PDF Oxu

Siyasət

  • 4 386

Heydər Əliyev yaddaşlarda əbədi olaraq yaşayacaq

Heydər Əliyev yaddaşlarda əbədi olaraq yaşayacaq

Xalqların milli inkişaf yolunun banisinə çevrilən fenomen liderlər həm də böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin etmişlər. Belə siyasi liderlər dövlət hakimiyyətini ölkənin, sadəcə, bugünkü mənafeyi baxımından deyil, həm də gələcək mənafeyi baxımından təşkil etməyə, dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq optimal dövlət modeli yaratmağa nail olmuşlar. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi-praktik prinsiplər əsasında müəyyənləşdirmişdir.

Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Xalqımız tarixən milli dövlət qurmaq uğrunda davamlı mübarizə aparsa da, yalnız ötən əsrin sonlarında uzunmüddətli istiqlal mübarizəsinin məntiqi yekunu olaraq bu arzusuna qovuşmuşdur. Hələ 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etmişdir. Həmin aktda Azərbaycan xalqının eyni zamanda idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək hüququ təsbit olunmuşdur. “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüququ və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdır.

Dövlət müstəqilliyinin ilk illərində - 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirdi. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi adi hüququndan danışmaq belə mümkün deyildi.
Ölkədə ictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət çevrilişləri cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətlə alınması ulu öndər Heydər Əliyevə dövlət quruculuğu istiqamətində praktik addımlar atmağa imkan vermişdir.

Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin paralel inkişafının qeyri-mümkünlüyünü önə çəkmiş, bu sahədə ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib saymışdır. Ümummilli lider neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyulmuşdur. “Əsrin müqaviləsi”nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik prosesləri, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir.

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmış, ölkədə çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olunmuşdur. Ulu öndərin “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” deyimi Konstitusiyanın 1-ci maddəsində təsbit edilmişdir.

Əsas Qanunun qəbulu Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət ideallarına sadiqliyini bir daha təsdiqləməklə, onun beynəlxalq aləmdə daha yaxından tanınmasına, ikitərəfli və çoxqütblü əməkdaşlığının dərinləşməsinə də real imkanlar açmışdır. İlk milli Konstitusiyamızda xarici siyasətin, beynəlxalq əlaqələrin konseptual xarakterinin, məqsəd və vəzifələrinin aydın şəkildə əksini tapması da məhz ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Dövlətin idarəetmə sisteminin əsasını təşkil edən Konstitusiyanın 10-cu maddəsinə görə, Azərbaycan başqa dövlətlərlə və beynəlxalq aləmlə münasibətlərini beynəlxalq hüquq normaları və ölkənin maraqlarını nəzərdə tutan prinsiplər əsasında qurur.

Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, sürətli inkişaf yoluna qədəm qoyan Azərbaycanı cəsarətlə idarə etməyə qadir olan layiqli davamçı hazırlamışdır. Yüksək təfəkkür, zəngin dövlətçilik və idarəçilik təcrübəsi qazanmış, müasir düşüncəli, praqmatik lider İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir. Zəngin dövlətçilik məktəbindən dərs alan, təcrübəli diplomat, Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyada ən islahatçı dövlət başçılarından biri kimi qəbul edilir. Onun düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyanı bürüyən maliyyə böhranı zamanı da ən az zərər çəkən ölkə olmuşdur. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir.

Heydər Əliyev qürur hissi ilə deyərdi:”Mən həmişə fəxr etmişəm ki, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam...”. Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir övladı var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir.

Zeynalova Türanə,
Xəzər rayonu, 262№li tam orta məktəbin müəllimi

Digər xəbərlər