 2020-ci il tarixdə Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan – Laçından çıxarmaqla “Dağlıq Qarabağ” ətrafındakı işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.Xatırlatmaq istərdim ki, Laçın rayonu Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən (1992-ci il martın 2-si) 77 gün sonra - mayın 18-də işğal edilmişdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində - 822, 853, 874 və 884 saylı qətnamələrdə bilavasitə Laçının adı çəkilməsə də, sənədlərdə yer alan "erməni silahlı dəstələrinin son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından", "digər rayonlardan geri çəkilməsi" tələbi birbaşa Laçına aid idi. Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.Laçın rayonundan danışarkən mütləq qeyd olunmalıdır ki, Laçın 1992-ci ildə Şuşa şəhərinin işğal olunmasında cəmi 10 gün sonra 18 may tarixində işğal olunmuşdur. Bu işğal imkan verirdi ki, artıq Ermənistan ilə “Dağlıq Qarabağ” arasında yol bağlantısı olsun və Ermənistan bu dəhliz vasitəsilə silah-sursat, canlı qüvvəni ölkəmizə keçirsin. Əlbəttə ki, bu, müharibənin sonrakı gedişində böyük rol oynamış və ölkəmiz üçün böyük itkilərə gətirib çıxarmışdı. Laçından təxminən bir il sonra isə Kəlbəcər rayonu işğal altına düşdü. Bu isə böyük coğrafi məkanda Ermənistanla Qarabağ arasında əlaqə yaratdı. Onu da qeyd etmək istəyirəm ki, Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açır, digər tərəfdən isə işğal faktının BMT-nin, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırdı. Bütün bunlar Azərbaycan torpaqlarının 20 faizinin işğal altına düşməsi, minlərlə soydaşımızın ölümü və ya sağlamlığının itirilməsi, bir milyona yaxın soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, 27 il davam edəcək müharibənin başlaması ilə nəticələndi. Xoşbəxtlikdən bu gün artıq Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, prinsipiallığı, düşünülmüş siyasəti, xalqımızın işğalla barışmaz mövqeyi və Ordumuzun əzmkarlığı, peşəkarlığı Qarabağımızın və Şərqi Zəngəzurumuzun azad olunmasını təmin edib. Artıq böyük Zəfərdən iki il keçib. Ötən müddət ərzində bir çox genişmiqyaslı bərpa-quruculuq işləri, iri infrastruktur layihələri icra olunmuşdur.Laçın da bu quruculuq missiyasından öz payını almışdır. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanı istifadəyə veriləcəkdir. Eyni zamanda bu günə qədər də Prezident İlham Əliyev bir neçə dəfə Laçına səfər etmiş bu səfərlərdə rayonda görülən işlərlə, infrastruktur layihələri ilə tanışlıq həyata keçirmişdir. Təəssüf ki, hələ ki, işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Ancaq o bölgələr Azərbaycan dövlətinin vəsaiti, dövlət başçımızın siyasi iradəsi ilə bərpa ediləcək, vətəndaşlarımızın normal həyatı üçün bütün addımlar atılaraq cənnət məkana çevriləcəkdir. Beləliklə, ölkəmizin ən böyük rayonlarından biri olan Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaqdır.

Laçın bizimdir! Qarabağ Azərbaycandır!

Şəbnəm Eldarova
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi

Digər xəbərlər