Hazırkı dünyada Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Hər kəsə məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifah halının yaxşılaşdırılmasına və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu baxımdan, Azərbaycan xalqı çox şanslıdır ki, tarix ona ulu öndər Heydər Əliyev kimi dünyamiqyaslı dahi Şəxsiyyət, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa bir zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı bəxş etmişdir.Xalqımızın son yarım əsrlik tarixi məhz ulu öndər Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçilmiş ümummilli lider Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Ulu Öndərimiz fəaliyyətinin ilk illərindən etibarən, daim öz qayğısını xalqdan əsirgəməmiş, istər I katib işləyərkən, istərsə də keçmiş ittifaqda rəhbər vəzifələrdə çalışarkən hər zaman Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutmuşdur. O, dəfələrlə xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə əleyhdarlarını susdurmuşdur. Ulu öndər Heydər Əliyev harada çalışmasından asılı olmayaraq, həmişə xalqına, vətəninə sədaqətlə qulluq etmiş, doğma Azərbaycanla heç vaxt əlaqələrini kəsməmişdir. O, Moskvada SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə də respublikanın inkişafı üçün əlindən gələni əsirgəmirdi. Ulu öndər Heydər Əliyev çox qısa bir vaxtda idarəçilik və dövlətçilik məharəti nümayiş etdirərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ona həvalə olunmuş bütün sahələr üzrə irəliləyişə nail oldu. Bu onun xarizmatik şəxsiyyəti və özünəməxsus fərdi keyfiyyətləri ilə bağlı idi. Bu istedadlı dövlət xadiminin fəaliyyəti təkcə Sovetlər İttifaqında deyil, hətta onun hüdudlarından kənarda da geniş əks-səda doğurmuşdur. Heç də təsadüfi deyildir ki, xarici mətbuatda onu "Sovetlərin dəmir müsəlman rəhbəri", "Kremldəki türk" kimi dəyərləndirirdilər. XX əsrin 80-ci illərinin sonunda Mixail Qorbaçovun hakimiyyəti zamanında İttifaq rəhbərliyi açıq-aşkar müsəlman respublikalarının inkişafına lazımi şərait yaratmır, bu respublikaların xalqları ilə ikinci dərəcəli vətəndaşlar kimi rəftar edirdi. Həmin dövrdə ölkənin ali rəhbərliyində təmsil olunan Heydər Əliyevin bu məsələdə tutduğu prinsipial və qətiyyətli mövqe onun Sov.İKP MK Siyasi Bürosunun və SSRİ Hökumətinin tərkibindən istefası ilə nəticələndi. Bunun ardınca Mixail Qorbaçovun və onun ətrafındakı millətçi erməni dairələrinin Azərbaycana qarşı məkrli təzyiqləri daha da gücləndi. Azərbaycanı parçalamaq, etnik münaqişəyə cəlb etmək məqsədi ilə tezliklə qondarma Dağlıq Qarabağ problemi ortaya atıldı. Xalq öz haqlı etiraz səsini qaldıraraq azadlıq istəyini bəyan edəndə isə qanlı 20 yanvar faciəsi törədildi. Bakı küçələrində əliyalın əhalinin üzərinə sovet tankları yeridildi. O faciəli günlərdə ümummilli lider Heydər Əliyev yenə xalqı ilə birlikdə olduğunu sübut etdi. Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Mərkəzin və Azərbaycan rəhbərliyinin xəyanətkar mövqeyini ifşa edən bəyanat verdi. Bu cəsarətli siyasi bəyanat təkcə Azərbaycanda deyil, həm də bütün keçmiş SSRİ-də yeni siyasi eranın başlanğıcı oldu. Ulu öndər Heydər Əliyevin Sovetlər İttifaqındakı böyük nüfuzundan xoflanan şovinistlər onun hər addımını nəzarətdə saxlamağa, ölkədə gedən proseslərdən təcrid etməyə çalışırdılar. Moskvanın bütün təzyiqlərinə baxmayaraq, ulu öndər Heydər Əliyev Azərbaycana qayıtmaq istəyini gizlətmirdi. Mərkəz isə bu istəyin reallaşmasına hər cürə maneçilik yaradırdı.Onu gözləyən ciddi təhlükələrə rəğmən xalqının taleyinə biganə qala bilməyən böyük siyasətçi 1990-cı il iyulun 20-də Vətənə döndü. 1991-ci il sentyabrın 3-də Naxçıvan əhalisinin təkidi ilə ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi.Ümummilli lider Heydər Əliyev Muxtar Respublikaya rəhbərlik etməyə başladığı ilk gündən dövlət quruculuğuna, idarəetmənin təkmilləşdirilməsinə, iqtisadi islahatların aparılmasına, xarici ölkələrlə əlaqələrin qurulmasına, müdafiə və hərbi quruculuq məsələlərinə ciddi fikir verildi. 1991-ci il yanvarın 13-də Ali Məclis ulu öndər Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” bəyanat qəbul etdi. Təəssüf ki, Bakı bu məsələyə laqeyd münasibət göstərməkdə davam edirdi. 20 Yanvar hadisələri yalnız ulu öndər Heydər Əliyev respublikada yenidən hakimiyyətə qayıtdıqdan sonra öz əsil siyasi qiymətini aldı. 1994-cü il yanvarın 5-də Prezidentin Fərmanı ilə parlamentə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisin bir neçə gün davam edən xüsusi sessiyasında yanvar hadisələrinin əsas səbəbləri açıqlanaraq faciənin günahkarları aşkar edildi. Ulu Öndər deyirdi: "Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə"Hamımız yaxşı xatırlayırıq ki, ümummilli lider Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarım əsrlik bir dövrünün başlıca yönünü və məzmununu təşkil edir. Ulu öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir Şəxsiyyətdir. Bu baxımdan Dahi Siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir.
ZAHİD CƏFƏROV,
YAP Yasamal rayon təşkilatı Z.Xəlilov küç.33 (BDU) ünvanı üzrə
ərazi partiya təşkilatının sədri