PDF Oxu

Siyasət

  • 2 151

"Zirvə Görüşünün təşkil edilməsi Türk Dünyası üçün çox ciddi hadisədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Zirvə Görüşünün təşkil edilməsi Türk Dünyası üçün çox ciddi hadisədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Prezident İlham Əliyevin Türkmənistana səfəri, Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünün təşkil edilməsi bütövlükdə Türk Dünyası üçün çox ciddi hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, qütblərarası ziddiyyətin dərinləşdiyi, qüvvələr balansının tez-tez dəyişdiyi bir çağda Türk Dünyasının bir mərkəz kimi çıxış etməsi, mövcud geosiyasi böhranın təsirlərini fürsətə çevirməsi artıq Böyük Türk Dönəminin başlamasından xəbər verir: “Aşqabaddakı cari görüşlərdə də səsləndiyi kimi, bu, 2022-ci il ərzində cənab İlham Əliyevin Türkmənistana ikinci səfəridir. Bundan öncə Qazaxıstan, Özbəkistan və Qırğızıstanla çox ciddi nəticələr doğuran çoxsaylı təmaslar baş tutmuşdu. Düzdür, türkdilli dövlətlərin təmasları, çox yüksək səviyyəli əlaqələri əvvəlki dövrdə də müşahidə olunub, lakin Azərbaycanın Vətən müharibəsindəki qələbəsi Türk Dünyası tarixində yeni bir səhifə açıb. Türkiyə və Orta Asiya arasında artıq qalib, qüdrətli Azərbaycanın, Azərbaycan rəhbərliyində isə İlham Əliyev kimi praqmatik və nüfuzlu liderin olması əsrlərdir sadəcə arzu olaraq qalan Türk Birliyi üçün yeni və real şansa çevrilib. Əlbəttə, qardaş Türkiyənin, habelə Orta Asiyadakı Türk liderlərin bu prosesdə qətiyyətli addımları və ifadə etdikləri mövqe xüsusi vurğulanmalıdır, lakin etiraf edək ki, prosesdə hərəkətverici sima məhz cənab İlham Əliyevdir. Pandemiya dövründə Türk Dövlətləri Birliyinin səylərinin birləşdirilməsi, Azərbaycanla Türkmənistan arasında Dostluq yatağı üzrə problemin köklü həlli, Türkiyə ilə Şuşa bəyannaməsi başda olmaqla, demək olar ki, bütün Orta Asiya dövlətləri ilə münasibətlərin rəsmən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi artıq Türk Dünyasını qlobal siyasi-iqtisadi təsirlər qarşısında vahid orqanizmə çevirmiş oldu. Rusiya-Ukrayna münaqişəsi ilə daha da dərinləşən Qərb-Rusiya münasibətləri fonunda Azərbaycanın mərkəz olduğu bu böyük Türk arealı Şərqlə Qərb arasında ən təhlükəsiz, səmərəli və etibarlı körpüyə və haba çevrildi. Eyni zamanda, mövcud şərait həm də bizim öz dövlətlərimiz qarşısında enerji ehtiyatları tədarükünün şaxələndirilməsi, tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi baxımdan yeni vəzifələr qoydu. Zamanında cənab İlham Əliyevin bütün maneələrə baxmayaraq böyük uzaqgörənliklə reallaşdırdığı transmilli layihələrin də əsl əhəmiyyəti məhz bu çətin məqamlarda bir daha üzə çıxdı”.Deputat sözlərinə belə davam edib: “Eyni zamanda, Azərbaycan artıq Orta Asiya üçün öz enerji potensialının Türkiyə və Qərbə realizəsi üçün mühüm tərəfdaş kimi çıxış etməyə başlamaqla, həm də qardaş dövlətlərimizin siyasi və iqtisadi müstəqiliyi üçün de-fakto qarantor kimi çıxış etməyə başlayıb. Azərbaycan-Türkiyə-Türkmənistan arasında Birinci Zirvə Görüşünün Birgə Bəyanatının qəbul edilməsi, çoxşaxəli əməkdaşlıq spektorunu əhatələyən sənədlərin imzalanması bizim bu məsələdə nə qədər qətiyyətli olduğumuzu, prosesin isə artıq geriyə dönüşünün mümkün olmadığını nümayiş etdirdi”.

Ayşən Vəli

Digər xəbərlər