Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, şəhid ailələrinə dövlətimiz tərəfindən sosial qayğılarının həll edilməsi üçün ardıcıl olaraq zəruri tədbirlər görülür. Onların həyat şəraitinin yaxşılaşmasına, ictimai hüquqlarının bərpa olunmasına şərait yaradılıb. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu şəxslərə mərhəmətli qayğısı hər bir ölkə vətəndaşı tərəfindən təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, "Bütün məsələlərdə, məşğulluq, məişət problemləri, ondan sonra istənilən problem ola bilər insanın həyatında, - bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur".Bu dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiqləyir. Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Şəhid ailələrinə və müharibə əlillərinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onların sosial təminatı istiqamətində kifayət qədər tədbirlər reallaşıb.
16,7 MİNƏDƏK ŞƏXSƏ BİRDƏFƏLİK ÖDƏMƏ VERİLİB
Azərbaycanda müharibə əlillərinə sosial dəstək proqramı həyata keçirilir. Proqramın icrasında müsbət nəticələr əldə olunub. 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 16,7 minədək şəxs üzrə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə bu ödənişlər həyata keçirilib, həmin ödənişlər üçün 105,7 milyon manat vəsait yönəldilib.Proqramın icrası işləri ilk gündən operativ və proaktiv təyinat mexanizmi, vətəndaş məmnunluğu prinsipi əsasında aparılıb. Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, icra olunan yeni sosial dəstək proqramı dövlət başçısının müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara xüsusi qayğısının növbəti təzahürüdür.Birdəfəlik ödəmələrin operativ şəkildə və e-sistem üzərindən proaktiv qaydada təyin edilərək, onların bank hesablarına köçürülməsi, bu barədə çevik və ətraflı məlumatlandırılmaları, daxil olan müraciətlərin dərhal qeydə alınaraq icra üçün yönləndirilməsi və s. təmin edilib və bu proses vətəndaşlar tərəfindən də razılıqla qarşılanıb.
POSTMÜHARİBƏ DÖVRÜNDƏ 121 MİN ŞƏXSƏ SOSİAL DƏSTƏK XİDMƏTİ GÖSTƏRİLİB
Bu il 838 min şəxs sosial müavinət və təqaüdlə təmin edilib. Təkcə bu ilin 11 ayı ərizində sosial müavinətlər üzrə 36 faiz çox olmaqla 734 mln. manat, Prezident təqaüdləri üzrə 29 faiz çox olmaqla 492 mln. manat ödənilib. Statistik rəqəmlərə əsasən, yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 838 min şəxsə sosial müavinət və təqaüd ödənilib. Onlardan 470 min nəfəri sosial müavinətlə, 368 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub. Əhaliyə sosial müavinətlər üzrə 36 faiz çox olmaqla 734 mln. manat, Prezident təqaüdləri üzrə 29 faiz çox olmaqla 492 mln. manat ödənilib. Sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 418 min, o cümlədən bu ilin 11 ayında 197 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 121 min şəxsə sosial dəstək xidməti göstərilib.
GENİŞMİQYASLI SOSİAL DƏSTƏK TƏDBİRLƏRİ
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən, şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri davamlı olaraq həyata keçirilir. Şəhidlərin ailə üzvləri və müharibə veteranlarından ibarət 102 min şəxsə 114 min aylıq sosial ödəniş təyin olunub, 2,8 min şəxsə sığorta ödənişi edilib. 2021-ci ilin əvvəlindən şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olanların, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən sosial müavinətlər orta hesabla 60 faiz artırılıb. Dövlətimiz tərəfindən həyata keçirilən sosial dəstək proqramları uğurla icra olunur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirdik. İmkanlar az olanda az edirdik, imkanlar çox olanda çox edirdik, amma edirdik, bu gün də edirik və edəcəyik".
MƏNZİLLƏ VƏ FƏRDİ EVLƏ TƏMİNATIN ƏHATƏSİ DAHA DA GENİŞLƏNDİRİLİR
Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib və onlara 4100 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 300-dən çox avtomobil təqdim edilib. Ümumilikdə, ötən dövrdə bu kateqoriyalardan olanlara 13 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7500-dən çox avtomobil verilib.Onu da qeyd edək ki, yalnız 2020-ci ildə deyil, 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı şəhid olanların ailələri və bu əməliyyatlarda yaralanaraq əlilliyi müəyyən olunmuş şəxslər mənzil və ya fərdi evlə təmin ediləcək. Prezident İlham Əliyevin məlum Sərəncamı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi qayğının növbəti təzahürüdür. Belə ki, Sərəncamla "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" 25 yanvar 2021-ci il tarixli Sərəncamda dəyişiklik edilib. İlk dəyişiklik həmin şəxslərin mənzil və ya fərdi evlə təminatı üçün onların uçota alınma dövrünün daha 3 il uzadılmasını nəzərdə tutur. Yəni, 2014-cü il yanvarın 1-dən artıq 2020-ci il yanvarın 1-dək deyil, yeni Sərəncamla 2023-cü il yanvarın 1-dək mənzil növbəsinə götürülmüş şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan, habelə Sərəncamda nəzərdə tutulan digər imtiyazlı şəxslərin 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təmin olunması tapşırılır.Bu Sərəncam eyni zamanda, yalnız 2020-ci ildə deyil, 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı şəhid olanların ailələrinin və bu əməliyyatlarda yaralanaraq əlilliyi müəyyən olunmuş şəxslərin də 2021–2025-ci illərdə mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur.Göründüyü kimi, dövlət başçısının şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşların mənzillə və fərdi evlə təminatının əhatəsi daha da genişləndirilir. Qeyd edək ki, tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib. Postmüharibə dövründə onlara 4100, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib.
POSTMÜHARİBƏ DÖVRÜNDƏ 2500 QAZİYƏ REABİLİTASİYA VƏ SOSİAL-PSİXOLOJİ XİDMƏTLƏR GÖSTƏRİLİB
2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində yeni meyarlar tətbiq olunur. Yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndirilir. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülür.Şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min nəfərə 35 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 1750 şəxs 29 054 reabilitasiya vasitəsi, bu kateqoriyadan olan 376 şəxs 391 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 16,2 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 9,3 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 67,6 min şəxsə xidmətlər göstərilib və s. Bütün bunlarla yanaşı, şəhid ailələri və müharibə iştirakçıları aktiv məşğulluq proqramları, reabilitasiya xidmətləri ilə əhatə olunublar. Həmçinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində qazilər tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də digər sosial reabilitasiya xidmətlərinə cəlb ediliblər. Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır. Mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib.Özünüməşğulluq proqramı çərçivəsində müvafiq dəstək tədbirlərinin göstərilməsi də davam edir. Ümumilikdə bu ilin ötən dövrü ərzində 1000-dən çox şəhid ailəsi, qazinin özünüməşğulluq proqramına cəlb olunması və proqram çərçivəsində onlar üçün kiçik təsərrüfatların yaradılması təmin edilib. Onu da vurğulayaq ki, proqrama cəlb olunan şəxslərə istehsal, xidmət və kənd təsərrüfatı üzrə biznes zərflər təklif olunur.
"İŞSİZİN DOSTU"
Postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi ümumilikdə 121 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 257 min xidmət göstərilib. "İşsizin dostu" proqramında hazırda 7,2 min müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxs işləyir. Ölkəmizdə məşğulluq imkanlarının artırılmasında önəmli rola malik "İşsizin dostu" ödənişli ictimai işlər proqramında müharibə veteranları, şəhid ailəsi üzvləri, əlilliyi olan şəxslərə üstünlük verilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin icra etdiyi proqram üzrə hazırda 51 mindən çox şəxs işləyir ki, onlardan 7,2 mini müharibə veteranı, şəhid ailəsi üzvü, əlilliyi olan şəxslərdir. Proqram iştirakçılarının 90 faizə yaxını ölkəmizin regionlarında yaşayanlardır. Proqrama cəlb olunan hər bir şəxslə əmək müqaviləsi bağlanır. Bu da həmin şəxslərə gələcək əmək və sosial təminat, pensiya hüquqlarının yaranması üçün sosial sığorta sistemində iştirak imkanı verir.Dövlət və cəmiyyət Vətən müharibəsində iştirak edən, qəhrəmanlıqlar göstərən şəhid ailələrinə, qazilərə xüsusi hörmət, məhəbbət bəsləyir, onlara həssaslıqla yanaşır. Ölkə rəhbərliyi tərəfindən qazilərimizə, şəhid ailələrimizə dövlət tərəfindən böyük qayğı və diqqət göstərilir, onların ən kiçik problemlərinə belə həssaslıqla diqqət yetirilir.Göründüyü kimi, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Bütün görülən tədbirlər respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərən vətən oğullarımıza və onların ailələrində dövlətin qayğısı və həssas yanaşmasının göstəricisidir.
Zümrüd BAYRAMOVA