10 dekabr 2020-ci il tarixdə keçirilən Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.Zəfər paradında çıxış edən Ali Baş Komandan İlham Əliyev vurğuladı ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir: “Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.
Ali Baş Komandan bir daha xatırlatma etdi ki, Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Əslində, Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salınmışdı: “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu, Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmiş, Xocalı soyqırımını törətmişdir. Ondan sonra 1992-ci ilin may ayında Şuşa şəhərinin və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu!”.
Zəfər paradında tarixi anların şahidi olduq. Şuşa azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan bayrağımız parada gətirilərək nümayiş etdirildi. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etdilər. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi qardaş xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir.
Həmin gün ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür. Zəfər paradının ən təsirli və yaddaqalan anlarından biri də qardaş türk xaqlının əsgərlərinin iştirakı idi. Qarabağda əldə etdiyimiz tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvanla birbaşa əlaqəni bərpa etmək üçün 1921-ci ildə sovet imperiyasının türk dövlətlərini parçalamaq naminə Ermənistana hədiyyə etdiyi Zəngəzur dəhlizinin açılması olacaq. Bu strateji yol Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaratmaqla yanaşı, həm türk dünyası, həm də region ölkələri üçün gələcəyə açılan bir qapıdır. Bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq bu dəhlizdən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda digər ölkələr üçün də əlavə imkanlar yaradacaq. Xüsusilə qeyd etmək lazımdır ki, Avropa ilə Asiyanı bağlayacaq əsas yolun - Zəngəzur dəhlizinin açılması bütün türk dünyasında yeni bir mərhələnin başlanğıcı olacaqdır.
YAP Lerik rayon Təşkilatının məsləhətçisi
Elman Rəcəbov