PDF Oxu

Siyasət

  • 2 934

“Ümummilli Lider Heydər Əliyev son yüz ilin ən böyük şəxsiyyətlərindən biri idi” ÖZƏL-MÜNASİBƏT

“Ümummilli Lider Heydər Əliyev son yüz ilin ən böyük şəxsiyyətlərindən biri idi” ÖZƏL-MÜNASİBƏT

“Dünyanın ən nəhəng dövlət adamlarından biri olan Ulu Öndər Heydər Əliyevin dekabrın 12-si anım günüdür. Dahi şəxsiyyət 19 il əvvəl bizləri tərk etdi. Zaman keçdikcə onun böyüklüyünü daha dərindən dərk edirik”. Bunu “Səs” qəzetinə açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov bildirib.A.Səmədov bildirdi ki, onun nə qədər müdrik, bacarıqlı, cəsarətli siyasi xadim olduğunu zaman keçdikcə daha yaxşı anlayırıq: “Ümummilli Lider Heydər Əliyev son yüz ilin ən böyük şəxsiyyətlərindən biri idi. Onun dövlət çevrilişi cəhdləri zamanı xalqa birbaşa müraciətləri, müxtəlif tədbirlərdə, görüşlərdə çıxışları zaman keçdikcə mütəxəssislər tərəfindən daha dərindən araşdırılacaq və Ulu Öndərin natiqlik sənəti barədə çoxsaylı elmi araşdırmalar siyasətçilərin stolüstü kitabına çevriləcəkdir. Ulu Öndər Heydər Əliyev son dərəcə savadlı, hərtərəfli biliklərə malik olan insan idi. Ancaq o, heç vaxt arxayınlaşmadı, daim oxudu, yenilikləri araşdırmaqdan, öyrənməkdən usanmadı. Dünyanın ən böyük imperiyasına rəhbərlik etmiş bu nəhəng siyasi xadim bir gün də olsun nəsə oxumadan, öyrənmədən yaşamadı. Dərin biliklərə malik olan dünyanın digər böyük şəxsiyyətləri kimi özünü heç vaxt hər şeyi bilən adam kimi göstərmədi, bilmədiyi məsələləri soruşmaqdan heç vaxt çəkinmədi. Ulu Öndər Heydər Əliyev çox yüksək mənəviyyatı olan insan idi. O, ağıla, savada, qabiliyyətə təkcə dəyər vermirdi, həm də bu keyfiyyətlərə malik insanlara imkanlar yaradır, onların üstün keyfiyyətlərinin üzə çıxması üçün əlindən gələni edirdi. Doğrudur, dəstək verdiyi, həyatını dəyişdirdiyi insanların bəziləri sonralar nankor çıxdılar, onun haqqını danmağa çalışdılar. Dövlət orqanlarında uzun illər xidməti zamanı bu hallarla dəfələrlə üzləşsə də, heç vaxt xeyirxahlığından qalmadı, istedadlı, qabiliyyətli insanların himayəçisi olmaqdan imtina etmədi. Heydər Əliyev dünyanın bəlkə də ən sədaqətli insanı idi. Onun yolunda kiçicik əziyyəti olan insanları heç vaxt unutmayan Ulu Öndər onların əməyini həmişə qiymətləndirir və bu insanlara daim diqqət göstərirdi. O, hamıya, ilk növbədə, yeni siyasətçilər nəslinin təmsilçilərinə öyrədirdi ki, insanlar yalnız sədaqətinə, dürüstlüyünə, mərdliyinə inandıqları və sonsuz güvəndikləri siyasətçilərə sadiq olur, onun üçün hər cür fədakarlığa getməyə hazır olurlar. Müstəqil Azərbaycan dövlətinin xilaskarı kimi düz 10 il istirahət bilmədən, səhhətini qətiyyən düşünmədən bizim üçün gecə-gündüz çalışdı ulu öndər. Bu səbəbdən bizi heç gözləmədiyimiz halda, vaxtından əvvəl tərk etdi. Azərbaycanın böhrandan tamamilə çıxdığı, dünya səviyyəsində rekord göstəricilərlə iqtisadi inkişafın baş verdiyi günləri görə bilmədi, böyük xilaskar. İkinci Qarabağ müharibəsində möhtəşəm qələbənin şahidi olmaq hamıdan çox onun haqqı idi. Çox təəssüf ki, Ümummilli Lider Heydər Əliyev bu qələbənin də şahidi ola bilmədi. Şuşanın azad olunduğu gün Ali Baş Komandan İlham Əliyevin Fəxri Xiyabanda ulu öndərin qəbrini ziyarət etməsi və ona qələbə xəbərini çatdırması hamımız üçün azacıq da olsa təskinlik oldu. Həmin möhtəşəm qələbə günü bir daha sübut olundu ki, Ulu Öndər Heydər Əliyev öz böyük davamçısına- “mən ona özüm qədər inanıram” deməkdə nə qədər haqlı imiş. Ulu Öndər Heydər Əliyevin bizlərdən ayrılmasından keçən müddət xalqımızın ürəyində ona olan sevgini daha da artırdı. Bu gün hər bir həmvətənimiz onun miqyasını, dünyanın ən böyük dövlət adamları ilə bir sırada durmasını daha yaxşı anlayır və haqlı olaraq bununla qürur duyur”.

Müəllif: Gülyana

Digər xəbərlər