PDF Oxu

Siyasət

  • 3 051

Laçının azad olunması qələbənin parlaq nümunəsidir - ŞƏRH

Laçının azad olunması qələbənin parlaq nümunəsidir - ŞƏRH

Azərbaycanın gözəl guşələrindən biri olan, Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 1992-ci il mayın 18-də respublikanın daxilində ictimai-siyasi böhran və anarxiyanın hökm sürdüyü, müəyyən qüvvələrin hakimiyyət uğrunda mübarizə apardığı bir dövrdə Ermənistanın hərbi təcavüzünə, rayonun əhalisi isə etnik təmizləməyə məruz qalmışdır. İşğal nəticəsində rayonun yüzlərlə mədəni-məişət obyekti, onlarla qəsəbə, kənd və tarixi abidələri dağıdılaraq talan edilib, rayonun dövlət və özəl mülkiyyətinə ciddi zərər yetirilib, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Respublikanın müxtəlif bölgələrində məcburi köçkün kimi yaşayır.

Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi, qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü şəkildə erməni əsilli Suriya qaçqınlarının məskunlaşması siyasətinin aparılması, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə Ermənistan Cenevrə Konvensiyasında üzərlərinə düşən öhdəlikləri pozublar. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasını qətiyyətlə pisləyən, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edərək işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrinin tələblərini yerinə yetirməyən Ermənistan işğalçılıq siyasət yürütdüyünü ötən 28 ildə sübut etmişdir.

“Çıraqov və digərləri Ermənistana qarşı” adlı iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qəbul edilmiş qərar onların mülkiyyət və digər hüquqlarının pozulduğunu təsdiq edib. Bununla yanaşı qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, xüsusən Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əks hücum əməliyyatları nəticəsində 44 gün ərzində döyüş meydanında əldə etdiyi qələbə düşməni kapitulyasiya bəyənatını imzalamağa, öz məğlubiyyətini qəbul etməyə, Laçından çıxmağa vadar etdi. Dağlıq Qarabağ ətrafındakı 7 rayonumuz hərbi yolla geri alındıqdan sonra 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı Birgə Bəyanata uyğun olaraq 01 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan son rayonumuz Laçın şəhid verilmədən, dinc yolla öz əsl sahibinə qaytarıldı. Ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrilmiş bu hadisə Azərbaycanın gücünün, eyni zamanda diplomatik müstəvidə əldə etdiyi qələbənin göstəricisi idi. Azərbaycan Respublikasının qalib prezidenti cənab İlham Əliyev 28 illik erməni işğalından azad olunmuş Laçın rayonunda üçrəngli şanlı Azərbaycan Bayrağını qürurla dalğalandırdı.

Uzun illər ərzində böyük sərvətimiz olan meşələrimizi talamaqdan doymayan mənfur düşmən Laçını tərk etmək məcburiyyətində qaldığı zaman meşələrimizi yandırıb. Buna baxmayaraq, düşmən ucqar dağ massivlərində yerləşən meşə sahələrinə dırmaşa bilmədiyinə görə meşələrimizin böyük hissəsi toxunulmaz qalıb.

İşğaldan azad olunmuş torpaqlarda dağıdılmış və məhv edilmiş infrastruktur kimi məhv edilmiş ağacların bərpası da dövlətin diqqəti mərkəzində olacaqdır.

Bu gün “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Laçın rayonunda da yenidən qurma işləri aparılır, yeni infrastruktur layihələr həyata keçirilir, yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Azad Laçın əsil tikinti meydanşçasını xatırladır. Qısa zamanda istifadəyə verilən generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası, “Qorçu” elektrik yarımstansiyasının və “Həkəriçay” su anbarının inşası bunun əyani sübutudur. Laçın rayonuna səfəri zamanı cənab Prezident İlham Əliyev vurğulayıb ki, “Bu azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun böyük əhəmiyyəti vardır. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik” Yeni inkişaf dövrünü yaşayan Laçında uzunluğu 72,8 km olan Kəlbəcər-Laçın avtomobil yolu salınır və həmin yolun üzərində 3 tunelin tikintisi nəzərdə tutulub. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Prezident İlham Əliyevin rəhbərliyi tezliklə bərpa-quruculuq işləri uğurla başa çatacaq və Laçın öz doğma vətəndaşlarını qəbul edəcək abad diyara çevriləcəkdir.

Günay Məmmədli

YAP Yasmal rayonu “Azərsu” ASC üzrə

ərazi partiya təşkilatının sədri

Digər xəbərlər