PDF Oxu

Siyasət

  • 2 564

Heydər Əliyev - tarix yaradan şəxsiyyət

Heydər Əliyev - tarix yaradan şəxsiyyət

Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan illər öncə bu ideologiyanı, yeni yüksəliş konsepsiyasını müəyyənləşdirən Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Bu əsər dünyada söz sahibi kimi tanınan, günəş kimi doğan Azərbaycandır. Hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur.Dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hər zaman politoloqların, tarixçilərin və tədqiqatçıların daim diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır. Ulu öndər çıxışlarının birində deyirdi:"Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub".Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq, Ümummilli liderin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas ortaq cəhətləri isə Heydər Əliyevin Azərbaycana böyük nailiyyətlər qazandıran xidməti, eləcə də ölkənin inkişafında yeni tərəqqi meyillərinin geniş vüsət alması olub. Heydər Əliyevin hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə həyata keçirdiyi çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxarmışdır.Ümummilli liderin respublikaya böyük uzaqgörənliklə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü.Böyük öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan sovetlər birliyinin geridə qalan respublikalarından idi. Qısa bir müddətdə iqtisadi artım özünü göstərdi. 1969-1982-ci illərdə respublikada milli gəlir 2,6 dəfə, sənaye məhsulunun həcmi 2,7 dəfə, kənd təsərrüfatı istehsalı 2,3 dəfə artdı. 250-dək yeni iri sənaye müəssisəsi yaradıldı və ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini 2 dəfə üstələdi. Həmin illərdə 800 mindən çox yeni iş yerləri açıldı, ölkə əhalisinin sosial rifahı qat-qat yüksəldi.Həmin dövrdə respublikanın elmi-texniki potensialında da əhəmiyyətli dərəcədə yüksəldi. Ötən əsrin 80-ci illərinin əvvəllərində ölkə xaricində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi.Heydər Əliyevin böyük uğurla həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqın öz daxili iqtisadi imkanlarına və intellektual potensialına arxalanaraq, özünü tam şəkildə idarə etmək iqtidarında olan iki respublikasından birinə çevrildi.Ümummilli lider Heydər Əliyevin ikinci dəfə, ölkəmiz üçün həlledici bir dövrdə hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən biridir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər böyük quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizə qızıl hərflərlə yazılmışdır.Müstəqillik illərində ulu öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, iqtisadi tərəqqinin Azərbaycan modelini yaratdı. 1993--2003-cü illəri əhatə edən Prezidentlik dövrü ulu öndərin dünyanın nadir şəxsiyyətlərindən, görkəmli siyasi xadimlərindən biri olduğunu növbəti dəfə nümayiş etdirdi. Heydər Əliyevin siyasi müdrikliyi, qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyub. 1996-cı ildən Azərbaycan yenidən dirçəliş mərhələsinə daxil oldu. 1996-2003-cü illərdə makroiqtisadi göstəricilər 2-3 dəfə artdı, yeni sənaye müəssisəsi yaradıldı. Bu dövrdə iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulan Azərbaycanda ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlara start verildi.Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyin dayanıqlılığı, iqtisadi qüdrət, təhsil və səhiyyənin inkişafı, müasir ordu quruculuğu, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılması və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi Ümummilli liderin başlıca hədəfləri idi. Heydər Əliyevin Azərbaycana və regiona sülh və sabitlik gətirmək yolunda atdığı addımlar onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi qəbul edilməsini şərtləndirirdi.Ulu öndər Heydər Əliyevin həyat amalı azad və müstəqil bir dövlət qurmaq idi. Ümummilli lider Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görürdü.Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. Konstitusiyamız ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının, eləcə də sosial hüquqların təminatına, ümumən sosial dövlət konsepsiyasının reallaşmasına hüquqi baza yaratmışdır.Azərbaycanın inkişafında qazandığı uğurların davamlı olması üçün Ümummilli lider misilsiz fədakarlıq göstərib. Onun özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək, əldə olunmuş uğurların davamlılığını təmin edəcək davamçı-varis yetişdirməsindədir.Ulu Öndərin 2003-cü ildə xalqa müraciətində səsləndirdiyi "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikirlərin həm dahi şəxsiyyətin nə qədər uzaqgörən olduğunun, həm də cənab İlham Əliyevin bu ideologiyaya, verdiyi sözə və ən nəhayət, Ata vəsiyyətinin yerinə yetirilməsi vədinə sadiqliyinin bariz təcəssümüdür.Bu gün Ümummilli liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Xalqımız əmindir ki, əsası Böyük öndər Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.Xalqımızın görkəmli oğlu Heydər Əliyevin irsi olduqca zəngindir. Öz həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn Heydər Əliyevin keçdiyi ömür yolu bizim üçün zəngin həyat məktəbidir. Biz o tarixi öyrənməli və bizdən sonra gələn nəsillərə çatdırmalıyıq.Azərbaycan, azərbaycançılıq üçün göstərdiyi misilsiz xidmətlərə görə qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir.

Saleh MƏHƏRRƏMOV
YAP Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər